Sizin reklam burada

Nazarovun narazılığı nəzərə alınmadı

Müəllif: football Tarix: 3-12-2020, 12:37 97 Baxış

Moldova çempionatında 21-ci turun oyunları keçirilib. Gənclərdən ibarət yığmamızın sabiq üzvü Dmitri Nağıyevin formasını geydiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda “Buyukani” ilə münasibətləri aydınlaşdırıb. Nağıyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1. Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Cari mövsümdə 1 qol vuran Dmitri bu dəfə fərqlənə bilməyib. Hesabında 29 xal olan “Dinamo-Avto” 10 komandanın sıralamasında 5-ci pillədə qərarlaşıb.
İspaniya sequndasında 15-ci turun oyunları reallaşıb. Milli komandamızın yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geydiyi “Albasete” doğma meydanda “Tenerife” ilə qarşılaşıb. Qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə bitib. İsrafilov 71-ci dəqiqədə meydana çıxıb. “Albasete” 10 xalla 22 komanda arasında sonuncu pillədə qərarlaşıb.
“Adanaspor”da koronavirusa kütləvi yoluxma qeydə alınıb. Bu haqda TFF 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə klub üzvlərindən götürülən son COVID-19 testlərindən 30-nun pozitiv çıxdığı diqqətə çatdırılıb. Koronavirusa yoluxanların 21-i futbolçudu. Əvvəlki günlərdə də koronavirusa yoluxanlar olduğundan, hazırda “Adanaspor”da ümumilikdə 40 nəfər karantindədi ki, onlardan 29-u futbolçudu. Yaranmış vəziyyəti nəzərə alan Türkiyə Futbol Federasiyası komandanın “Boluspor”la matçını təxirə salıb. 1-ci liqanın 11-ci turu çərçivəsində dünən keçirilməsi nəzərdə tutulan görüşün başqa tarixdə baş tutacağı qeyd olunub. Qeyd edək ki, Araz Abdullayevin formasını geydiyi “Boluspor”da da koronavirusa kütləvi yoluxma var. Bu komandanın da azı 10 futbolçusunda COVID-19 aşkarlandığı üçün karantinə alınıb. Hətta Araz Abdullayev də komandanın son dövrlərdə baş tutan məşqlərinə qatılmır və bu, onun da koronavirusa yoluxduğuna dair ehtimalları artırır.
Almaniyanın ikinci bundesliqasında 9-cu turun oyunları çərçivəsində Dmitri Nazarovlu “Ertsgebirge” də növbəti oyuna çıxıb. Aue təmsilçisi səfərdə “Sandhauzen”lə münasibətləri aydınlaşdırıb. Yığmamızın yarımmüdafiəçisinin komandası meydanı inamlı qələbə (4:1) ilə tərk edib. Əvvəlki qarşılaşmalarda sonradan meydana çıxan və buna görə narazılığını açıq şəkildə bildirən Nazarov bu dəfə 90-cı dəqiqədə oyuna qoşulub. 15 xala malik “Ertsgebirge” 18 komandanın sıralamasında dördüncüdü.
Ukrayna premyer-liqasında 11-ci turun görüşləri keçirilib. Yığmamızın müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” dogma meydanda turnir cədvəlinin son pilləsində qərarlaşan “Rux”u sınağa çəkib. Tərəflərin cəhdlərinə rəğmən, hesab açılmayıb. Oyunu əvəzlənmədən keçirən Paşayev 83-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. “Aleksandriya” 14 komanda arasında 15 xalla 7-ci pillədə yer alıb.
Çexiyanın ikinci divizionunda 10-cu turun oyunları baş tutub. Fərid Nəbiyevin “Viktoriya”sı da növbəti görüşünü keçirib. Jijkov təmsilçisi doğma meydanda Praqa “Dukla”sı ilə münasibətləri aydınlaşdırıb. Rəqibin 2:0 hesablı qələbəsiylə bitən oyunda Fərid 85-ci dəqiqədə meydana çıxıb. Cari mövsümdə 1 qol vuran futbolçu bu dəfə fərqlənə bilməyib. Hesabında 18 xal olan “Viktoriya” 3-cü pillədə qərarlaşıb.
Gürcüstan çempionatının 16-cı turunda Nicat Qurbanovlu “Samtredia” evdə Batumi “Dinamo”suna uduzub – 1:2. Futbolçumuzun adı oyunun iştirak ərizəsinə salınmayıb. “Samtredia” 10 komandanın mübarizəsində 19 xalla 7-ci yerdədi.
SON XƏBƏRLƏR