Sizin reklam burada

Rəfiyev üçün “doğan qazan” lətifəsi

Müəllif: football Tarix: 4-12-2020, 14:51 177 Baxış
Bir nəfər qonşusundan borca qazan alır. Bəli, təəccüblənməyin, belələri var. İndi qonşular arasında gediş-gəliş azalsa da, əvvəllər bir-birinin evinə hər dilək üçün gedərmişlər. Qonşusuna qazan verən adam da həlim imiş, heç kimi qapısından boş qaytarmazmış. Həmin gün də belə edir, qonşusunun istəyinə uyğun ölçüdə ona qazan verir. Üstündən bir neçə gün keçir, qonşu qazanı qaytarır. Əmanətini qəbul edən sahibi görür ki, verdiyindən kiçik ölçüdə daha bir qazan onun qazanının içinə qoyulub. Qonşusundan bunun səbəbini soruşur, o da deyir ki, gözün aydın olsun, qazanın doğub. Adam buna təəccüblənsə də, səsini çıxarmır və sevinə-sevinə hər iki qazanı evinə aparır. Ay ötür, il dolanır, bu dəfə eyni qonşusu onun qapısına daha böyük ölçüdə qazan istəməyə gəlir. Ev sahibi də ötəndəfəki hadisəni xatırlayıb qımışır, həvəslə qazanı gətirir. Xeyli müddət keçir, qonşu qazanı qaytarmır ki, qaytarmır. Bu da qazan sahibini narahat edir. Axırda dözməyib qonşusundan qazanın aqibətini soruşur, o da qayıdır ki, bəs başın sağ olsun, qonşu, qazanın öldü. Görür ki, qonşusu təəccübdən donub qalıb, sözlərinə əlavə edir: “Rəhmətliyin nəvəsi, heç qazanın doğanda təəccüblənmirdin, indi nə olub? Qazandı da, qocaldı, öldü”.
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun bu lətifəni yaxşı-yaxşı oxumasına ehtiyac var. Oxusun, sonra da ötən günləri xatırlasın. “Qəbələ”ni doğma şəhərdə qəbul edən “Sumqayıt” 0:1 hesabıyla məğlub oldu. Qonaq komanda onsuz da indiyə qədər çempionatın ən baxımlı oyunlarından birini sərgiləyən kollektivdi. Sadəcə, qol yollarındakı problem “Qəbələ”nin daha çox qələbə qazanmasına, turnir cədvəlində irəliləməsinə imkan verməyib. “Sumqayıt”la budəfəki qarşılaşmada isə “qırmızı-qaralar” istəklərinə çatdılar. Rafael Utriqin 16-cı dəqiqədə vurduğu qol görüşdə yeganə oldu və “Qəbələ”yə 3 xal qazandırdı. Mövsümün əvvəlində “Sumqayıt” yaxşı gedirdi. “Neftçi”ni məğlub edən, “Qarabağ”la oyunda heç-heçə edən “gənclik şəhəri”nin təmsilçisi bir müddət çempionatın lideri də oldu. İndi o günlər keçmişdə qalıb. Hesabında 15 xalı olan “Sumqayıt” artıq 4-cü pilləyə qədər yuvarlanıb. “Keşlə” ilə “Qəbələ”nin də “isti nəfəsi” elə də uzaqda deyil. Hadisələrin axarı onu göstərir ki, “Sumqayıt” tezliklə bu pilləni də əldən verə bilər. Bu isə klubun gənc və perspektivli prezidenti Riad Rəfiyevin planlarına heç cür daxil deyil.
Rəfiyev Elxan Məmmədovun xeyir-duası və Canni De Byazinin əliylə Azərbaycan boyda ölkənin milli komandasını özünün şəxsi oyuncağına çevirməkdədi. İllərdi perspektivli futbolçuları məhz yığmanın adıyla şantaj edib, “Sumqayıt”a dartıblar. İndi də Riadla işləmək istəməyənləri milliyə çağırmırlar. Rəfiyevin “qılıncının altından keçməyənlər”in üzünə qapılar bağlanır. Necə ki, “Zirə”nin futbolçusu Ağabala Ramazanovun başına hazırda bu oyunu açırlar. Zaur Ramazanovun ortaya qoyduğu faktarı təkzib etmək üçün sinəsini irəli verən hələ də tapılmayıb. Bu haqda daha sonra söhbət açarıq, indilik “Sumqayıt”ın üzüaşağı yuvarlanmasından danışmağa davam edək. Onu deyirdik ki, özünü mahir futbol bilicisi, lider komandaya layiq rəhbər kimi aparmağa çalışan Riad Rəfiyevin “Sumqayıt”ın düşdüyü vəziyyətə don geydirməyə çalışacağı gözlənilən idi. Artıq bu prosesə də start veriblər. Bəhanələri də hazırdı – koronavirus. AFFA-nın “fikir atası” Vaqif Sadıqov da milli komandamızın ardıcıl 4 oyunda qol vura bilməməsinə səbəb axtararkən pandemiyadan bəhrələnməyə cəhd göstərmişdi. Unudurlar ki, pandemiya bütün dünyanı, onun futbolunu bürüyüb, təkcə “Sumqayıt”la bizim millini yox. Deməli, şərtlər hamı üçün eynidi.
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov da “Qəbələ” ilə oyundan sonrakı mətbuat konfransında məhz Riad Rəfiyevin diliylə oyunçu qıtlığından əziyyət çəkdiyini, meydana buraxmağa futbolçu tapmadığını deyir. Necə olur, klubun menecer-prezidenti vaxtında uzaqgörən planlar qurmayıb, ehtiyat oyunçular skamyasını geniş tutmayıb? Ay sizi, dəcəllər. Noyabrın 30-da açıqlanan rəqəmlərə görə, “Sumqayıt”da yalnız Səbuhi Abdullazadə qorxulu virusa yoluxmuşdu, o da xeyli vaxtdı sağalıb. Həmin gün “Qəbələ”nin 6 futbolçusu aktiv koronavirus xəstəsiydi və evdən çıxmaları qadağan olunmuşdu. Niyə Elmar Baxşıyev bu vəziyyətdən çıxış yolu tapa bilir, amma Ayxan Abbasov yox?! Yaxşı sualdı. Cavabını mən yox, Abbasovla Rəfiyev bilməlidi. Ayxan bəy yenidən çempionatın dayandırılmasını arzulayır, PFL-in oyunu təxirə salmamasından şikayətlənir. Belə yerdə deyiblər, Rəfiyevin ağzında şirə qalıb. Pandemiyaya görə avrokuboklara vəsiqə qazananda yaxşı idi, indi zəhmət çəkib oynamaq lazım gələndə ah-nalə edirsiz. Bəs bilmirdiz ki, bir gün doğan qazan sabah ölə də bilər...
SON XƏBƏRLƏR