Sizin reklam burada

“Qəbələ”dən başqa bütün klublarda yoluxanlar var

Müəllif: football Tarix: 26-11-2020, 13:50 252 Baxış

Evdə müalicə olunan futbolçular özlərini yaxşı hiss edirlər
Ölkəmizdə koronavirusun ikinci dalğası yaşanır. Son günlərdə yoluxma sayının artması bunun bariz nümunəsidi. TƏBİB-in açıqladığı statistik məlumata görə, artıq Azərbaycanda COVID-19 infeksiyasına bulaşanların sayı 95281 nəfərə çatıb. Artıq bu göstəriciyə görə Çin, Tunis və Yunanıstan kimi ölkələri qabaqlayırıq. Qabaqlayıcı tədbirlərin görülməsinə rəğmən, pandemiya geniş vüsət alıb.
COVID-19 premyer-liqa klublarından da yan ötməyib. 8 komandadan 7-si bu problemlə üzləşib. Mövsümün əvvəlindən bəri yalnız "Qəbələ"də koronavirusa yoluxan aşkarlanmayıb. Klubda indiyədək heç kimin testinin nəticəsi müsbət olmayıb. "Sabah"ın 4 futbolçusu infeksiyaya yoluxub. Onlardan Ceyhun Nuriyev, Elşən Abdullayev və Abbas Ağazadə sağalıb. Təmkin Xəlilzadənin testinin nəticəsi isə yığmanın düşərgəsində müsbət çıxıb və o, hazırda Xorvatiyadadı. "Zirə"də legionerlər - Ali Sesay və Klesio Bauk müvafiq olaraq Syerra Leone və Mozambik yığmalarının düşərgəsində bu problemi yaşayıblar. Baş məşqçi Rəşad Sadıqovun köməkçilərindən Eltun Yaqublu da koronavirusa yoluxanlardandı. Hazırda qəsəbə təmsilçisində fəal xəstə yoxdu. Onlar özünütəcrid prosesindən keçəndən sonra sağalıblar.
"Sumqayıt"da yalnız Səbuhi Abdullazadə koronavirusa yoluxub. Futbolçu 14 günlük karantindən sonra sağalıb. Yarımmüdafiəçi “Qarabağ”la matçda meydana da çıxmışdı.
Son illərin dəyişməz çempionu "Qarabağ"ın iki üzvündə virus aşkarlanıb. Bunlar müdafiəçilər Maksim Medvedevlə Rahil Məmmədovdu. Hər iki oyunçunun testinin nəticəsi yığmanın düşərgəsində müsbət çıxıb. Medvedev Lüksemburqda, Məmmədov isə Xorvatiyada karantindədi.
"Neftçi"nin yeni transferi Prins İbara Konqo yığmasının heyətində COVID-19-a yoluxsa da, artıq sağalıb. Paytaxt təmsilçisində hazırda kapitan Emin Mahmudov və hücumçu Mirabdulla Abbasovun son test nəticələri müsbət çıxdığı üçün karantindədilər.
Hazırda "Keşlə"nin iki futbolçusu koronavirus xəstəsidi. Vüsal İsgəndərli və Rəhman Hacıyev komandadan uzaq düşüblər. Onlar ev şəraitində özünütəcrid prosesindən keçirlər.
"Səbail"də də koronavirusa yoluxanlar çoxluq təşkil edir. Əvvəlcə Kamal Qurbanovla komandanın həkiminin testinin nəticəsi müsbət olmuşdu. Daha sonra adı açıqlanmayan 4 oyunçunun testinin nəticəsi müsbət çıxdı və "Sabah"la şənbə günü keçirilməli olan matç dünənə təxirə salındı. Kamal Qurbanov artıq sağalıb. Elgün Nəbiyev, Vüqar Bəybalayev, Əfran İsmayılov və Mirsahib Abbasov isə hazırda karantindədi və ev şəraitində müalicə alırlar.
Koronavirusa yoluxan futbolçuların üçü ilə əlaqə saxladıq. Onların vəziyyətini və özlərini necə hiss elədiklərini soruşduq.
Əfran İsmayılov (Səbail): "İlk testim müsbət çıxdı. Bu gün, ya da sabah növbəti dəfə analiz götürəcəklər. İkinci testin nəticəsi bəlli olana qədər məşqlərdə iştirak etməyəcəm. Virusa necə yoluxduğumu bilmirəm. Amma onu deyim ki, heç bir narahatlıq hiss etmirəm. Rahat oturmuşam, yeyib-içirəm, evin içində gəzib-dolanıram. Hansısa əlamət olsaydı, deyərdim ki, belim, başım ağrıyır, qızdırmam var. Məndə bunların heç biri yoxdu. Test necə müsbət çıxa bilər, baş açmıram".
Vüsal İsgəndərli (Keşlə): “Şükür Allaha, özümü yaxşı hiss edirəm. Nə qızdırma var, nə də öskürək. Sadəcə, qripəm. Dadı hiss edirəm, qoxunu yox. O da ki qripin əlamətdi. Qalan hər şey normaldı. Evdəyəm və karantin qaydalarına riayət edirəm. Ümid edirəm ki, karantindən sonra testim neqativ çıxacaq və yenidən məşqlərə qayıdacam”.
Mirbadulla Abbasov (Neftçi): “Yaxşıyam. Özümü normal hiss edirəm. Simptomsuz keçirirəm. Qızdırmam olur ancaq. Dünən səhər yüksək idi. 37,2-37,9 aralığında dəyişir. Amma öskürək, ürəkbulanma yoxdu. Ev şəraitində müalicə alıram. Sistem vurdururam. İnşallah, qısa zamanda keçər, qayıdaram məşqlərə. Qardaşım da koronavirusa yoluxub. O da mənimlə eyni vəziyyətdədi, simptomsuz keçirir. Ümumilikdə vəziyyətimiz normaldı”.
İLKİN SULTANLI
SON XƏBƏRLƏR