Sizin reklam burada

“Səbail” 7-ci cəhddə “Qarabağ”dan xal ala bildi

Müəllif: football Tarix: 3-12-2020, 12:42 223 Baxış

44. Səbail – Qarabağ (Ağdam) 1:1 (0:0)
96. Nikolas Hagen – 5,5
3. Turan Manafov – 5,5
55. Adil Nağıyev – 5,5
16. Peyman Keşavarzi – 5,5
34. Urfan Abbasov (k) – 5,5
28. Məqsəd İsayev – 5,0
17. Elçin Rəhimli – 5,5
8. Bəxtiyar Rəhmani – 5,5
9. Florian Kadriu – 5,5
27. Hendrik Ekşteyn – 5,0
(99. Bahadur Həziyev, 90+2) – qiymətsiz
29. Amil Yunanov – 6,0
(77. Ədilxan Qarəhmədov, 78) – qiymətsiz
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
2. Arsen Ağcabəyov
26. Kamal Qurbanov
6. Orxan Qurbanlı
13. Əli Sadıxov
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Amil Yunanov

12. Emil Balayev – 5,5
44. Elvin Cəfərquliyev – 5,0
81. Kevin Medina – 5,5
2. Qara Qarayev (k) - 5,5
77. Vild-Donald Gerye – 5,5
18. İsmayıl İbrahimli – 6,0
19. Filip Ozobiç – 5,5
9. Xayme Romero – 5,5
8. Uroş Matiç – 5,5
27. Toral Bayramov – 5,0
(10. Abdulla Zubir, 46) – 5,5
7. Kvabena Ovusu – 5,0
(11. Mahir Emreli, 46) – 5,5
Ehtiyat oyunçular
1. Şahruddin Məhəmmədəliyev
94. Ayhan Arazlı
21. Rauf Hüseynli
24. Nihad Tamazov
29. Zamiq Əliyev
99. Hüseyn Hüseynzadə
Məşqçi: Elçin Rəhmanov
Komandanın ən yaxşısı: İsmayıl İbrahimli
Qollar: A.Yunanov, 57-p. (1:0). V-D.Gerye, 64 (1:1, A.Zubir).
Vərəqə: E.Cəfərquliyev, 56 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ELÇİN MƏSİYEV, Qəzənfər Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev (hamısı Bakı).
Hakim-inspektor: Ömər Paşayev (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
29 noyabr. Bayıl. “ASCO Arena”. Tamaşaçısız.
Yalnız ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
6 oyuna 6 məğlubiyyət – “Səbail”in “Qarabağ”la indiyəqədərki ev oyunlarının qorxunc balansı var idi və belədə “dənizçilər” həyəcanlanmaya bilməzdi. Üstəlik hər iki tərəfin heyətində ciddi itkilərə səbəb olan koronavirus təhlükəsini də unutmamalıyıq. “Qarabağ”ın sıx qrafik üzrə oynadığını, bir gün əvvəl doğma Ağdama gedib-qayıtdığını, Qurban Qurbanovun də xəstələndiyini nəzərə alsaq, “Səbail”, nəhayət, evdə bu komandadan ilk dəfə xal almalıydı. Sonda elə belə də oldu.
Oyuna fəal başlayan qonaqlar artıq 3-cü dəqiqədə hesabı açmağa yaxın idi. Ancaq sol cinahdan cərimə meydançasına daxil olan Toralın iti bucaq altından zərbəsini Hagen qaytardı. İlk 15 dəqiqədə “Səbail” mərkəzi keçməkdə çətinlik çəkirdi. Amma start həyəcanı aradan qalxandan sonra xüsusən də Turanın fəal olduğu sol cinahdan vaxtaşırı rəqib müdafiəçilərin arxasına göndərilən, Amilin sürətinə hesablanan ötürmələr sayəsində oyunun axarı dəyişdi. Rauf Əliyevi unutdurmağa çalışan Yunanov 23-cü dəqiqədə zərbə mövqeyinə çıxsa da, bir qədər gecikdi. 27-ci dəqiqədə İsmayıl Hagenin, Ekşteyn Balayevin sayıqlığını yoxladı. 35-ci dəqiqədə Ozobiç bunların ikisinə də zərbəni necə vurmağın lazım olduğunu göstərdi. Onun cərimə meydançasının qövsü üzərindən endirdiyi zərbədən sonra tirə çırpılan top meydanı tərk etdi. 45-ci dəqiqədə Ovusu əlverişli mövqedən dəqiq zərbə endirə bilmədi və bununla da Elçin Rəhmanova ilk dəyişikliyin özü ola biləcəyinə dair mesaj verdi.
Amma oyunun axarından razı qalmayan Rəhmanov Ovusu ilə yanaşı, Toralı da meydandan aldı, Mahirlə Zubirin şəxsində zərbə qüvvəsini döyuşə atdı. Bir qədər irəli gedib deyim ki, Gerye hesabı bərabərləşdirərkən ona məhz Abdulla ideal ötürmə verdi. 53-cü dəqiqədə Mahir meydanda varlığını göstərmək fikrinə düşdü və təxminən 25 metrdən qapıya möhtəşəm zərbə endirdi. Hagen uzaq “9-luğ”a yönələn zərbəni ustalıqla dəf etdi. Bundan 3 dəqiqə sonra “Səbail” hesabı açdı. Ekşteyndən ötürmə alan Amil artıq neçənci dəfə cərimə meydançasına daxil olunca Elvin Cəfərquliyevin yüngülcə təması ilə üzləşib yerdə qaldı. Səbəbkar penaltini dəqiq yerinə yetirməklə komandasına böyük sevinc yaşatdı. Amma “Qarabağ” kimi rəqiblə oyunda bir top önə çıxmaq hələ qələbə deyil və tezliklə bu həqiqətə meydanda şahid olduq. Çoxgedişli kombinasiyanın ardından Zubir topu cərimə meydançasına – müdafiəçilərin arxasına göndərdi. Və burda gözəgörünməz adam kimi peyda olan Gerye Məqsədin müqavimətinə rəğmən, topu tora sanca bildi. Hətta bu hesabın da “Səbail”i qane etdiyi gün kimi aydın idi. Bu üzdən “dənizçilər” böyük qüvvə ilə müdafiə olunurdular. Qonaqlar isə belə müdafiəni yarmağın ağıllı variantlarını sona qədər tapa bilmədilər. Onlar topu az qala Hagenin qapısına qədər daşımaq istəyirdilər ki, bu da effekt vermirdi. Hə, uzaqdan zərbələr də var idi. Məsələn, Qara 70-ci, Ozobiç 79-cu, Matiç 84-cü dəqiqədə bəxtini sınadı. Ancaq zərbələr ya qapıdan aralı keçir, ya da Hagen inamlı oynayırdı. Komandasının qapısına penaltiyə səbəbkar olan Elvin oyuna artırılan 2-ci dəqiqədə, “Qarabağ”ın sondan əvvəlki hücumunda qəhrəman olmağa yaxın idi. Kadriu topu qapıdan uğursuz şəkildə uzaqlaşdırdı, təxminən penalti nöqtəsi yaxınlığında ona yiyələnən Cəfərquliyev isə uzaq “9-luğ”a düşməyə borclu idi. Beləliklə, “Qarabağ” “Zirə” ilə xal fərqini artırmaq imkanını qaçırdısa, “Səbail”, nəhayət, evdə ağdamlılardan xal ala bildi.
HUŞƏNG

Reaksiyalar
Elçin Rəhmanov: “Oyunun ağır keçəcəyini bilirdik. Çünki qrafikimiz sıxdı, meydança süni örtüklü idi. Buna baxmayaraq, uşaqlar yaxşı oyun sərgilədi və 1 xal qazandıq. Ağdama səfərin bugünkü oyuna təsiri? İstər-istəməz yorğunluq oldu. Bilirsiz ki, Ağdamda dövlət tədbiri keçirilirdi və bizim də orda olmağımız vacib idi. Bu üzdən komanda şəklində Ağdama getməli olduq. İnşallah, yaxın gələcəkdə ev oyunlarını “İmarət”də keçirəcəyimizə ümid edirik. Qurban Qurbanovun səhhətində müəyyən problemlər var. Bu gün oyuna gəlməsini lazım bilmədik. Bazada qalır. İlk koronavirus testi pozitiv çıxıb, hazırda vəziyyəti yaxşıdı, yenidən test verəcək. Mahirlə Zubir meydana çıxandan sonra rəqibi meydanın özünə aid hissəsinə sıxışdıra, canlanma yarada bildik. Amma süni örtük üzündən həmişə bizə burda oynamaq çətin olub. “Səbail”in oyununu da qeyd etmək lazımdı. Çox ağıllı komandadı”.
Aftandil Hacıyev: “Hər iki komandanın heyətlə bağlı ciddi itkiləri var idi. Bundan başqa, “Qarabağ” sıx qrafiklə oynayır. Koronavirus artıq çempionatımıza da təsir edir. Bu gün əsas heyətimizin 4 üzvü (Rahid Əmirquliyev, Rauf Əliyev, Əfran İsmayılov və Vüqar Bəybalayevi nəzərdə tutur – H.) meydana çıxa bilmədi. Amma bu itkilər oyunumuza təsir etmədi. Cari mövsümdəki ən yaxşı oyunlarımızdan birini keçirdik. İlk hissədə qol vəziyyətlərimiz oldu. Əks-hücumlardan yararlana bilmədik. Buna baxmayaraq, həm oyunumuzdan, həm də futbolçulardan razıyam. Hesabımıza 1 xal yazdıq, hətta deyərdim ki, qələbəyə layiq oyun göstərdik. Rəqibin kimliyini də nəzərə almaq lazımdı. “Qarabağ” keyfiyyətli oyunçulara sahibdi. Oyunun çox hissəsini müdafiədə keçirməyimiz rəqibin ustalıq səviyyəsindən irəli gəlir. Amil azsaylı yerli hücumçulardandı ki, oyunu ilə seçilir. Təbii ki, hələ ideal formasından uzaqdı. Hazırlığı sona qədər oynamağa imkan vermir. Bu gün Amilin oyunundan razı qaldım. Amma daha yaxşı oynaya bilər”.

Gözdən qaçmadı
* Sentyabrın 27-dən – müharibə başlayandan bəri hər ev oyununa fərqli pankartla çıxan “Səbail” bu dəfə rəqib “Qarabağ” olduğuna görə “Əziz Ağdam, qayıdışın mübarək! Gələn mövsüm “İmarət”də görüşək!” şüarından yararlanmışdı.
* “Səbail”in Törə Əhmədovadan sonra boş qalan mətbuat katibi vəzifəsi yenə xanıma tapşırılıb. Mehriban Mürsəlova məhz “Qarabağ”la oyunda “debüt etdi”. “Səbail”in 1 xal qazandığını nəzərə alsaq, onun debütünü uğurlu saymaq olar.
* Mahirin irəlidə zərbə mövqeyinə çıxmaqda çətinlik çəkdiyini görən Qara ona ərklə “arxaya gəlmə, orda dayan” dedi ki, hücumçu da “durum da, axı mənə top gəlmir”, - deyə narazılığını gizlətmədi.
SON XƏBƏRLƏR