Sizin reklam burada

Minskdə bizimkiləri niyə tanısınlar?!

Müəllif: football Tarix: 3-12-2020, 12:33 159 Baxış
FİFA meneceri, eyni zamanda həmkarımız olan Erkin İbrahimovun qəzetimizə verdiyi müsahibəni oxudum. Əksər fikirləri ilə ikiəlli razılaşmamaq mümkün deyil. Həmin müsahibədə diqqətimi ən çox çəkən məqamlardan biri isə bu oldu: “Belaruslar milli səviyyəsində bizim futbolçulardan heç kimi tanımırlar”. Bundan böyük acı həqiqət təsəvvür etmək belə olmaz. Hələ uzaq 2007-ci ildə milli komandamızın nəticələrinə görə Şahin Diniyevi asıb-kəsirdim. Almatıda yaşayırdım, hadisələrin mərkəzindən uzaq, ölkə futbolunun reallıqlarından bixəbər idim. Onda dəyərli Mahir Rüstəmli mənə belə bir cümlə yazmışdı: “Bəzi məsələlər var ki, onlar Diniyevdən asılı deyil. Bizim hazırkı futbolçu nəslinin içində nəinki Avropada, heç qonşu Rusiya və Türkiyənin aşağı divizion klublarında oynayacaq səviyyədə olanı yoxdu”. Bu cümlə mənə xeyli təsir etdi, Azərbaycan futboluna baxışımı dəyişdi. O zamandan bəri də qulağımdan “sırğa” edib, yaddaşıma bərk-bərk həkk etmişəm. 2007-dən bəri düz 13 il keçib. Diniyevdən sonra millimizin “sükanı arxasında” neçə-neçə əcnəbi məşqçini otuzdurmuşuq, amma nəticələr dəyişməyib. Havaya sovrulan pulların isə sayı-hesabı yoxdu...
İki il sonra artıq Bakıya qayıtmışdım. Futbolumuzu daha yaxından müşahidə edir, olub-bitənləri daha dərindən izləyirdim. 2009-cu il sentyabrın 5-də Azərbaycan millisi Lənkəranda Finlandiyanı qəbul edirdi. Yeri gəlmişkən, bu qarşılaşma əsas yığmanın Lənkəranda keçirdiyi birinci və sonuncu görüş oldu. Ondan sonra AFFA rəsmilərinin dilindən dəfələrlə bu barədə vədlər eşitsək də, millimizi Bakıya həbs etdilər, bölgədə yaşayan azarkeşlər ölkənin bir nömrəli komandasının oyununu canlı izləmək imkanından məhrum oldular. Lənkərandakı qarşılaşmanı Şahin Diniyev və daha bir neçə futbol veteranıyla birlikdə televiziyadan izləyəcəkdik. Amma ondan əvvəl Tofiq Bəhramov adına Respublika stadionuna baş çəkdik. Çünki “Neftçi”ylə “Bakı” arasında yoxlama oyunu olacaqdı. “Bakı”nın əksər üzvləri legionerlər idi, “ağ-qaralar”da isə Arif Əsədov gənclərə güvənmişdi. Şahin bəylə oyunu diqqətlə izlədik və görürdük ki, yerli gənclər tez-tez topu itirir, normal ötürmə verə bilmirlər. Diniyev bu yerdə belə dedi: “Futbolun əlifbası ötürmədi, pasla oynamaqdı. Fikir ver, azərbaycanlı futbolçular iki ötürmədən sonra topu da, özlərini də itirirlər. Nə vaxt onlar ardıcıl üç normal ötürmə verə bilsələr, onda bizim futbolumuz da irəli gedəcək”. Millimiz həmin gün Lənkəranda Finlandiyaya uduzdu. Komandanın “sükanı arxasında” isə hamının “daşladığı” Şahin Diniyev yox, neft və milyonlar səltənətinə böyük iştahla gələn almaniyalı Berti Foqts dayanmışdı.
Sözsüz, həmin axşam millinin heyətindəki futbolçular da ardıcıl üç normal ötürmə verməyi bacarmayanlar idi. Lənkərandakı qarşılaşmanı xatırlamışkən, bir məqama da toxunum. Məhz həmin görüşdən sonra məlum olmuşdu ki, almaniyalı Berti Foqts millinin məşqçilər korpusundakı yeganə azərbaycanlı mütəxəssis Vaqif Sadıqovun oyun zamanı yanında əyləşməsinə icazə vermir. Bir qədər də irəli boylananda Sadıqovun adıyla bağlı olan daha bir hadisə yadıma düşür. Rəhmətlik Əhməd Ələsgərovun milliyə məsləhətçi təyin edilməsi Vaqiq bəyin xoşuna gəlməmişdi və baş məşqçi xaricdə təlim-məşq toplanışında olan komandasını başsız buraxıb Bakıya qayıtmışdı. Biz belə günlər görmüş adamlarıq. İllər keçdi, almaniyalı Foqts azərbaycanlı Vaqif bəyə layiq olduğu yerdə əyləşməyə icazə vermədi, amma zamanın bərkə-boşa saldığı Sadıqovun buna heç bir etirazı olmadı. İndi də Vaqif bəyin cınqırı çıxmır. Əcnəbi məşqçiləri qarşılayıb-yola salanda o və başqa futbol veteranları ağızlarına su alır, əllərinə güc verib çəpik çalırlar. Amma azərbaycanlı baş məşqçi Qurban Qurbanov milli komandanı çalışdıran kimi hamısı birağızdan qrup liderliyindən dəm vurur, böyük hədəflər sevdalısına çevrilirlər.
Qayıdaq Lənkərana, daha doğrusu, bizimkilərin üç normal ötürmə verə bilməməsinə. Mahir Rüstəmlinin məlum mesajından 13 il, “Bakı”yla “Neftçi” arasında baş tutan yoxlama görüşündən isə 11 il keçib. Amma bizimkilər hələ də normal ötürmə verməyi, yəni futbol oynamağı öyrənməyiblər. Futbol oynamağı bacarmayanları Minskdə niyə tanımalıdılar axı? Bu haqda bir neçə dəfə yazmışam, unudanlar üçün bir də yazıram. 2015-ci ildə Nazim Süleymanovun 50 illik yubileyi şərəfinə keçirilən bayram tədbirlərinə qatılmaq üçün maşınla Vladiqafqaza gedirdik. “Yalama”nı o tərəfə keçən kimi bütün postlarda Nazim Süleymanovun adını eşidib, pasportumuza belə baxmadan şlaqbaumları havaya qaldırırdılar. Yəni bizdən fərqli olaraq, sərhədlərimizdən o tayda əsl futbolçunun qiymətini yaxşı bilirlər.
SON XƏBƏRLƏR