Çərşənbə axşamı AFFA İntizam Komitəsinin iclası keçirilib. Toplantıda premyer-liqanın 11-ci, birinci divizionun 7-ci turunda yaşanan qayda pozuntuları müzakirəyə çıxarılıb, müvafiq sanksiyalar tətbiq olunub.
“Keşlə” – “Sabah” oyununda meydan sahiblərinin futbolçusu İlkin Qırtımov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə aldıqdan sonra hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klub 3200 manat cərimələnib. “Keşlə”ni Con Kamara da ziyana salıb. Futbolçu qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılıb ki, buna görə 1 oyun cəzalanıb. Klub isə 200 manat cərimələnib.
“Sumqayıt” – “Qəbələ” görüşündə meydan sahibləri və qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə hərəyə 800 manat cərimə ödəməli olacaqlar.
Diviziona gəlincə, “Zaqatala” – “Keşlə-2” matçında topdaşıyan və xərəkdaşıyan şəxslərin yaş həddi pozulub ki, bu səbəbdən meydan sahibi klub 80 manat “tərləyəcək”.
“Neftçi-2” – “Qaradağ Lökbatan” oyununun 81-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Famil Camalov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Komitə onu 4 oyun cəzalandırıb, klubu 320 manat cərimələyib.
“Kəpəz” – “Turan Tovuz” qarşılaşmasında gəncəlilərin 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimələnib. Meydan sahiblərini baş məşqçi Yaşar Vahabzadə də ziyana salıb. Mütəxəssis hakimi təhqir etdiyi üçün 5 oyun cəzalanıb, klub 400 manat cərimələnib.
Beləliklə, klublara ümumilikdə 5880 manat cərimə kəsilib. Nəticədə mövsümün əvvəlindən cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 35 min 440 manata çatıb.