Elnur Quliyev: “Ən azı nəzakət xatirinə dəvət göndərə bilərdilər”"Qarabağ"ın başqanı Tahir Gözəl, klubun direktoru Əmrah Çəlikəl, baş meneceri Asif Əsgərov, klubun ağdamlı əməkdaşları, sabiq futbolçular, məşqçi və futbolçu heyəti noyabrın 28-də işğaldan azad olunan Ağdam şəhərinə yollanıb. Komanda üzvləri əvvəlcə Ağdam şəhərinin mərkəzində yerləşən "Cümə" məscidini ziyarət edib. Şəhidlər Xiyabanına yollanan komanda milli qəhrəman, sabiq kapitan və baş məşqçi Allahverdi Bağırovun məzarını ziyarət edib, ruhuna dualar oxuyub. “Köhlən atlar”ın növbəti ünvanı "İmarət" stadionu olub. Prezidentin köməkçisi Hikmət Hacıyevi stadionda Tahir Gözəl qarşılayıb, futbolçular, veteranlar və rəhbərlik heyəti futbol oynayıb. Rəmzi qarşılaşma Azərbaycandakı diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin Ağdama səfəri çərçivəsində baş tutub. Sonda isə "Qarabağ"ın qazandığı son çempionluq kuboku meydana gətirilib və xatirə şəkili çəkilib. Bu, Qarabağ"ın 27 ildən sonra işğaldan azad olunan Ağdam şəhərinə ilk səfəridi. Komandanın yaranma tarixi 1951-ci ildən başlasa da, "Qarabağ" adı ilə ilk dəfə 1987-ci ildə yaşıl meydanlara çıxmağa başlayıb.
Səfər zamanı diqqətimizi çəkən əsas məqamlardan biri “Qarabağ”ın azarkeş qrupu “İmarət”dən heç kimin Ağdama aparılmaması oldu. Lakin digər fanklubun – “Qarabağ Ordu”nun rəhbəri Elvin Süleymanov komanda ilə birgə idi. “İmarət”dən heç kimin olmamasının səbəbini fanklubun idarə heyətinin üzvü Elnur Quliyevdən soruşduq: “Ağdama səfər etmək hər bir ağdamlının arzusu idi. Hətta Ağdamda dünyaya gəlməyənlər də, hər kəs komanda ilə birgə orda olmaq istəyərdi. Pandemiya ilə əlaqədar hamını aparmaq mümkün deyildi. Amma ən azı “İmarət”in bir neçə üzvünü dəvət edə bilərdilər. Heç olmasa, 5 nəfər ora getməliydi. Düşünürəm ki, yer darlığı etməzdik. Ən azı nəzakət xatirinə dəvət göndərə bilərdilər. Bu, çox gözəl olardı. Çünki klub rəhbərliyi həmişə bizə hörmət bəsləyib. Yəqin gözdən qaçırıblar bu məqamı. Düşünürəm ki, çox ciddi məqamdı. Onların bu addımı fanklub üzvləri arasında çox böyük narazılığa səbəb olub. Böyüklü-kiçikli hər kəs, hətta bizim fanklubdan olmayanlar belə bu məsələyə görə etirazlarını bildirdilər. Ola bilər ki, 27 illik həsrətdi, insanlar ora getməyə can atırlar. Bu da tələskənliyə səbəb olub. Türkiyə səfərindən dərhal sonra səfərin baş tutması bizim unudulmağımıza gətirib çıxara bilər. Vaxt azlığının olması da klub rəhbərliyinin rahat fikirləşməsinə maneə ola bilər. Amma düşünməliydilər. Çünki biz buna görə narahat olduq. Özüm də getməyə cəhd etdim, amma alınmadı. “Qarabağ” Ağdama səfər edəndə getmişdim. Düşündüm ki, buraxarlar, lakin alınmadı. “İmarət” orda olmalıydı. Bunu özümüzə mənəvi borc bilirik. Bunu başa düşənlər, qəbul edənlər bir jest etməliydilər. Fanklub üzvlərinin hamısı belə düşünür və sosial şəbəkələrdə etirazlarını bildirir. “İmarət”in rəsmi səhifəsində də bunu qeyd etmişik. İnşallah, “Qarabağ” növbəti dəfə Ağdama səfər etsə, bizi də apararlar. Həmişə necə bizi sayıblar, hörmət ediblərsə, bu dəfə də olacağına ümid edirik. Ən azı 5 nəfər dəvət edərlər. Lakin biz yenə də fanklub olaraq başa düşürük. Səfərdən qayıtmışdılar, koronavirus testi vermişdilər, təhlükəsizlik tədbirləri görməliydilər. Bunların hamısı ayrıca çətinlikdi. Bu səbəbdən də bizi unutmuş ola bilərlər. Bütün bunlara baxmayaraq, dəvət göndərilməliydi”.
Bizdə olan bilgiyə görə, səfərə çıxanların siyahısı Prezident Administrasiyası səviyyəsində razılaşdırılıb. “Qarabağ”ın illərdi uğurla təmsil etdiyi rayona dönüşü də dövlət tədbiri çərçivəsində olub.
İLKİN SULTANLI