Sizin reklam burada

Region Liqası və uşaq liqaları bu il keçirilməyəcək

Müəllif: football Tarix: 4-12-2020, 14:57 156 Baxış

Hakan Sünal: “Hovuzdan çıxıb, dənizdə üzmək istəyənin əlindən tutmaq lazımdı”
Pandemiya səbəbindən 2020/21 “futbol ili”ndə AFFA-nın bayrağı altında keçirilən uşaq liqalarında və Region Liqasında yeni mövsümə start veriməyib. Assosiasiyanın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev sentyabrda qəzetimizə verdiyi açıqlamada yarışların oktyabrda başlayacağını bildirsə də, artıq təqvimdə dekabr olmasına baxmayaraq, hələ ki bu yöndə heç bir səs-soraq yoxdu. Söylənilənlərə inansaq, AFFA COVID-19 səbəbindən, ümumiyyətlə, bu il müxrəlif yaş qrupu üzrə liqaların və Region Liqasının keçirilməsində maraqlı deyil.
Məsələyə aydınlıq gətirmək üçün dünən yenidən Vəliyevi aradıq. Onun söylənilənlərə reaksiyası belə oldu: “Ölkədəki mövcud durumu nəzərə alıb, müxtəlif yaş qrupları üzrə yarışların hələ ki təxirə salınmasını məqsədəuyğun sayırıq. Bildiyiniz kimi, sərt karantin rejimi dekabrın 28-dək uzadılıb. Təhsil Nazirliyi isə dekabrın 30-dək distant təhsilin davam etməsinə qərar verib. Son günlər COVID-19-a yoluxma sayının da artdığı müşahidə olunur. Belə olan halda riskə getməmək lazımdı. Fikrimcə, liqalara 2021-in fevralında start verilə bilər. Onda da durumu nəzərə alandan sonra qərar qəbul olunacaq. Region Liqasına gəlincə, burda da eyni vəziyyətdi”.
Pandemiya səbəbindən liqalarda 2019/20 mövsümü yarımçıq dayandırılıb. 9 aydı ki, ölkədə uşaq və yeniyetmələr arasında çempionat keçirilmir. Futbolla məşğul olan, müxtəlif akademiya və futbol məktəblərində “idman şahı”nın sirlərinə yiyələnən uşaq və yeniyetmələr məqlərdən uzaq düşüblər. Düzdü, yayda bir müddət məşqlərə icazə verilsə də, oktyabrdan başlayaraq, əksər akademiyalar təhlükəsizlik səbəbindən yenidən məşqlərə “stop” qoymağı lazım bildi. Bəs görəsən, yeniyetmə və gənclərin uzun müddət məşqsiz qalması onların ümumi funksional hazırlığına necə təsir göstərəcək? Gələcəkdə bunun fəsadını görəcəyik, yoxsa bir il futbolsuz qalmağın yeni yetişən nəslə heç bir təsiri olmayacaq? Bu və bizi maraqlandıran başqa suallar ətrafında “Sumqayıt” Futbol Akademiyasının rəhbəri Hakan Sünalla danışmağı lazım bildik: “Təbii ki, uşaq və yeniyetmələrin uzun müddət məşqsiz qalması yaxşı hal deyil. Ən pisi isə odu ki, biz hələ bilmirik, pandemiya 5 aya qutaracaq, yoxsa bir ilə. Bu üzdən bu mövzu haqda geniş danışmaq çox çətindi. Kiçikyaşlı uşaqların futbolsuz və məşqsiz qalması o qədər də qorxulu deyil. Heç şübhəsiz, onların da məşq etmələri lazımdı. Ancaq U-17 və U-19 komandalarında çıxış edən yeniyetmələrlə 12-13 yaşlı uşaqların durumunu eyniləşdirmək olmaz. 17-19 yaş aralığı yeniyetmələrin ən məhsuldar vaxtıdı. “Yük”ü artırmaq baxımından həssas dönəmdi. Bu üzdən onların futbolsuz və məşqsiz qalması gələcək adına yaxşı heç nə vəd etmir. Bəli, hazırda bütün dünya eyni problemi yaşayır. Ancaq Avropa ilə müqayisədə Azərbaycanda yeniyetmələrin futbola yanaşması fərqlidi. 17-19 yaşlı oyunçu meydanda özünü göstərməlidi ki, B və ya A komandanın məşqçilərinin diqqətini çəksin, daha üst səviyyədə oynamaq təklifi alsın. Bu yeniyetmələr bu gün futbolsuz qaldıqları halda necə diqqət mərkəzinə düşə bilərlər? Əslində AFFA tərəfindən heç bir klubun akademiyasına məşq qadağası qoyulmayıb. Sadəcə, klublar özləri yoluxma sayının artdığını görərək, məşqləri yasaqlayıblar. Yaxşı ki, bu gün “Sumqayıt”ın əsas komandasının baş məşqçisi Ayxan Abbasov, istərsə də əvəzedici kollektivin çalışdırıcısı Zaur Hidayətov yeniyetmələri məşqlərə dəvət edirlər, onların tonusda qalmasına yardımçı olurlar. Onlar da 17-19 yaşlı futbolçuları unutsalar, həmin oyunçular boşluqda nə edərdilər? Yenə deyriəm, qeyd etdiyim yaş aralığı bir gəncin inkişafı baxımından həssas dönəmdi. Azərbaycanda tez-tez bir söz eşidrəm: niyə Avropada 19-20 yaşlı gənc nəhəng klubların heyətində oynaya bilir, burda isə yox? Ancaq heç kim maraqlanmır ki, həmin 20 yaşlı gənc necə olub əsas heyətdə möhkəmlənə bilib, özündən daha təcrübəlilər arasında özünə yer edib? Onunla razıyam ki, hər şey yeniyetmənin, gəncin özündən asılıdı. Ancaq onu da unutmayaq ki, hovuzdan çıxıb, dənizdə üzmək istəyənin əlindən tutmaq lazımdı. Yoxsa həmin şəxs ilk dəfə girdiyi dənizdə boğula bilər. Almaniyada bu işlər, bilirsiz, necə qurulub? Hər bundesliqa təmsilçisinin əsas komandasının məşçqçilər korpusunda gənclərlə işləyən ayrıca məşqçi var. Həmin mütəxəssisin işi sırf əsas heyətə dəvət alan 18-19 yaşlı futbolçu ilə maraqlanmaqdı. Onun məişət problemlərindən tutmuş, məşqlərdə özünü necə göstərməsinə qədər hər şey həmin məşçinin üzərindədi. Bu elə yaş dönəmidi ki, həmin vaxt gənc futbolçu özünü təsdiq edib irəli də gedə bilər, A komandasında olduğu üçün özünü vaxtından əvvəl “ulduz” sayıb yolundan da azar. Məhz bunun qarşısını almaq üçün bu addım atılıb. Həmin gənc istənilən vaxt onlarla məşğul olan məşqçiyə müraciət edib, dərdini bölüşə bilir, onu narahat edən problemin həllində yardımçı olmağı xahiş edir. Məşqçi də təcrübəli mütəxəssis kimi ona lazımi məsləhətlərini verir. Siz təsəvvür edə bilərsiz ki, əsas komandaya dəvət alan hansısa azərbaycanlı yeniyetmə A komandasının baş məşqçisinin qapısını döyüb onunla danışmaq istəsin? Gördüyüm qədər burda belə şey ola bilməz. Mən demirəm ki, baş məşqçilər buna şərait yaratmırlar. Sadəcə, yeniyetmə bu addımı atmağa risk etmir. Onlar adi məşqlərdə belə baş məşqçinin səsinin tonunu qaldırmasından artıq “sönürlər”. Bu da millətin tərbiyəsindən irəli gəlir. Azərbaycanda əksər gənclər “böyük-kiçik” məsələsinə həssas yanaşır, özündən bir neçə yaş böyüklərlə danışanda onların gözlərinin içinə baxmaqdan belə həya edirlər. Fikrimcə, karantin, COVID-19 ən çox böyük futbolun astanasında olan yeniyetmələrin gələcək karyeralarına təsir göstərəcək”.
Almaniya doğumlu türk mütəxəssislə söhbətdə gələcək karyerasına da toxunduq. Qeyd edək ki, Hakan bəyin “Sumqayıt”la müqaviləsinin müddəti gələn ilin aprelində başa çatır: “Hələ ki rəhbərliklə bu haqda söhbətimiz olmayıb. Açığı, özümə qalsa, “Sumqayıt” Futbol Akademiyasında işimi davam etdirmək istərdim. Çünki akademiyada çalışan məşqçilərlə əl-ələ verib böyük işlər görməyə başlamışdıq. Ancaq pandemiya səbəbindən düşündüklərimizin cəmi 20-30 faizini reallaşdıra bilmişik. Məşqçilərlə keçirdiyimiz seminarlar bəhrə verirdi. Akdemiyanın yetirmələri bu gün əsas və əvəzedici komandaya dəvət alırlarsa, deməli, geridə qalan müddətdə gördüyümüz işlər bəhrə verib. Ən əsas odu ki, artıq akdemiyamızın öz fəlsəfəsi var, bütün işlərimizi də bu yöndə qurmuşuq. Ötən dəfə sizinlə söhbətdə bildirdiyim kimi, “Sumqayıt” Futbol Akademiyası ölkədə ilk dəfə təməlin təməlini yaradaraq, 4-5 yaşlı uşaqlardan ibarət komanda formalaşdırıb. Müxtəlif yaş qrupları üzrə çempionatlarda iştirak edən komandalarımızın nəticələri ötən illərlə müqayisədə yaxşılaşıb. Mən hər zaman başladığım işi sona çatdırmağı istəyirəm. Bu üzdən istərdim “Sumqayıt”da qalıb yarımçıq qalan işləri yekunlaşdırım. Ancaq bu məsələ sırf məndən asılıdı deyil. Son söz klub rəhbərliyinə məxsusdu”.
RƏŞAD
SON XƏBƏRLƏR