Sizin reklam burada

Turdan məqamlar

Müəllif: football Tarix: 4-12-2020, 14:36 124 Baxış
Turdan məqamlar

Turun…
...laqeydliyi...

FİFA-ya üzv olan bəzi ölkələrin çempionatlarında keçirilən oyunlardan öncə birdəqiqəlik sükut elan olunur. Bununla bağlı dünyanın ali futbol qurumu 211 assosiasiyaya müraciət ünvanlayıb. Noyabrın 25-də, 60 yaşında vəfat edən əfsanəvi Dieqo Maradonanın xatirəsinin məhz belə anılması xahiş olunub. Lakin bizim çempionatın heç bir qarşılaşmasında bunun şahidi olmadıq. Səbəbi öyrənmək üçün PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq: “Burda məcburiyyət yox idi. Biz də birdəqiqəlik sükuta ehtiyac duymadıq”.
...debütü...
Ardıcıl 3 qarşılaşmada rəqiblərinin qapısından 18 top keçirən “Qarabağ”ın “Səbail” səfərində büdrəməsi futbol ictimaiyyətini təəccübləndirdi. 1:1 hesabı ilə bitən qarşılaşmadan sonra media nümayəndələri üçün yaxşı mənada sürpriz olan daha bir hadisə baş verdi. “Səbail”in Törə Əhmədovadan sonra boş qalan mətbuat katibi vəzifəsi yenə xanıma tapşırılıb. Mehriban Mürsəlova məhz “Qarabağ”la oyunda “debüt etdi”. Həm təyinatına görə təbriklərimizi çatdırmaq, həm də hisslərini bölüşməsi üçün xanım həmkarımızla əlaqə saxladıq: “Təbrikinizə görə təşəkkür edirəm. Mən bir müddətdi ölkə futbolu ilə maraqlanırdım. “Səbail”də mətbuat katibi vakansiyasının hazırda boş olduğunu gördüm və müraciət etdim. Ölkə futboluna daha yaxın olmaq üçün fürsət yaranmışdı, bunu dəyərləndirdim. Daha sonra müsahibəyə dəvət aldım və uğurla keçdim. Beləliklə, klubla 3 aylıq sınaq müddəti şərti ilə razılaşdıq. Rəhbərlik, kollektiv çox səmimi və mehriban qarşıladı. Buna görə də tez uyğunlaşdım. Mənə olan güvəni gördüyümə görə mətbuat konfransında həyəcanlı deyildim. Beləliklə, hər şey uğurlu alındı”.
...hörmətsizliyi...
“Keşlə” – “Sabah” oyununda gərgin mübarizə ilə yanaşı, millimizin üzvü Təmkin Xəlilzadənin hərəkətləri də diqqəti çəkdi. Koronavirusdan sağalaraq Xorvatiyadan dönən futbolçu oyunu jurnalistlər üçün ayrılan sektordan izləyirdi. Müdafiəçi özünü “ASK Arena”nın sahibi kimi hiss edirdi. O, ayağını sektorları ayıran dəmir arakəsməyə söykəməklə yanaşı, tibbi maskasını da taxmamışdı. Birinci məsələyə görə stadionun təhlükəsizliyini qoruyan polis əməkdaşı futbolçuya xəbərdarlıq etdi. Daha sonra AFFA nümayəndəsi Aslan Şahgəldiyev də Xəlilzadədən tibbi maskasını tələb etdi. Ümumiyyətlə, cəza, zədə və ya başqa səbəb üzündən oyunu buraxmalı olan futbolçuların media sektorunda əyləşmək icazəsi varmı? Bu məqamı dəqiqləşdirmək üçün elə Aslan bəyə müraciət etdik: “Həmin hadisə zamanı Təmkin mənə çay içdiyinə görə maskasını çıxardığını bildirdi. Mən də düşündüm ki, fasilə olduğu üçün jurnalistlər olan sektorda əyləşib. Ümumiyyətlə, futbolçu media nümayəndələri üçün ayrılan yerdə əyləşə bilməz. Jurnalistlər belə hallarda AFFA nümayəndəsinə məlumat verməlidi. Onlar üçün ayrılan A zonası var. Pandemiya şəraitində həmin yerlərdə olmalıdılar. Maska taxmamaq məsələsində isə Təmkin daha ehtiyatlı olmalıdı. Çünki o, infeksiyaya yoluxaraq saxalıb. Bütün dezinfeksiya qaydalarına riayət etməlidi. Çünki jurnalistlər hər həftə COVID-19 testindən keçmirlər. Hansısa media nümayəndəsi daşıyıcı olsa, futbolçu da yoluxacaq. Bu da bütün komandanı riskə atır. Bu səbəbdən də bütün futbolçular ehtiyatlı olmalıdılar”.
...etirazı
Turun heç-heçə bitməyən yeganə oyunu Sumqayıtda keçirildi. “Kimyaçılar” doğma meydanda “Qəbələ”yə məğlub oldu. Sürətli keçməyən dueli maraqlı edən bir məqam var idi. Matçın AFFA nümayəndəsi, veteran futbolçu Asif Əliyevin hər iki komandanın qaçırdığı qol imkanlarına reaksiyasını görməyə dəyərdi. Asif bəy futbolçuların ustalıq səviyyəsindən narazılığını gizlətmirdi. Görəsən, veteran futbolçu həmin anlarda fərqlənə bilərdi? Qaçırılan imkanlara reaksiyasını Asif bəy belə izah etdi: “Ustalıq səviyyəsi azdı deməzdim, amma futbolçular uzaqdan zərbə vurmurlar. Cərimə meydançasına girib ordan fərqlənmək istəyirlər. Ə, bir qapıya 30-35 metrdən zərbə vur, oyuna maraq qat! 90 dəqiqə ərzində sönük oyun izləyirik. Vallah, mən həmin epizodlarda uzaqdan zərbə ilə 2 qol vurardım. Oyun ərzində dəfələrlə buna cəhd edərdim. Guya bunlar düşünürlər ki, daha dəqiq oynasınlar. Oyunun marağı ölür axı. Sən bir cəhd elə, bəlkə top kiməsə dəyib, qapıya daxil oldu. Ya da qapıçı qaytarandan sonra komanda yoldaşının qarşısına düşdü. Təkcə həmin oyunda yox, başqalarınds da belədi. Birinci divizionun “Sumqayıt-2” – “Zaqatala” matçında idim. Oyun 0:0 bitdi. Konkret heç nə yaşanmadı da. Heç kim zərbə vurmağa cəhd etmir. Yenə deyirəm, mən 4-5 dəfə qapıya zərbə vurmağa cəhd edərdim. Uzağı bilirdim ki, qayıdan topu Şıxlarov qapıya göndərəcək”.
İLKİN SULTANLI
SON XƏBƏRLƏR