Sizin reklam burada

“Dumanlı Qəbələ”də yağış yox, qol yağdı

Müəllif: football Tarix: 26-11-2020, 14:04 646 Baxış

40. Qəbələ – Neftçi (Bakı) 1:4 (0:1)
1. Anar Nəzirov (k) – 4,5
2. Vinko Medimoreç – 4,5
(28. Murad Musayev, 43) – 4,5
13. Yurgen Qoxa – 5,0
74. Yusif Nəbiyev – 6,0
55. İdris İnqilablı - 4,5
14. Cavid Hüseynov – 5,5
11. Asif Məmmədov - 5,0
(26. Stefan Vukçeviç, 62) - 4,5
77. Merab Qiqauri – 5,5
32. Nikolas Raysel – 5,0
99. Ceyms Adeniyi – 5,0
23. Rafael Utriq – 4,5
(10. Rövlan Muradov, 60) – 5,0
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
70. Ülvi İsgəndərov
4. Sadiq Quliyev
7. Roman Hüseynov
9. Ehtiram Şahverdiyev
6. Kamal Mirzəyev
17. Yaovi Akakpo
20. Faiq Hacıyev
71. Rüfət Əhmədov
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Yusif Nəbiyev

30. Aqil Məmmədov (k) – 6,0
91. Tallison Dias – 5,5
20. Mərt Çəlik – 5,0
6. Voislav Stankoviç – 5,0
5. Anton Krivotsyuk – 6,0
19. Fəhmin Muradbəyli – 5,0
(26. Ömər Buludov, 89) – qiymətsiz
36. Mamadu Kane – 5,0
10. Saman Nərimancahan – 4,5
(13. Prins İbara, 77) – qiymətsiz
24. Yusuf Laval – 6,5
29. Sabir Buqrin – 5,5
7. Namiq Ələsgərov – 6,0
Ehtiyat oyunçular
12. Kamran İbrahimov
3. Mamadu Mboc
17. Bruno Teluşi
4. Rener Alves
80. İsmayıl Zülfüqarlı
37. Vüsal Əsgərov
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Yusuf Laval
Qollar: A.Krivotsyuk, 38 (0:1, T.Dias). A.Krivotsyuk, 51 (0:2, Y.Laval). N.Ələsgərov, 57 (0:3, Y.Laval). Y.Nəbiyev, 60 (1:3, N.Raysel). P.İbara, 90+4 (1:4, N.Ələsgərov).
Vərəqələr: A.Krivotsyuk, 13 (qeyri-idman hərəkəti). Y.Laval, 28 (qeyri-idman hərəkəti). M.Musayev, 60 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Cəmil Quliyev, Müslüm Əliyev, Namiq Bəkirov (hamısı Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Rüfət Əmirov (Bakı).
22 noyabr. Qəbələ. Şəhər stadionu. Tamaşaçısız.
Birinci hissəyə 3, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Milli komandaların oyunlarına görə yaranan fasilə “Neftçi”də məşqçi dəyişikliyi ilə yadda qalmışdı. “Qarabağ”a 0:6 hesablı məğlubiyyət Füzuli Məmmədov üçün baş məşqçi postunda sonuncu olmuş, onu Samir Abasov əvəzləmişdi. Bu dəyişikliyin “xalq komandası” üçün düşərli olub-olmayacağı “Qəbələ” ilə oyunda bilinəcəkdi. Xatırladaq ki, “Neftçi” Qəbələyə son üç səfərindən qələbəylə dönməyi bacarmışdı. Komandaların ilk dövrədəki dueli isə 1:1 hesablı bərabərliklə yekunlaşmışdı. Artıq 2-ci dəqiqədə Raysel Abasovun debütünü korlamağa yaxın oldu. Qapıyla üzbəüz qalan fransalı yarımmüdafiəçi “çərçivə”ni dəqiq nişan ala bilmədi. Görünür, sıx duman Rayselin qapını yaxşı görməsinə mane oldu. Həqiqətən də bu dəqiqələrdə meydanın üzərinə çökən duman görüşü izləyənlərlə yanaşı, futbolçuların da işini xeyli çətinləşdirmişdi. Zaman-zaman duman gah sıxlaşır, gah da müəyyən qədər seyrəlirdi. Belə hava şəraiti daha çox “Neftçi”yə mane olurdu. Yeni baş məşqçiylə ilk oyununa çıxan “ağ-qaralar” uzun müddət rəqibin həmlələrini dəf etməyə çalışdı. Belədə əks-hücum qurmaq cəhdləri də uğursuz alınırdı. İlk 10 dəqiqəni tam meydan sahiblərinin hesabına yaza bilərik. Komandasının bütünlüklə müdafiəyə çəkilməsi Abasovun da xoşuna gəlmirdi. 11-ci dəqiqədən etibarən seyrəlməyə başlayan duman meydanda nəyin baş verdiyini daha yaxşı görmək imkanı verdi. Həmin vaxt da Abasov futbolçularını daha fəal oynamağa və meydanın rəqibə aid hissəsinə irəliləməyə səslədi. Məşqçinin cavabı isə Krivotsyukun kobud oyunu və sarı vərəqə görməsi oldu. Cərimə zərbəsini Qiqauri birbaşa qapıya göndərmək istəsə də, son anda topu meydandan çıxaran Nərimancahan hesabın açılmasına imkan vermədi. 17-ci dəqiqədə gürcü futbolçu Adeniyini qapıçıyla təkbətək çıxarmaq istədi. Amma komanda yoldaşının niyyətini gec anlayan nigeriyalı ləngidi. Bir dəqiqə sonra sürətiylə seçilən Ələsgərov “Qəbələ”nin cərimə meydançasına daxil olmağı bacardı. Müdafiəçilərin əhatəsinə düşən “7 nömrə” komanda yoldaşlarından dəstək almayınca topu itirdi.
Hissənin ortalarına doğru duman xeyli seyrəlmişdi. Bu isə komandaların işini yüngülləşdirmişdi. Meydanı daha rahat görmək, ötürmə vermək imkanı futbolçuların əl-ayağını açmışdı. Bundan yararlanmağa çalışan ilk komanda “Qəbələ” oldu. Cavid 23-cü dəqiqədə Rayseli yaxşı “gördü”. O da öz növbəsində topu qapı qarşısındakı Utriqə doğru havalandırdı. Amma “Neftçi”nin müdafiəçiləri həmin epizodda diqqətli davrandılar və topa braziliyalı hücumçudan əvvəl toxunmaqla təhlükəni sovuşdurdular. 31-ci dəqiqədə Qiqauri uzaqdan qüvvətli zərbə vurdu. Gözlənilməz və baxımlı zərbənin qola çevrilməsi üçün cüzi dəqiqlik çatmadı. Reportajın bu yerində qeyd edim ki, “Neftçi”nin hücum cəhdləri alınmır, topu “Qəbələ”nin qapısı önünə qədər aparmaq mümkün olmurdu. Gah Nərimancahan, gah da Muradbəyli yersiz top itkisiylə “ağ-qaralar”ın hücum qurmaq arzusunun üstündən xətt çəkirdi. 34-cü dəqiqədə Laval oyunu üzərinə götürüb, təkbaşına irəliləməyə çalışdı. Onu da “Qəbələ”nin müdafiəçiləri cərimə meydançasından uzaq zonada qarşılamağı bacardılar. Çox keçmədi ki, oyunda məcburi fasilə yarandı. Medimoreç komanda yoldaşıyla toqquşub, yerdə qaldı. Həkimlərin müdaxiləsi təxminən iki dəqiqə davam etdi. Bu fasilədən dərhal sonra hesab açıldı. Özü də oyunun ssenarisinin əksinə, hesabı “Neftçi” açdı. “Xalq komandası” “çərçivə”yə ilk zərbəni endirdi ki, bu da qolla nəticələndi. Künc zərbəsindən Diasın havalandırdığı topu Krovotsyuk bir toxunuşla tora qovuşdurdu. Hesabda önə keçən “Neftçi” qalan dəqiqələri meydanın özünə aid hissəsinə toplaşıb müdafiə olunmaqla məşğul oldu ki, bu da başadüşülən idi.
İkinci yarının startı yenə də qatı dumanla müşayiət olunurdu. “Qəbələ”nin də daha fəal oynadığını nəzərə alsaq, ilk hissədəki ssenarinin davam etdiyini demək mümkündü. 47-ci dəqiqədə Cavid hesabı bərabərləşdirə bilərdi. Lakin təcrübəli yarımmüdafiəçinin köməyinə gələn olmadı və “Neftçi”nin cərimə meydançasında tək qalan futbolçunun zərbə vurmasına Anton imkan vermədi. “Milliləşdirilən” müdafiəçi 51-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vurdu. Utriq mərkəz dairəsinin yaxınlığında müvazinətini itirib, yerdə qaldı. Topu ondan “oğurlayan” Anton sürətlə irəlilədi və Lavalla əla paslaşdıqdan sonra qapını dəqiq nişan aldı. Utriq bir neçə dəqiqə sonra səhvini düzəldə bilərdi. Onun Aqilin qoruduğu qapıya təkbaşına həmləsini Krivotsyuk kobudluqla dayandırdı. Cərimə zərbəsini isə Asif Məmmədov boşa verdi. Dərhal da hesab 0:3 oldu. Qəfil əks-hücuma keçən “Neftçi”ni Ələsgərov sevindirdi. Bu dəfə də məhsuldar ötümə Lavaldan gəldi. Çox keçmədən “Qəbələ” qollardan birinin əvəzini çıxdı. Nəbiyev Rayselin bir toxunuşla ötürdüyü topu baxımlı zərbəylə qapıdan keçirdi.
Qarşıda hələ yarım saatın qaldığını nəzərə alanda Yusifin qolundan sonra oyunun daha gərgin keçəcəyini proqnozlaşdırmaq olardı. Görüşün axarı da bu proqnozları doğruldurdu. Rövlanın da oyuna qoşulması ilə meydan sahibləri xeyli fəal görünür, tez-tez “Neftçi”nin müdafiəçilərini həyəcanlandırırdı. 72-ci dəqiqədə Cavid Antonun səhvindən sonra Aqillə üzbəüz qalsa da, qolkiperi məğlub edə bilmədi. 7 dəqiqə sonra “Qəbələ” ardıcıl iki künc zərbəsi vurmaq hüququ qazandı. Hər iki epizodda Aqil ayıq-sayıq davrandı. 84-cü dəqiqədə “qırmızı-qaralar” daha bir künc zərbəsini boşa verdilər. Bundan bir dəqiqə sonra Rövlan əla ötürməylə Ceymsi qapıçıyla üzbəüz qoymaq istədi. Amma nigeriyalının oyundankənar vəziyyətdə olması bu hücumu da nəticəsiz qoydu. 87-ci dəqiqədə Yusifin qüvvətli zərbəsi dirəkdən döndü. Hakimin oyuna əlavə etdiyi dəqiqələrdə isə Nəzirov Namiqin fərqlənməsinə mane oldu. “Qəbələ”nin qapıçısı eyni qəhrəmanlığı İbaranın fərqləndiyi epizodda göstərə bilməyincə, “Neftçi” 4-cü qolu vurub, yekun hesabını müəyyənləşdirdi.
AMAL

Gözdən qaçmadı
* Oyunun startı ərəfəsində Qəbələ şəhər stadionun üzərini qatı duman aldı. İndiyə qədər bir neçə dəfə oxşar vəziyyətə şahidlik etmişik. 2015-ci ilə “Qəbələ”nin “Kəpəz”lə görüşü dumana görə yarımçıq qalmışdı. İki il əvvəl “Qəbələ” – “Zirə” matçı məhz bu səbəbdən dayandırılmışdı. Bu dəfə də oxşar təhlükə var idi. Rəvan Həmzəzadənin start fitindən sonra meydanı görmək xeyli çətinləşmişdi. Bununla belə, hakimin start fiti eşidildi.
* Bundan əvvəlki qarşılaşmalarda olduğu kimi, bu dəfə də futbolçular start fitindən əvvəl möhtəşəm pankartla dövlət himnimizi dinlədilər. Pankartın üzərində belə yazılmışdı: “Azan oldum dinmədim, bayraq oldum enmədim, şəhid oldum ölmədim!”

Reaksiyalar
Samir Abasov: “Oyun başqa hesabla bitsəydi belə, bunu anlayışla qarşılayacaqdım. Çünki ilk görüşdü. Yeni baş məşqçinin istədiklərini həyata keçirmək, oyunda tətbiq etmək hər bir futbolçu üçün çətindi. Bunun öhdəsindən bu cür oyunçularla gələcəyimizə inanıram. Oyundan razı qaldığımı deyə bilmərəm. Matça kimi də bəzi problemlərimiz var idi. Tam heyətlə məşq etməmişdik. Əsas heyətin 6-7 üzvü ilə hazırlıq keçirdik. Millinin düşərgəsində olanlar sonradan qoşuldular. Əfsuslar olsun ki, bütün dünyada olan pandemiya bizim futbolçuları da tutdu. Bu isə planlarımıza mane oldu. Bununla belə, Allaha şükür, burdan qalib ayrılırıq. İnanıram ki, oyunumuz getdikcə yaxşılaşacaq. Emin Mahmudovla yanaşı, Mirabdulla Abbasov da COVID-19-a yoluxduğu üçün bura gəlməyib. O, bizimlə cəmi bir dəfə məşq etdi. Çox həvəsli idi, bizi ümidləndirmişdi. Bu gün 100 faiz meydana çıxacaqdı, amma təəssüf ki, testin cavabı pozitiv oldu”.
Elmar Baxşıyev: “İlk öncə xalqımıza Qarabağ müharibəsindəki qələbə münasibətilə təbriklərimi çatdırıram. Matça gəlincə, rəqibin yüksək keyfiyyətli oyunçuları var, amma biz də görüşə yaxşı hazırlaşmışdıq. Komandamız meydanda hər şey göstərir, yalnız qol çatmır. Epizodları biz yaratdıq, rəqib isə yarımepizoddan fərqləndi. Bizdə hər şey - xətlərarası əlaqə qaydasındadı, qarşılıqlı anlaşma da yüksək səviyyədədi. Yalnız qol vəziyyətlərini reallaşdırma "axsayır". Kadr çatışmazlığının olduğunu deməzdim. Sadəcə, son nöqtəni qoymaqda soyuqqanlılıq çatmır. Bütün komponentlər üzərində işləyirik. Qol vəziyyətlərini təsadüfən yaratmırıq, bu, böyük zəhmət sayəsindədi. Məşqdə hər şey qaydasındadı. Bəlkə də oyunların stressi təsir edir, axı bu, hər şeyin yaxşı olduğu bir məşq deyil. İlk 30 dəqiqədə tam üstünlük əldə etdik. Rəqib yarımepizod yaradıb qol vurdu. İstədiklərimi Cavid Hüseynovdan alıram. Bəli, qapıçıyla təkbətəki qolla reallaşdıra bilmədi. O anda qol vursaydı, başqa cür deyərdik. Müdafiə olunan bir komanda qurmaq istəmirəm. Demirəm ki, bizdə hər şey idealdı, səhvlər üzərində işləməliyik".

Maraqlıdı…
“Neftçi” cari mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb. Bu, X turun “Qəbələ” ilə matçına təsadüf edib. Səfər görüşünədək bütün qələbələri bir top fərqi ilə (iki dəfə 1:0, iki dəfə 2:1) olan “ağ-qaralar” bu dəfə 4:1 hesabına sevinib.
Bununla da “Neftçi”nin böyükhesablı qələbə qazandığı mövsümlərin sayı 28-ə çatıb. Yalnız 2015/16 mövsümündə belə nəticəsi olmayan paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçudu. Ümumilikdə 128-ci dəfə üç və daha artıq top fərqi ilə qalib gələn “Neftçi” bu göstəricidə də rekorda sahibdi.
SON XƏBƏRLƏR