Sizin reklam burada

Ölkə kubokunun püşkü atıldı

Müəllif: football Tarix: 27-11-2020, 12:34 182 Baxış

Ramin Musayev final matçını Qarabağda keçirmək istəyir
Noyabrın 24-də AFFA-nın inzibati binasında ölkə kubokunun 2020/21 mövsümünün püşkü atılıb. 12 komandanın iştirakı ilə keçiriləcək turnirdə mübarizə 1/8 finaldan başlayacaq. 1/4 finaldan isə oyunlarda ev-səfər prinsipi tətbiq olunacaq:
1/8 final
24 dekabr
1. “Səbail” – “Zaqatala”
2. “Turan Tovuz” – “Qəbələ”
3. “Sabah” – “Kəpəz”
4. “Qaradağ Lökbatan” – “Zirə”
1/4 final
1-2/6-7 fevral, 2021
5. “Sumqayıt” – 1-ci cütün qalibi
6. “Qarabağ” – 2-ci cütün qalibi
7. “Keşlə” – 3-cü cütün qalibi
8. “Neftçi” – 4-cü cütün qalibi
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev püşkatma mərasimindən sonra çıxış edib. Qurum rəhbəri Qarabağda çıxış etməyin mümkün olmayacağı təqdirdə, Bakıda oynayacaqlarını istisna etməyib: “Öncə Ali Baş Komandanımıza, ordumuza türk dünyasına verdikləri sevincə görə təşəkkürümü bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıram. Əvvəl bildirmişdim ki, dövlət tərəfindən icazə verilərsə, kubokun finalını Qarabağda keçirmək istəyirik. Bu, tək bizdən asılı deyil. Qarabağdakı vəziyyəti hamı bilir. Hazırlıq olmalı, stadion tikilməlidi. Bunlar olduqdan sonra böyük sevinclə orda final görüşü təşkil edərik. Əks təqdirdə, azarkeşlərin istəyinə uyğun yer seçəcəyik. Qarabağda alınmasa, həlledici oyunu Gəncədə təşkil etmək istərdik. Amma Gəncə arenasının indiki durumu buna imkan vermir. Həmin vaxta qədər hazır olarsa, finalı Gəncədə də təşkil edə bilərik. Ancaq indiki durumda alternativ məkan kimi “Sabah”ın ev oyunlarını keçirdiyi “Bank Respublika Arena”nın adını qeyd edə bilərəm. Budəfəki final matçındakı sürprizimiz əvvəlkiləri geridə qoyacaq. Böyük zəfərdən sonra biz də azarkeşlərimizi sevindirməyə çalışacağıq”.
Musayev gələn il mayın 28-də keçiriləcək ölkə kubokunun final qarşılaşmasının azarkeşlərlə təşkilinə çalışacaqlarını əlavə edib: “Futbol azarkeş üçün oynanılır. Güləş və ya başqa idman növü olsaydı, yola vermək olardı. Futbolçu azarkeşi görəndə daha ürəklə çıxış edir. Kubokun final matçı isti havalara düşəcək. Ümid edirəm ki, hər şey yaxşı olar, finalı azarkeşlərlə keçirərik. İnanıram ki, tam başqa sürprizlərimiz olacaq”.
PFL rəhbərinin fikrincə, kubokda iştirakçı sayı bu günə görə az deyil: “Təki kubok yarışı axıra qədər keçirilsin və titulun sahibi bilinsin”.
Püşkatma mərasiminin fəxri qonağı olan, ölkə kubokunun ən titullu futbolçusu (5 dəfə), “Neftçi”nin əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Mahmud Qurbanov da fikirlərini söyləyib. Onun Ramin Musayevin “ən yaddaqalan oyunun hansı olub” sualına cavabı belə olub: “Bu yaxınlarda Vətən Müharibəsi oldu, igid əsgərlərimiz işğal altında olan torpaqlarımızı azad etdilər. Onlara və Ali Baş Komandanımıza təşəkkür edirik. Yaddaqalan oyunlar çox olub. Ən yaddaqalan görüş Moskvada düşmən komandasına qarşı olandı. Siz də o zaman rəhbərimiz idiz. “Pünik”i Moskvada, neytral meydanda məğlub etmişdik”.
KƏNAN HƏSƏNOV
SON XƏBƏRLƏR