Serbiyalı hazırladığı hesabatın tərcüməsiylə məşğuldu21 yaşadək futbolçulardan ibarət komandamız Avropa çempionatının seçmə mərhələsində çıxışını başa vurdu. Yığma qrup mərhələsində keçirdiyi 10 qarşılaşmada 6 xal toplamaqla 6 komandanın sıraıamasında 5-ci pillədə qərarlaşdı. Futbolçularımız bu oyunlarında rəqibləri 6 dəfə məyus edib, qapısında 18 qol gördülər.
Tsikl bitəndən sonra U-21-in baş məşqçisi Milan Obradoviç “Futbol+”ə geniş müsahibə vermişdi. Serbiyalı mütəxəssis müqaviləsinin müddətinin noyabrın sonunda bitəcəyini, bu tarixə qədər AFFA rəhbərliyinə hesabat təqdim edəcəyini və onlarla söhbətdən sonra taleyinə aydınlıq gələcəyini qeyd etmişdi. Bu üzdən məsələnin necə sonuclandığını öyrənmək üçün yenidən çalışdırıcı ilə əlaqə saxladıq. Obradoviç qəzetimizə açıqlamasında bunları dedi: “Federasiyanın rəhbər şəxsləri ilə görüşdüm. Onlarla ötən həftənin əvvəlində söhbət etdim. Ümid edirəm ki, koronavirus yenidən görüşməyimizə problem yaratmayacaq. Hesabatla bağlı bunu deyə bilərəm ki, hələ də tərcümə işlərini tamamlayıram. Tam bitdikdən sonra onlara təqdim edəcəm. Görüşümüzün nəticəsi ilə bağlı federasiyadakı şəxslərdən ətraflı məlumat ala bilərsiz. Avropa çempionatının seçmə mərhələsində qeydə alınan nəticələri müzakirə etdik. Fikrimcə, qənaətbəxş nəticə əldə etmədik. Amma necə mübarizə apardığımızı oyunlarımızı izləyənlər gördülər. Gənc futbolçularla mübarizə apardıq, milli komandaya bir neçə oyunçu verdik. Bu məsələləri AFFA rəhbərliyi ilə müzakirə etdik. Nəticəni isə görüşlərimiz bitdikdən sonra biləcəm. O zaman sizə daha geniş məlumat vermək imkanım olacaq”.
İLKİN SULTANLI