Sizin reklam burada

Futbolçu-əsgərlər Prezidentə müraciət etdilər

Müəllif: football Tarix: 3-12-2020, 12:10 120 Baxış

“Necə ki biz Qarabağa ikinci nəfəs verdik, siz də “Energetik”ə münasibətdə bunu edin”
Azərbaycan əsgəri Qarabağ uğrunda Vətən Müharibəsində böyük şücaət göstərdi, qələbə qazandı. Ordumuz düşməni məhv edərək işğal olunan torpaqlarımızı geri qaytardı. Ümumilikdə xalqımız qələbəyə inanırdı və döyüşlərdə iştirak edən hər bir əsgər və zabiti doğması kimi qəbul edirdi. Məhz bu ümummilli birlik qələbəmizdə əsas rol oynadı.
Vətən Müharibəsində bir çox tanınmışlar, o cümlədən idmançılar və futbolçular da iştirak etdi. Onlar arasında Region Liqasında çıxış edən “Energetik”in üzvləri də var idi. Mingəçevir təmsilçisinin 4 futbolçusu ölkəmizi düşmən işğalından xilas edənlər sırasında yer aldı. Hazırda Qarabağda olan, vətənə borcunu yerinə yetirən iki futbolçu qəzetimizə müraciət edərək, şikayətlərini dilə gətirdilər. Namiq İbrahimli ilə Elvin Əlizadənin yeganə problemləri təmsil etdikləri “Energetik”di. Gəlin, onları dinləyək.
Namiq İbrahimli: “Hər kəsə salam olsun. Əvvəlcə Ali Baş Komandan, cənab İlham Əliyev başda olmaqla bütün azərbaycanlıları qələbə münasibəti ilə təbrik edirəm. Prezidentimizin əmri ilə torpaqlarımızı işğaldan azad etdik. 27 illik həsrətə son qoyduq. Mənimlə yanaşı, “Energetik”in 4 üzvü ön cəbhədə xidmət edir. Allah bütün əsgərlərimizi qorusun, şəhidlərimizə rəhmət eləsin. Mən “Azərenerji”nin prezidenti Baba Rzayevə müraciət etmək istəyirəm. Biz sizdən nə maşın, nə ev, nə də başqa şey istəyirik. Necə ki biz Qarabağa ikinci nəfəs verdik, siz də “Energetik”ə münasibətdə bunu edin. Bunu bütün mingəçevirlilər adından sizdən xahiş edirəm. Biz mingəçevirlilərin, şükür Allaha, hər şeyi var. Təkcə futboldan başqa. İnşallah, o da sizin sayəsində, Ali Baş Komandanın dəstəyi ilə həyata keçər. Təşəkkürümü bildirirəm. Qarabağ Azərbaycandı! Tezliklə görüşmək ümidi ilə”.

Elvin Əlizadə: “Şuşadan hamıya salam olsun. İlk növbədə Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyev cənablarını, bütün azərbaycanlıları qələbə münasibəti ilə təbrik edirəm. Mən Mingəçevir şəhər sakini Əlizadə Elvin Müşfiq oğluyam. Şəhərimizi təmsil edən “Energetik”in heyətində futbolçu kimi çıxış edirəm. Öncə cəbhədə döyüşlərdə iştirak etmişəm. Bizim Ali Baş Komandandan bir xahişimiz var ki, Mingəçevirdə futbolu bərpa etsin. Necə ki uzun illər işğalda olan torpaqlarımızı onun sayəsində geri qaytardıq, Ali Baş Komandanımızın da Mingəçevir futbolunu bərpa edəcəyinə inanıram. Sizdən öz adımdan, Mingəçevir şəhərinin əhalisi adından xahiş edirik ki, bizə bu məsələdə kömək edin!”
Qeyd edək ki, futbolçuların müraciətini “feysbuk” səhifəmizdən izləyə bilərsiz.
İLKİN SULTANLI
SON XƏBƏRLƏR