Sizin reklam burada

“Qarabağ” Nurlan İbrahimova görə vəkil tutub

Müəllif: football Tarix: 3-12-2020, 12:14 3 895 Baxış

Klubun tərcüməçisi də koronavirusa yoluxub
Xəbər verdiyimiz kimi, UEFA-nın qərarı ilə "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun futbol sahəsində fəaliyyətinə ömürlük qadağa qoyulub. Qitə futbol qurumu həmçinin FİFA-ya müraciət edərək, bu cəzanın bütün yarışlara aid olunmasını istəyib. Xatırladaq ki, İbrahimov “feysbuk” hesabında ermənilərin Bərdədə dinc əhaliyə divan tutmasına qarşı emosional şəkildə etiraz etdiyinə görə belə sərt cəzaya məruz qalıb. UEFA eyni zamanda Ağdam klubunu 100 000 avro məbləğində cərimələyib.
UEFA daha əvvəl İbrahimova qarşı "İrqçi və digər ayrı-seçkilik davranışı" və "Əsas davranış qaydalarının pozulması" maddəsi ilə intizam işi açmışdı.
“Qarabağ” UEFA-nın sərt qərarından apellyasiya şikayəti verəcəyini gizlətmir. Klubun direktoru Əmrah Çəlikəl mediaya açıqlamasında bu məsələyə belə münasibət bildirmişdi: “UEFA-nın tabeliyində olan klub kimi onların qərarlarına hörmət etmək borcumuzdu. Ancaq haqsızlıq olduğunu düşündüyümüz halda, lazımi etirazları edəcəyik. Qərarla bağlı UEFA-ya mütləq müraciət olunacaq".
Məsələnin hansı yöndə inkişaf etdiyini öyrənmək üçün klubun mətbuat xidmətinin əməkdaşı Yusif Hüseynlə əlaqə saxladıq: “UEFA-nın apellyasiya qurumuna müraciət edəcəyik. Bu məsələyə görə işlərimizi davam etdiririk. Məhkəmədə bizi müdafiə etməsi üçün vəkil tutmuşuq. Bir sıra prosesləri həyata keçirdikdən sonra ictimaiyyətə geniş açıqlama veriləcək. İndi isə apellyasiyanın xeyrimizə olması üçün işlər görürük”.
Bu arada onu da əlavə edək ki, “Qarabağ”ın tərcüməçisi Elvar Quliyev də koronavirusa yoluxub. Yusif Hüseyn də məlumatımızı təsdiqlədi: “Elvarın da koronavirus testi pozitiv çıxıb. Hazırda özünü yaxşı hiss edir. Dünən yenidən Qurban Qurbanov və Elvar Quliyev analiz verdilər. Nəticələr bu gün bəlli olacaq. Testin nəticəsi neqativ çıxsa, hər ikisi İstanbula yollanacaq”.
İLKİN SULTANLI
SON XƏBƏRLƏR