Sizin reklam burada

Karantinlə bağlı qərar yenə qəzetlərin başında çatladı…

Müəllif: football Tarix: 26-11-2020, 13:48 222 Baxış

Məlum olduğu kimi, ölkədə koronavirusla bağlı vəziyyət kəskinləşdiyinə görə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə 21 noyabr saat 00.00-dan 28 dekabr saat 06.00-a qədər şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla qalan bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb. Nazirlər Kabineti fəaliyyətinə icazə verilən sahələr sırasında kütləvi informasiya vasitələrini də göstərsə də, şənbə günü Bakıda arzuolunmaz vəziyyət yaranıb. Qəzetimizin paytaxtda satışını həyata keçirən “Press əks-səda” şirkətinin köşklərini polis qapadıb və hətta qəzet satmaq istəyənləri 200 manat cərimələyib. Yəni qəzetimizin 21-23 noyabr sayı oxuculara çatdırılmayıb, arzulayanlar yalnız dünən “Futbol+”in həmin sayını oxuya biliblər.
Beləliklə, aprel-may aralığında olduğu kimi, yenə dilemma ilə üzləşmişik. Bir tərəfdən “Press əks-səda” şirkətinin köşklərində qəzetlərlə yanaşı, ərzaq məhsulları və içkilər də satılır deyə, polisin hərəkəti anlaşılandı. Digər tərəfdən, polisin hərəkəti anlaşılandısa, bəs qəzetlər harda və necə satılmalıdı?
Təbii ki, belə durum ürəkaçan deyil; həm biz redaksiya olaraq, maliyyə planında ziyanla üzləşirik, həm də qəzet almaq istəyən oxucu çətinliklə üzləşir. Dünən çox çalışsaq da, bu məsələyə aydınlıq gətirə bilmədik. Daha doğrusu, Nazirlər Kabineti, Mətbuat Şurası, “Press əks-səda” və qəzet redaksiyaları səviyyəsində gedən danışıqlarda yekun qərar verilməyib. Hökumətin bu məsələni hansısa şəkildə tənzimləyəcəyi və şənbə-bazar günlərində qəzet satışı üçün normal şərait yaradacağı gözlənilir. Əks halda qəzetimizin çap qrafikində dəyişiklik etməyə məcbur olacağıq. Yəni “Futbol+” çərşənbə axşamı, cümə axşamı və cümə günləri işıq üzü görəcək. Bir daha xatırladırıq ki, bu yalnız ilkin fikirdi, qəzetimizin növbəti sayına qədər məsələyə aydınlıq gələcək.
SON XƏBƏRLƏR