Sizin reklam burada

Qurban Qurbanov: “İlk dəfə belə halla rastlaşıram”

Müəllif: football Tarix: 26-11-2020, 14:13 299 Baxış

“Qarabağ”ın heyətində ciddi itkilərin olması, ardıcıl 3-cü çempionat matçında rəqib qapısına 6 qol vurması, qarşıdakı Avroliqa oyunu – bu qədər maqamların fonunda Qurban Qurbanovun mətbuat konfransının 3-5 dəqiqə davam etməsi mümkün deyildi. Odu ki, ağdamlıların çalışdırıcısına veriləcək kifayət qədər sual var idi. Öncə fikirlərini dilə gətirdi, sonra sualları cavabladı: “Liderə qarşı oynayırdıq, olduqca vacib görüş idi. Bizi ancaq qələbə ilk pilləyə yüksəldə bilərdi. Şükülər olsun, hər şey istədiyimiz kimi alındı. İlk dəqiqələrdə temp aşağı olsa da, sonradan yüksəldi. Sürətli və maraqlı hücumlar izlədik. Bugünkü oyun intizamından çox razı qaldım”.
- Ardıcıl 3 oyundu rəqiblərə 6 top vurursuz. “Qarabağ”ın başqa komandalarla müqayisədə çox-çox üstün olduğu görünür. Siz necə düşünürsüz?
- Futbolda belə hallar, ardıcıl qələbələr olur. Ola bilsin, futbolçulardan daha çox hücum etməyi, qol vurmağı tələb etməyimiz özünü göstərir. Əvvəl də tələb edirdik, bəzən alınmırdı. Bəzən hər şey düşündüyündən də yaxşı alınır. Get-gedə tələblərim daha da çox olacaq. Ardıcıl 3 oyunda 6 qol vurmağımız növbəti görüşdə də belə olacağı anlamına gəlməməlidi. “Sumqayıt”la ilk qarşılaşmada məğlubiyyətdən 90+5-ci dəqiqədə qaçmışdıq.
- Bu gün zədə səbəbindən 5 futbolçunun xidmətindən məhrum idiz. Durumları nə yerdədi? “Sivasspor”la qarşılaşmaya qədər hazır olmaq ehtimalları var?
- Ehtimal, demək olar, yoxdu. Bəlkə Bədavi hazır olar, o da 15-20 dəqiqəlik. Bu gün fərdi məşqlərə başlayıb. Rahillə Maksim ölkə xaricindədi. Rahil, bildiyimə görə, yaxşıya doğru gedir, Maksimdə simptomlar qalır, müalicəsini davam etdirir. Abbasla Patrik ayın sonuna qədər müalicə almalıdı. Filip də cəza səbəbindən oynamayacaq.
- “Qarabağ”da çalışdığınız dönəmdə birdən-birə bu qədər itkiyə üzüldüyünüz dönəm olub?
- Bəlkə də zədəlilərin sayı baxımından olub. Yəni 4-5 futbolçumuz zədədən əziyyət çəkib. Amma eyni mövqedə oynayan 4 nəfərin sıradan çıxması, xeyr. İlk dəfə belə halla rastlaşıram. Fərqli mövqelərin oyunçuları olanda birtəhər çıxış yolu tapmaq olur. İstənilən halda mübarizə aparacağıq. Bu gün hər nə qədər komandamdan razı qalsam da, Avroliqa matçı tam fərqli olur.
- Azərbaycan ordusunun düşmən üzərində qazandığı zəfər haqda fikirlərinizi bilmək maraqlı olardı.
- Bu barədə bir neçə dəfə fikirlərimi səsləndirmişəm. Ancaq və ancaq xoş sözlər demək olar. Xalqımı, bütün qarabağlıları, ağdamlıları təbrik edirəm. Artıq qaçqın, koçkün komanda deyilik. Ağdamda keçirəcəyimiz ilk oyunu, “İmarət” stadionunun bərpa olunacağı günü səbirsizliklə gözləyirik. Başda Ali Baş Komandan olmaqla ordumuza, ərazi bütövlüyünün bərpa olunmasında xidməti olan hər kəsə təşəkkür etmək istəyirəm. Bundan sonra daha da möhkəm olarıq, bir-birimizə hörmət etməyi bacararıq.
Ayxan Abbasova da veriləcək suallar vardı. Liderin, son vaxtlar inamlı təsir bağışlayan komandanın qapısında 6 top görməsinə görə baş məşqçinin də günahı kifayət qədərdi. Ayxan bəy də konfransa ağlındakıları dilinə gətirməklə başladı: “Ağdamın işğaldan azad olunması münasibəti ilə ağdamlıları və “Qarabağ”lıları təbrik edirəm. İnşallah, gələn il “Qarabağ” ev oyunlarını “İmarət”də keçirər. Qarşılaşmaya gəlincə, bir neçə futbolçumuz millinin düşərgəsində idi. Son iki gündə birgə məşq edə bildik. Bəlkə də bəziləri çox yorğun idi. Heyətimiz geniş olmadığına görə, onlara istirahət verə bilmədik. “Qarabağ”la oyunda səhv etmək olmaz, səhvi bağışlamırlar. Qış fasiləsinə qədər xallarımızın sayını artırmalıyıq. Bu məğlubiyyəti unudub, “Qəbələ” ilə görüşə hazırlaşacağıq”.
- Uzun müddət zədədən əziyyət çəkdiyinə görə kənarda qalan Mehdini ilk “11-lik”də görmək təəccüblü idi. Buraxılan qollardakı səhvləri yekun nəticəyə təsirini göstərdi.
- Mehdini qapıda görmək heç kimi təəccübləndirməməlidi. Əsas qapıçılarımızdan biridi. Qapıçıdı, oyunçudu - hamının səhvi ola bilər. Bu gün tək Mehdi yox, bütün komanda zəif oynadı.
- Yekun nəticəni arxayınlıqla əlaqələndirmək olar?
- Belə deməzdim. İlk 15-20 dəqiqədə pis təsir bağışlamırdıq. Taktiki cəhətdən düz oynayırdıq. Standart vəziyyətlərdən buraxılan qollar özünü göstərdi. Arxayınlaşmağa səbəb yoxdu. Bu gün bizim günümüz deyildi.
- Vurğunla Camaləddinin durumu necədi?
- Meydan çox ağır idi. Hər iki qapının qarşısı bərbad durumdaydı, top çıxarmaq olmurdu. Buna görə də zədələndilər.
- Əli Qurbaninin yoxluğunda hücumçusuz oynayırsız. Rəhbərliklə söhbətdə komandaya azad agent statusuna malik forvardın cəlb olunmasının vacibliyini qeyd edirsiz?
- Bizi nələrin gözlədiyini mövsümün əvvəlində demişdim. Elə mövqelərimiz var ki, orda yalnız bir futbolçunun ümidinə qalmışıq. Çempionata bu riskləri göz önünə alıb başlamışıq. Komandanı büdcəyə uyğun qurmuşuq. İndiki məqamda azad agent tapmaq çətindi. Yeni gələn də vaxt istəyəcək. Ona görə də bu məsələ aktual deyil.
- “Qarabağ” “Keşlə” ilə “Neftçi”yə 6 top vurmuşdu. Qarşılaşmadan əvvəl “birdən bizə də altısını vurarlar” qorxusu var idi içinizdə?
- Məndə heç bir oyunda qorxu olmur. Amma futbolçulara “Qarabağ”ın yaxşı formada olduğunu xatırlatmışdım. Hər nə qədər məğlub olmaq istəməsək də, səviyyə fərqi özünü göstərir.
- Deməli, bu hesab sizin üçün gözlənilən idi.
- Yox-yox. Oyundan əvvəl hansı məşqçi bu cür hesab gözləyər?! İlk 15-20 dəqiqəni kiməsə göstərsən, matçın 6:1 qurtardığına inanmaz.
HƏBİB
SON XƏBƏRLƏR