Sizin reklam burada

Maradona dünyadan getdi...

Müəllif: football Tarix: 26-11-2020, 14:30 726 Baxış

Pele: “Bir dəfə birlikdə göylərdə top qovacağıq”
Dünən axşam saatlarında Argentinanın məşhur “Clarin” nəşrinin yaydığı xəbər dünyada futbolla az-çox maraqlanan hər kəsi yasa qərq etdi, göz yaşına boğdu. Bir azdan xəbər təsdiqlənəndən, bir-birinin ardınca başsağlığı mesajları yayılandan sonra aydın oldu ki, biz bir daha dünya futbolunun Dieqo Armando Maradona ad-soyadlı əfsanəsi haqda yalnız keçmiş zamanda danışa biləcəyik. Maradona artıq yoxdu. Oktyabrın 30-da 60 yaşını tamamlayan argentinalı ondan sonra cəmi 26 gün yaşadı...
Əvvəlcə onu xatırladaq ki, Maradona ayın əvvəlində beynə qan sızması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Müalicə alandan sonra evə buraxılmışdı. Dünən yayılan ilk xəbərlərdə futbol əfsanəsinin ürəyinin qəfil dayandığı bildirilsə də, bir qədər sonra “Clarin” və Argentinanın digər nəşri “Ole” ölümün təfərrüatını yazdı. Belə ki, evində yaxınları ilə görüşən, dərdləşən dünya çempionunun təzyiqi qəfil yüksəlib və heç cür onu aşağı salmaq mümkün olmayıb. Yaxınları dərhal bir neçə “təcili yardım” maşını çağırsalar da, həkimlər Maradonanı xilas edə bilməyib.
Media dünyanı ölümdən xəbərdar edəndən bir neçə dəqiqə sonra Argentina Futbol Assosiasiyası (AFA) xəbəri təsdiqləyib və “tvitter” hesabında başsağlığı mesajı yayıb: “AFA və qurumun prezidenti Klaudio Tapia əfsanəmiz Dieqo Maradonanın ölümü ilə bağlı dərin kədərini ifadə edir. Həmişə qəlbimizdə olacaqsız”.
Dünən axşam saatlarında Argentina hökuməti Maradonanın ölümü ilə bağlı ölkədə üçgünlük matəm elan edib. Mərhumla heç cür ulduzu barışmayan bir başqa əfsanə, braziliyalı Pele isə qəfil ölüm xəbərinə belə reaksiya verib: “Bir dəfə birlikdə göylərdə top qovacağıq...”
Maradona kim idi? Əminəm ki, hər adamın qəlbində bu sualın özəl cavabı var. Oyununu ekran önündə izləyən azarkeşlər üçün birmənalı şəkildə oxşamaq istədikləri, qeyri-adi texnikasına görə heyranlığını gizlədə bilmədikləri dahi, əfsanə, ölümsüz adam! Başqaları üçün də daim adı ətrafından qalmaqallar əskik olmayan, özünəməxsus mənəvi-əxlaqi keyfiyyətlərə malik, bəzən hətta qeyri-adekvat adam təsir bağışlayan birisi. Hər halda, mərhum ulduzun karyerasının əsas məqamlarını xatırladıb, Allahdan rəhmət diləyək.
1960-cı il oktyabrın 30-da Argentinanın Lanus şəhərində dünyaya gələn Dieqo 1976-97 aralığını əhatə edən futbolçu karyerası boyunca “Arxentinos Xuniors”, “Boka Xuniors”, “Barselona”, “Napoli”, “Sevilya”, “Nyuells Old Boys” klublarının şərəfini qoruyub, Argentina çempionu, İspaniya kubokunun qalibi, İtaliya çempionu və kubokunun qalibi olub. 1977-79 aralığında Argentinanın U-20, 1979-94 aralığında isə əsas yığmasının formasını geyib. 91 oyuna 34 qol vurduğu əsas yığma ilə DÇ-86-nın qalibi, DÇ-90-nın finalçısı olub. DÇ-94-ün gedişində dopinq-testi müsbət nəticələndiyinə görə 15 aylığa futboldan uzaqlaşdırılıb və bir daha əvvəlki səviyyəsinə qayıda bilməyib.
Peşəkar futbolçu karyerasını bitirəndən sonra bir neçə dəfə məşqçiliyə başlayıb. 2008-ci ildən 2010-cu ilə qədər çalışdırdığı Argentina yığması ilə DÇ-2010-da 1/4 final qədər irəliləyib. Məşqçi kimi sonuncu iş yeri La-Plata “Ximnasiya”sı idi...
ORXAN
SON XƏBƏRLƏR