Sizin reklam burada

Məhsuldarlıq gözə gəldi, yalnız “Qəbələ” sevindi

Müəllif: football Tarix: 3-12-2020, 12:21 131 Baxış

Məhsuldarlığı ilə son 17 ilə möhürünü vuran turdan sonra premyer-liqanın 11-ci oyun həftəsi “qısır” oldu. 4 oyunda qapılara cəmi 5 qol vuruldu ki, bu da orta hesabla hər oyuna 0,8 qol deməkdi.
Turun maraqla gözlənilən qarşılaşması, heç şübhəsiz, “Neftçi”- “Zirə” matçı idi. İlk “üçlük”də qərarlaşan komandaların görüşü ilə bağlı azarkeşlərin gözləntiləri böyük olsa da, tərəflər cansıxıcı, qorxaq oyun göstərdi. Samir Abasov “sükan arxasına” keçəndən sonra 5-li müdafiəyə üstünlük verən “ağ-qaralar”ın “doğma divarlar” arasında “birinci skripka” rolunu ifa edəcəyi gözlənilirdi. Ancaq... Rəşad Sadıqovun çalışdırdığı “qartallar”ın formal səfərdə ehtiyatlı oyuna üstünlük verməsini hardasa anlayışla qarşılamaq olar. Ancaq çempionluğa iddialı meydan sahiblərinin 90 dəqiqə qorxaq oyun sərgiləməsini başa düşmək çətindi. Flaqman matçboyu rəqib qapısı önündə bir dədə də yüzfaizlik qol vəziyyəti yaratmadığı halda, oyunsonrası mətbuat konfransında Samir bəyin “qələbə üçün hər şey etdik” söyləməsi də anlaşılmadı.
Ardıcıl üç oyunda rəqibləri “qol yağışına tutan” “Qarabağ”ın “Səbail”ə də eyni acını yaşadacağını düşünənlərin sayı çox idi. Ağdamlıların Avroliqada “Sivasspor”la oyundan yenicə dönməsi, oyundan bir gün əvvəl doğma rayona yollanması belə onların “dənizçilər”lə görüşdən qalib ayrılacağına inananlarda şübhə yaratmamışdı. Ancaq “futbol proqnozları xoşlamır” ifadəsi bu görüşdə də doğruldu. Texniki zonada olmayan Qurban Qurbanovun yoxluğunda “köhlən atlar” Aftandil Hacıyevin yetirmələrinin müqavimətini qıra bilmədilər. Hesabda geri düşən çempionatın lideri 64-cü dəqiqədə “status-kvo”nu bərpa etməyi bacarsa da, bundan artığına gücü çatmadı ki, bunu da turun sürprizi kimi dəyərləndirmək olar. Liderə layiqincə, müqavimət göstərməsinə baxmayaraq, qalan üç oyunda qeydə alınan nəticələrin “Səbail”i sonuncu pilləyə yuvarladığını da vurğulayaq.
Ardıcıl məğlubiyyətlərdən sonra ötən tur azarkeşlərini sevindirən “Sabah” hesabat turunda “Keşlə”nin qonağı idi. Hesabı Visente Qomesin komandası açsa da, qələbəni qorumaq mümkün olmadı. Meydan sahibləri azlıqda qalmalarına baxmayaraq, sona 5 dəqiqə qalmış hesab arasında tarazlıq yaratmağı bacardılar. Onu da qeyd edək ki, 90 dəqiqə ərzində “tələbələr” bir neçə real qol imkanını boşa verdilər. Bu da ispan mütəxəssisn hər dəfə dediyi kimi, “Sabah”ın ən yaralı yeridi. Yunis Hüseynovun komandasında isə həftəsonu “yarpaq tökümü” diqqəti çəkdi. Turdan-tura hədəfindən uzaq düşən paytaxt klubu mövsümlərarası fasilədə rənglərinə bağladığı legionerlərlə vidalaşmağa başlayıb.
Hesabat turunun son matçı Sumqayıtda keçirildi. Şənbə günü baş tutmalı “Sumqayıt” – “Qəbələ” matçı bazar ertəsinə təyin olunmuşdu. Hər iki komanda koronavirus səbəbindən ciddi itkilərə məruz qalmışdı. Çətin sınaqdan qonaqlar üzüağ çıxmağı bacardılar. “Qırmızı-qaralar” bu qələbə sayəsində sonuncu pilləni tərk edərək, 6-cı yerə yüksəldilər.
28 noyabr
Neftçi - Zirə 0:0
29 noyabr
Keşlə - Sabah 1:1
Səbail - Qarabağ 1:1
30 noyabr
Sumqayıt - Qəbələ 0:1
1. Qarabağ 10 5 4 1 27-7 19
2. Zirə 11 5 4 2 12-9 19
3. Neftçi 11 5 3 3 11-13 18
4. Sumqayıt 11 4 3 4 13-16 15
5. Keşlə 11 3 4 4 12-16 13
6. Qəbələ 11 2 5 4 9-18 11
7. Sabah 11 3 1 7 11-14 10
8. Səbail 10 2 4 4 11-13 10
Bombardirlər: Əli Qurbani (Sumqayıt), Filip Ozobiç, Mahir Emreli (hər ikisi “Qarabağ”), Namiq Ələsgərov (Neftçi) – 6, Davit Volkov (Zirə), Rauf Əliyev (Səbail), Vild-Donald Gerye (Qarabağ) – 4.
Növbəti turun oyunları: 5 dekabr – Keşlə – Səbail, Sabah – Neftçi; 6 dekabr - Zirə - Sumqayıt, Qəbələ - Qarabağ.
RƏŞAD
SON XƏBƏRLƏR