Sizin reklam burada

Qarabağa gedək e, amma hara?

Müəllif: football Tarix: 27-11-2020, 12:30 238 Baxış
Srağagün AFFA-nın binasında ölkə kubokunun yeni mövsümünün püşkü atılıb. Qəzetimizin 3-cü səhifəsində PFL prezidentinin püşkatma mərasimində dediyi fikirlər yer alıb. Lənətə gəlsin koronavirusu, artıq uzun müddətdi ki, biz jurnalistlər ölkə futboluna rəhbərlik edənlərlə bir araya gələ, onlardan suallarımıza cavab ala bilmirik, adətən, təntənəli ruhda keçən belə mərasimlər, məclislər də monoloq xarakteri daşıyır, yəni bir-iki adam danışır, sonra da hərə bir tərəfə dağılışır.
Təbii ki, torpaqlarımızın işğaldan azad olunmasına mən də ürəkdən sevinirəm. Sevinməmək üçün ya erməni olmalısan, ya da başqa dövlətlərin xüsusi xidmət orqanlarına işləyən casus. Ramin Musayevin kubokun finalını Qarabağda keçirməklə bağlı şövqlə danışmasını da təbii qarşılayır, səmimiliyinə inanıram. Əslində iki peşəkar diviziona, Region Liqasına malik ölkədə kuboka qatılmağa razılıq verən cəmi 12 komandanın tapılması ilə ümumi təntənə ruhu bir-birinə ziddi. Sirr deyil ki, hazırda futbolumuz bir çox başqa problemlərlə yanaşı, pulsuzluqdan da əziyyət çəkir. Akademiyası, normal məşq bazası olan “Qəbələ” yalnız AFFA-nın ayırdığı 1,5 milyonun hesabına sürünə-sürünə yaşayır, turnir cədvəlinin sonuncu pilləsindən qurtula bilmir. Odu ki, yaxın gələcək üçün futbola ciddi maliyyə axacağını gözləməyə dəyməz. Hələ mən onu demirəm ki, ermənilərin viran qoyduğu şəhər-kəndlərimizin yenidən qurulması üçün milyardların tələb olunduğu vaxtda dövlətdən futbola diqqət, qayğı, maliyyə dəstəyi ummaq ən azı etik cəhətdən düzgün deyil. Çünki qayıdıb adama deyərlər ki, milyonlarla vəsait boşuna xərclənib, yığmanın nəticələri adamı ağrıdır, Avropa miqyasında “Qarabağ”dan başqa üzümüzü ağardan klub yoxdu, siz nə qoyub, nə axtarırsız?! Ona görə də koronavirus probleminin əlində əsir-yesir olduğumuz, stadiona bircə azarkeşin də buraxılmadığı indiki dönəmdə hadisələri qabaqlayaraq, Qarabağda kubok bayramının təşkili ilə bağlı danışmaq həm blefdi, həm də adamların hissləriylə oynamaq.
Əvvəlcə ölkə futbolunu qaydaya salaq, bir-biri ilə və Avropadakılarla rəqabət aparmağa qadir iki-üç komandamız olsun, dövlət də bu vaxt ərzində işğaldan qurtulan ərazilərdə bircə dənə normal stadion tiksin, ondan sonra kubokun finalını Ağdamda, Xankəndidə, Fizulidə keçirməklə bağlı planlar qurar və həyata keçirməyə çalışarıq. İllərdi Gəncədə final keçirə bilmirik, Qarabağa boylanırıq. Mən ölüm, heç yeridi?
SON XƏBƏRLƏR