Sizin reklam burada

“Qalatasaray” şəhid azarkeşlərini yad edəcək

Müəllif: football Tarix: 27-11-2020, 12:44 183 Baxış

Mustafa Cengiz Fəridin atasına zəng etdi
Qaxın Qorağan kəndindən olan şəhid Fərid Dursunovun məzarının üzərində Azərbaycan bayrağı ilə birlikdə "Qalatasaray”ın rəmzi də asılıb. Bu, şəhidimizin vəsiyyətinə əsasən edilib. Belə ki, "Qalatasaray" azarkeşi olan Fərid şəhid olacağı təqdirdə məzarının üstündə İstanbul təmsilçisinin də bayrağının dalğalandırılmasını istəyib və onun vəsiyyəti yerinə yetirilib. Şəhidin məzarında hər iki bayrağın olduğu görüntülər "feysbuk"da da var.
"Qalatasaray" da Fərid Dursunovla bağlı paylaşım edib. İstanbul təmsilçisinin rəsmi “tvitter” hesabında bunlar yazılıb: “Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə birlikdə "Qalatasaray" bayrağı da asın" deyən və vəsiyyəti yerinə yetirilən şəhid Fərid Dursunov ilə birlikdə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. "Qalatasaray"lılıq ölməz".
Bundan başqa, "Qalatasaray"ın oyunlarının birində Fərid Dursunovla yanaşı, Murad Məmmədov da yad ediləcək. Bu haqda həmkarımız Gündüz Abbaszadə “feysbuk” səhifəsində yazıb. O, “Cim-Bom”un prezidentinin köməkçisi Yusuf Günayla danışdığını qeyd edib: "Prezidentin köməkçisi mənə dedi ki, növbəti oyunlardan birində stadionda şəhidimiz Muradın səs yazısı səslənəcək. Fərid yazılan forma ilə oyuna çıxacaqlar. Ailəsi komandanın oyununa dəvət ediləcək. Klub şəhidimizin məzarını da ziyarət edəcək". Abbaszadə klub rəsmisinin şəhid ailələrinin əlaqə nömrəsini istədiyini də bildirib.
Qeyd edək ki, Murad Məmmədovun da səs yazısı yayılıb. O bu ifadələri işlədib: "Bu, "Qalatasaray" sevgisidi, əzizim. Bitən deyil. Mənimlə qəbr evinə qədər gedəcək".
“Qalatasaray”ın prezidenti Mustafa Cengiz də məsələyə biganə qalmayıb. O, yerli mətbuata açıqlamasında bunları söyləyib: “Komandaya azarkeşlik etmək izaholunmaz bir hissdi. Yağışda, palçıqda matça gələn insanlar var. Fərid Dursunovun atası ilə danışdım. Bakıdan çox uzaq yerdə yaşayırlar. Allah heç kimə övlad acısı verməsin. Sıra ilə ölüm versin. Atəş düşdüyü yeri yandırar. Atası Fazil bəylə danışdım, çox sevindi. Eyni duyğuları mən də yaşadım. "Övladım yaşasaydı, çox xoşbəxt olardı" dedi. Bu, bir tutqudu. İnsan, sadəcə, maddi şeylərlə yaşaya bilməz. Bu şəhidimiz bizi çox duyğulandırdı. Milli duyğuları bir araya gətirdi. Nur içində yatsın. Allah qəni-qəni rəhmət eləsin".
SON XƏBƏRLƏR