Sizin reklam burada

Nazarov qol vursa da, məmnun deyil

Müəllif: football Tarix: 26-11-2020, 13:46 197 Baxış
Nazarov qol vursa da, məmnun deyil

Türkiyənin 1-ci liqasında 10-cu turun oyunları keçirilib. Araz Abdullayevin formasını geydiyi “Boluspor” doğma meydanda “Ankaraspor”u məğlub edib - 2:0. Bu, Bolu təmsilçisinin cari mövsümdə ilk qələbəsi olub. Amma yığmamızın üzvünün adı iştirak ərizəsinə salınmayıb. Böyük ehtimalla səbəb koronavirusa yoluxmasıdı. Çünki sözügedən matçdan öncə “Boluspor”da koronavirusa kütləvi yoluxma qeydə alınmışdı. Klub azı 10 futbolçunun, 6-dan çox əməkdaşının COVID-19 testinin pozitiv çıxdığını açıqlamışdı. Arazın həm oyunöncəsi son məşqlərdə iştirak etməməsi, həm də bu qarşılaşmanı buraxması onun da yoluxanlar sırasında olmaq ehtimalını artırır. Hesabında 7 xal olan “Boluspor” 18 kollektiv arasında 14-cü yerdədi.
Ukrayna premyer-liqasında 10-cu turun oyunları keçirilib. Pavel Paşayevli “Aleksandriya” da növbəti matçına çıxıb. Bu komanda səfərdə Donetsk “Şaxtyor”u ilə heç-heçəyə (1:1) razılaşıb. Paşayev görüşü əvəzlənmədən keçirib. “Aleksandriya” 14 xalla 14 kollektivin sıralamasında altıncıdı.
Moldova çempionatında 19-cu turun oyunları çərçivəsində Dmitri Nağıyevin formasını geydiyi “Dinamo-Avto” doğma meydanda “Floreşti”ni 2:1 hesabıyla yenib. Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. 27 xalı olan “Dinamo-Avto” 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
Almaniyanın 2-ci bundesliqasında 8-ci turun oyunları reallaşıb. Dmitri Nazarovlu “Ertsgebirge” də növbəti matçına çıxıb. Aue təmsilçisi doğma meydanda “Darmştadt”a qalib gəlib (3:0). 90+1-ci dəqiqədə meydana çıxan yığmanın yarımmüdafiəçisi bundan iki dəqiqə sonra komandasının üçüncü qolunu vurub. Hesabında 12 xal olan “Ertsgebirge” 18 kollektivin sıralamasında yeddincidi.
Yeri gəlmişkən, Nazarov oyunla bağlı fikirlərini bölüşüb: "Bu qələbə çox vacib idi. Çünki 4 oyundu qalib gələ bilmirdik. Üstəlik, yenə doğma meydanda qələbə qazandıq. Əlbəttə, son 2-3 dəqiqədə oynadığıma görə məmnun deyiləm. Qısa müddətdə çox az iş görə bilərsiz. Rəqibiniz hücum edirsə, topla oynadığınız üçün xoşbəxt olmalısız. Özümü daha yaxşı tərəfdən göstərməyə və baş məşqçinin etimadını qazanmağa çalışacam".
Çexiyanın 2-ci divizionunda 8-ci turun oyunları keçirilib. Fərid Nəbiyevli “Viktoriya” doğma meydanda “Lisen”lə münasibətləri aydınlaşdırıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 3:1. Fərid 88-ci dəqiqədə meydana çıxıb. 15 xala malik “Viktoriya” 2-ci pillədə qərarlaşıb.
SON XƏBƏRLƏR