“Maradonadan sonra kimlərin ikinci, üçüncü olduğunu soruşa bilərsiz”
Yığmamızın baş məşqçisi Canni De Byazi Polşanın "Sportowe Fakty" saytına müsahibə verib. Millidəki iş prinsipləri haqda danışan italiyalı mütəxəssis futbolçularda qalib psixologiyası formalaşdırmaq istədiyini deyib: “AFFA rəsmiləri ilə ilk dəfə 2014-cü ildə Parisdə danışmışdıq. Bu dəfə Azərbaycan millisində işləməyə razılıq verdim. Çünki yeni layihə axtarışındaydım. Hələlik bu məsələ istədiyim səviyyədə deyil. Amma fikrimcə, gənc futbolçuları inkişaf etdirmək mümkündü. Müqaviləmin müddəti Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin sonuna qədər nəzərdə tutulub".
63 yaşlı mütəxəssis müharibə şəraitinin millidəki işinə çətinliklər yaratdığını bildirib: "Bu amil işimizə çox təsir etdi. Ölkə müharibə vəziyyətindədisə, oyunçu üçün yalnız futbol haqda düşünmək çətindi. Həmin vaxt onun fikri başqa yerdə də ola bilər. Xoşbəxtlikdən müharibə bitdi və ümid edirəm ki, tezliklə hər şey normallaşacaq".
Onun son 4 oyundakı qolsuz heç-heçə ilə bağlı fikirləri isə belə olub: "Qol vəziyyətləri ilə bağlı qıtlığımız olmadı. Təəssüf ki, hamısı boşa çıxdı. Nə deyə bilərəm? Mənim komandamda Levandovski kimi hücumçu yoxdu".
Dieqo Maradonanın dünyasını dəyişməsinə də toxunan mütəxəssis onunla heç vaxt qarşılaşmadığını söyləyib: "Hamı onun uğurlarını yaxşı bilir. Amma mən Dieqonu ancaq bacarıqlarına yox, həm də böyük ürəyinə görə qiymətləndirirəm. Kasıblara ümid bəxş etdiyi üçün onların kumiri idi, gündəlik çətin və stressli həyatlarını bir az asanlaşdırırdı. 60 yaşında dünyadan köçməsi çox tezdi. Təəssüf ki, hamımız Maradonanın özünün bu işdə az rol oynamadığını bilirik. Ondan sonra kimlərin ikinci, üçüncü olduğunu soruşa bilərsiz. O, rəqs edən futbolçu idi. O, topla oynamırdı, rəqs edirdi. Başqaları isə sadəcə, oynayırlar".
De Byazi FİFA-nın “The Best” mükafatı üçün hansı futbolçuya səs verəcəyini də açıqlayıb: "Birincisi, son vaxtlar Robert Levandovskini ən yaxşı hesab edirəm. İkincisi, nəhayət, nəsə dəyişməlidi. Son illərdə dəfələrlə Messi və ya Ronaldo bu ada layiq görülüb. Artıq yeni oyunçunun seçilməsinin vaxtıdı. Levandovski uzun müddətdi zirvədədi. Digər mövqelərə gəlincə, Məhəmməd Salah və Kriştiano Ronaldonun oyununa valeh oluram. Xüsusilə portuqaliyalı məndə böyük təəssürat yaradır. O, qeyri-adi futbolçudu".