Sizin reklam burada

“Araz”ın oyunçuları məğlubiyyətə bir neçə səbəb göstərdi

Müəllif: football Tarix: 4-12-2020, 14:48 128 Baxış

Rövşən Hüseynli: “Zalda daha çox məşq edib, daha yaxşı hazırlaşsaydıq, AEK-i rahat keçərdik”
“Araz” ötən şənbə futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində Yunanıstan AEK-iylə qarşılaşdı. Afinada keçirilən oyunun əsas vaxtı bərabərliklə bitdi – 3:3. Bu üzdən əlavə vaxt oynanıldı, lakin tərəflər qol vurmağı bacarmadı. Penalti seriyasında isə daha dəqiq olan Yunanıstan klubu növbəti mərhələyə yüksəldi.
Oyunla bağlı “Araz”ın üzvüləri ilə əlaqə saxlayıb, fikirlərini və məğlubiyyətin səbəblərini öyrəndik. Namiq Məmmədkərimov qarşılaşmaya istədikləri kimi hazırlaşa bilmədiklərini dedi: “Məğlubiyyətimiz pandemiya ilə bağlıdı. Çünki təxminən 8 ay idi zalda məşq etmirdik. Bu baxımdan üstünlük rəqibdə idi. Onlar artıq 10-12 tur zalda oyun keçirmişdilər. Mübarizəni dayandırmağımızın günahı özümüzdədi. Keçiləsi komanda idi. Hesabda geri düşsək də, ikinci hissədə toparlandıq, oyunumuzu tapa bildik. Qol vurduq, sonradan yenə qol buraxsaq da, hesabı 3:3 etdik. Sonda penalti zərbələrinə ehtiyac duyuldu. Bunun isə bəxtlə bağlı olduğunu bilirsiz. Rəqib daha şanslı oldu”.
Komandanın qapıçısı Rövşən Hüseynli də pandemiya ilə bağlı istənilən səviyyədə məşq edə bilmədiklərini söylədi: “Məğlubiyyətin əsas səbəbi indki durum, koronavirusun yaratdığı çətinliklərdi. Bu vəziyyətə görə son oyunumuzu martın 2-də keçirmişdik. Həmin qarşılaşmadan sonra karantin elan olundu və uzun müddət oynaya bilmədik. 7 ay, ümumiyyətlə, məşq etmədik, hər kəs bacardığı qədər evdə fərdi məşqlər edirdi. Təbii ki, ev şəraitində olan 10 məşq komanda şəklində olan bir məşqə bərabər deyil. Oktyabrın ortalarından hazırlığa başladıq. Qapalı yerlərdə məşqlərə icazə verilmir, bu da bizim üçün çətinlik yaratdı. Hazırkı vəziyyətdə mümkün qədər əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Əvvəlcə stadionda müəyyən fiziki məşqlərimiz oldu. Oyunlarımız zalda keçirilsə də, biz açıq meydanlarda hazırlıq keçdik. Oyundan əvvəlki son 8-9 məşqimiz yenə açıq havada, beton üzərində - terafleks örtükdə oldu. Bu vəziyyət bizə oyuna tam hazırlaşmağa imkan vermədi. Bu da meydana özünü göstərdi. Oyundan əvvəl UEFA tərəfindən 1 saat təyin olundu və həmin müddətdə parket zalda məşq keçdik. Təsəvvür edin, 8 aydan sonra futzal meydanında cəmi 1 saat məşq edib, oyuna çıxırsız. Rəqib isə daxili çempionatda 12 tur keçirmişdi. Bundan əlavə, milli komanda ilə hazırlıq və oyunlar da keçirmişdilər. Bizdə hazırlıqdan başqa da problem vardı. Dörd iranlı futbolçumuza viza verilmədi. Belə olan halda AEK-lə matça daha gənc heyətlə getməli olduq. Oyun bizim üçün yaxşı başlamadı. Rəqib hərtərəfli daha hazırlıqlı idi. İlk hissə bizim üçün çox çətin keçdi. Meydan belə adama yad gəlirdi. İkinci hissədə qismən uyğunlaşdıq. Hesabda 1:3 geridə olsaq da, 2 qol vurub, oyunu penaltilərə qədər apara bildik. Bu, əlimizdən gələni etməyimizin nəticəsi idi. 8 ay futzaldan uzaq olan komanda hərtərəfli hazırlıqlı rəqibə qarşı mübarizə aparırdı. Sonda penalti seriyasında AEK daha dəqiq oldu. Mərhələni keçən tərəf biz ola bilərdik, 1 penaltini qaytarmışdım, üstünlüyümüz vardı. Sadəcə, deyildiyi kimi, penaltilər “lotereya” kimidi. Zalda daha çox məşq edib, daha yaxşı hazırlaşsaydıq, AEK-i rahat keçərdik. Amma təəssüf ki, vəziyyət belədi. Tək bizdə yox, bütün dünyada eyni çətinlikdi. Mövcud vəziyyətin tezliklə düzəlməsini istəyirik. Qarşıdakı oyunlara köklənib, daha yaxşı hazırlaşmaq və bizi sevənləri, yanımızda olanları sevindirmək istəyirik”.
Tofiq Mikayılovun fikirləri isə belə oldu: “Pandemiya ilə bağlı zallar bağlıdı, məşqlərimiz az oldu. Bu oyuna təxminən 20-25 gün hazırlaşa bildik. Qarşılaşmaya gəlincə, komanda çox yaxşı oynadı. Hansısa göstəricidə rəqibdən geri qalmadıq. Sadəcə, AEK artıq çempionatda 10-12 tur keçirib, biz isə hələ məşq edə bilmirdik. Bu amil müəyyən qədər bizə mane oldu. Hesab 3:3 oldu, oyun penalti seriyasına getdi. Penaltilər də 50 faiz şans deməkdi. Şükür ki, ağır məğlubiyyət yaşamadıq. Keçirdiyimiz məşqlərlə yaxşı oyun göstərdik”.
AYGÜL
SON XƏBƏRLƏR