Sizin reklam burada

Utanmırsız, cənablar?

Müəllif: football Tarix: 25-11-2020, 18:11 475 Baxış
Həyat təcrübəmiz, gördüklərimiz və eşitdiklərimiz belə bir qənaətə gəlməyə imkan verir ki, insanın daxili gözəlliyi bütün hərəkətlərini idarə edir, düzgün istiqamətə yönəldir. Bəzən xəstəliklər sırasına daxil olunan utanmaq, utancaqlıq, xəcalət çəkmək hissini bu zənginliyin tacı kimi görürük. Həyatda nədənsə utancaq yaranmış insanları bu nemətdən məhrum etmək məqsədi ilə “utananın oğlu olmaz” deyərək, onları sırtıqlaşmağa sövq edirlər.
İngilis şairi Vilyam Vördzvörs deyib ki, ən gözəl ətirli gül utancaq və boynubükük olur. Maraqlıdı, bizə cansız, duyğusuz görünən saysız-hesabsız, ruhu oxşayan ətirli güllər nədən utancaqdı? Onlar, şübhəsiz, Yaradandan utanırlar. Sahib olduqları gözəlliyin, ətrin onlara Allah tərəfindən lütf edildiyini bildikləri üçün bu qədər təvazökardılar. Allahın ən zəngin lütflərinə sahib olan insan nədən bu qədər dikbaş, təkəbbürlü və eqoistdi? Bunun əsas səbəbi müvəqqəti sakini olduğu dünyaya, sadəcə, pəncərə kimi baxmasında, onu oxuyub, duya bilməməsindədi.
Utancaqlığa görə hərdən hər birimiz özümüzü qınayır, danlayırıq. Əslində buna görə sevinməli, şükür etməliyik. Şeytanın mesajlarından qorunmaqda onun əhəmiyyəti böyükdü. Bu hiss maşının əyləci kimidi - müəyyən təhlükə ilə üzləşərkən dərhal əyləc köməyimizə gəldiyi kimi, mənəvi saflığına zərər verəcək hər hansı bir addımdan da insanı utancaqlıq, abır-həya qoruyur.
Müasir elm də utancaqlığın insan xarakterində böyük rol oynadığını sübut edir. Utancaqlıq insana hərəkətlərini ölçüb-biçmək, özünə tənqidi yanaşmaq, tamahını cilovlamaq, diqqətli olmaq, kiminsə könlünü qırmaqdan çəkinmək, məsuliyyət hissi aşılayır. Utancaq insanlar həm də ətrafdakılar üçün ibrət nümunəsi olub, onlara özlərini müqayisə etmək imkanı verir. Bu yaşa çatmışam, heç bir sırtıq insanın başqaları tərəfindən tərifləndiyini eşitməmişəm. Abır-həya təkcə bir nəfər yox, bütün bir nəsil üçün həmişə gözəllik, nəciblik əlaməti sayılıb.
Bəzən düşünürəm ki, azərbaycanlı futbolçular, əsasən də millimizin üzvləri utancaqlıq hissini özlərindən uzaq tuturlar. Çünki belə olmasaydı, qazanmadıqları nəticələrə görə xəcalət təri çəkərdilər. Niyə onlar utanmalıdırlar? Gəlin, sadə dildə izah edim!
Azərbaycan yığması Monteneqro, Lüksemburq, Cənubi Kipr milli komandalarının olduğu C liqasının 1-ci qrupunda 3-cü pillədə qərarlaşdı. Yığmamız son 3 matçında rəqib qapılarından nə top keçirib, nə də qol buraxıb. Nəticə baxımında bir şey qazanmasalar da, kəsələrini manatla doldurublar. Mediada yer alan xəbələri diqqətinizə çatdırıram. Azərbaycan yığmasının futbolçularının noyabr üçün qazancı məlum olub. AFFA əsas heyət üzvlərinin hər birinə 45000 manata yaxın vəsait ödəyəcək. Bunun 30 mini Monteneqro və Lüksemburq ilə Millətlər Liqasındakı son iki oyunun payına düşür. Federasiya hər iki qarşılaşmanı qolsuz bitirən və əvəzində 2 xal qazanan, bununla belə, qarşısına qoyulan məqsədə çata bilməyən komandaya bu qədər mükafat ödəməyi özünə sığışdırıb. Daha 10 min manat isə Sloveniya ilə keçirilən yoldaşlıq görüşündə qeydə alınan hesaba görədi (0:0). Yerdə qalan vəsaitə gəlincə, bu, oyunçuların millinin düşərgəsində olduqları hər günə görə hesablanan ezamiyyət xərcidi.
8 gün ərzində Avropanın üç müxtəlif ölkəsində gəzib-dolaşan, heç bir nəticə göstərməyən şəxs və şəxslər 45000 min manat pul qazandılar. Onların yerinə isə biz əsəb keçirdik, qanımız qaraldı. Müharibə şəraitində olan ölkənin 29 vətəndaşı heç bir uğur əldə etmədən, faydalı iş əmsalları sıfır olduğu halda ümumilikdə 1 milyon manata yaxın pul qazanır. Bu ədalətsizlik dünyanın dırnaqarası prinsiplərindəndi, amma insani dəyərlər? Həmin şəxslər pulu alarkən vicdanları sızıldamayacaqmı? Özlərinə sual verməyəcəklər ki, axı, hansı əsasla mən bu pula sahib oluram? Bəs həmin futbolçuların vətənpərvərlik duyğuları harada qaldı? Başqa vaxt legionerləri qınayırıq ki, gəlib, heç nə etmədən pullarını qazanıb, gedirlər? Sizin onlardan fərqiniz nədi?
Şuşa döyüşləri zamanı yaralanan əsgər qardaşlarımızın çəkdikləri sosial şəbəkələrdə yayılıb. Videoda onlardan heç biri sağlam görünmür. Kiminin əli, kiminin ayağı, kiminin beli, çiyni yaralı idi. Mən həmin görüntüləri izləyərkən utanc hissi keçirdim ki, Qarabağda döyüş gedə-gedə, paytaxt Bakıda rahat, narahatlıq hissi keçirmədən, qələbə qazanmağın qüruru ilə yaşayırdım. Təklif edirəm ki, həmin videoya baxın! Bəlkə siz də boş-boşuna əldə etdiyiniz, bu xalqın, əsgərlərin boğazından kəsilən pulları götürdüyünüzə görə utanarsız!
SON XƏBƏRLƏR