Sizin reklam burada

Vaqif Sadıqov hələ də arzularla yaşayır...

Müəllif: football Tarix: 24-11-2020, 14:59 348 Baxış
Vaqif Sadıqov hələ də arzularla yaşayır...

“AFFA-da mən və başqaları Prezidentin qarşısında gözükölgəli deyilik”
Yığma Millətlər Liqasında çıxışını başa vurdu. Canni De Byazinin rəhbərlik etdiyi komanda C Liqasının 1-ci qrupunda Monteneqro, Lüksemburq və Cənubi Kiprlə mübarizədə 3-cü pillədə qərarlaşdı. Millimiz 6 matçda 6 xal topladı, 2 qol vurdu, 4 top buraxdı. Bizdən fərqli Ermənistan yığması 2-ci qrupu lider kimi tamamladı. Düşmən ölkənin komandası Şimali Makedoniya, Gürcüstan və Estoniya millilərindən 11 xal almağı bacardı. Onlar 3 qələbə qazanıb, 2 heç-heçə edib, 1 oyunda məğlub oldular. Ermənilər rəqib qapıçılarını 9 dəfə məyus edib, 6 qol buraxdılar.
Mənzərə göz önündədi. İqtisadi-resurs baxımından Azərbaycandan qat-qat geridə olan ölkənin komandası öz qrupunu lider kimi bitirir. Bizim milli isə... Görəsən, federasiyanın rəhbər şəxsləri bununla bağlı nələr düşünürlər? Onlar yığmamızın çıxışından razıdılarmı? Azərbaycan futbolunun gələcəyinə ümid edirlərmi? Bu və başqa suallara cavab tapmaq üçün AFFA-nın İcraiyyə Komitəsinin üzvü, assosiasiyanın vitse-prezidenti Vaqıf Sadıqovla əlaqə saxladıq. Uzun illərdi Azərbayca futbolunda idarəçi şəxs olan Sadıqov komandamızın gələcəyinə və uğurlarına ümid bəslədiyini bildirdi.
- Milli komandamız Millətlə Liqasında qrupu 3-cü pillədə bitirdi. Nəticəni qənaətbəxş saymaq olarmı?
- Təbii ki, indiki məqamda nəticə bizi sevindirmədi. Lakin gənclərdən və Azərbaycan premyer-liqasında çıxış edən futbolçulardan ibarət milli komandanın oyunlarını izlədik. Nəticələr yaxşı olmasa da, meydanda əzmkarlıq nümayiş etdirdilər. Hiss olunurdu ki, istəklidilər. Baş məşqçi də onlardan yaxşı heyət formalaşdırmaq niyyətindədi. Ona zaman verib, daha yaxşı nəticələr əldə etməsini gözləməliyik. Hamımız bir olub, millimizə və futbolçularımıza güvənməliyik.
- Oyunlarda futbolçuların əzmkarlığını hiss etdiz?
- Bunu mən yox, siz də hiss etdiz. Belə olmasaydı, daha pis nəticələr əldə edərdilər. Son qarşılaşmalarda göründü ki, müdafiədə etibarlı oyun nümayiş etdirirlər. Sadəcə, dəqiqlik və ustalıq səviyyəsi çatmadı ki, yaratdıqları imkanları dəyərləndirsinlər. Zamanla bu da həllini tapacaq. Hamımız birgə onlara dəstək olmalıyıq ki, daha yaxşı nəticələr əldə etsinlər.
- Vaqif bəy, Ermənistan yığması öz qrupunu lider kimi başa vurdu. Federasiya rəsmisi yox, sadə azərbaycanlı kimi hansı hissləri keçirdiz?
- Əlbəttə, pis oldum. Amma düşünmürəm ki, bizim futbolçularımız onlardan zəifdi. Azərbaycan hər sahədə onlardan üstündü. Ordumuz Qarabağda düşməni məhv etdi. İqtisadi və siyasi baxımdan onlardan üstünük. Futbolda da onlardan güclü nəticələr əldə edəcəyik. Sadəcə, zaman lazımdı. Cənab Prezidentin də öz çıxışlarında bildirdiyi kimi, səbirli olaraq qələbə qazandıq. Biz də indi səbirli olmalıyıq ki, futbolda milli səviyyəsində uğurlar əldə edək.
- Nə qədər gözləməliyik, Vaqif bəy?
- Zamanı dəqiq olaraq heç kim deyə bilməz. Amma bir gün gələcək ki, biz ermənilərdən futbolda daha üstün olacağıq. İndi bir olmalıyıq, həll yolunu tapmalıyıq. Hamımız tənqid edək, pisləyək, nə əldə edəcəyik? Lakin birgə çıxış yolunu tapıb, problemi həll etməliyik. Yığmamızın üzvləri Avropanın “top-5” ölkələrinin klublarında çıxış edən futbolçulara qarşı mübarizə aparırdılar. Onların ustalıq səviyyəsi bizimkilərdən üstün idi. Lakin oyunçularımız onların ad-sanlarından çəkinməyib, meydanda mübarizə aparırdılar. Bəzi qarşılaşmalarda üstün oyun nümayiş etdirsələr də, dəqiq olmurdular. Bir daha deyirəm, nəticə olaraq yaxşı çıxış etməmişik. Amma zamanla inkişaf edəcəyik, uğurlar əldə edəcəyik.
- AFFA dövlətə bağlı qurum olsaydı, hesabat vermək məcburiyyətində qalsaydız, cənab Prezident İlham Əliyevə nə təqdim edərdiz?
- Futbolda çox iş görülüb. Milli komanda səviyyəsində nəticə əldə etməmişik. Amma AFFA-da mən və başqaları Prezidentin qarşısında gözükölgəli deyilik. Hesabat verməli olsaq, hamı verə bilər. Bizim uğurlarımız olacaq. Milli komandamız da inkişaf edəcək. Yenə deyirəm, sadəcə, zaman və işləmək lazımdı. Problemləri birgə həll etməliyik. Sən, mən, o deyə ayırmamalıyıq. Müharibədə hamımız bir olub, qələbə qazandıq. Digər sahələrdə də, həmçinin futbolda gücümüzü birləşdirib, qələbə qazanacağımız günlər üçün çalışmalıyıq. Əminəm ki, Azərbaycan millisi tezliklə Avropa və dünya çempionatlarında çıxış edəcək. Burda uğurlar qazanacaq gücə malik olacaq.
- Qarabağın işğaldan azad olunan rayon və şəhərlərində federasiya yeni klublar yaratmaq niyyətindədi. Deyəsən, futbolun coğrafiyasını dəyişirsiz. Bu istiqamətdə planlardan danışa bilərsiz?
- Bu gün çalışırıq ki, ölkəmizin ərazi bütövlüyü bərpa olunandan dərhal sonra futbolumuzun da əhatə dairəsini genişləndirək. Artıq ilkin məlumatlar verilib və qərarlar qəbul edilib. İndi bu prosesinin mexanizmini həyata keçirməyə başlamalıyıq. Əminəm ki, böyük işlər görəcəyik. İnşallah, Qarabağda tezliklə Çempionlar Liqasının himni səslənəcək. Bütün ölkə buna sevinəcək.
- 21 yaşadək futbolçulardan ibarət milli komanda Avropa çempionatının seçmə mərhələsini 5-ci pillədə bitirdi. Nəticədən razısız?
- Bizim qrupumuzda güclü komandalar var idi. Buna baxmayaraq, daha yaxşısını gözləyirdik. Yerli mütəxəssislər, digər məşqçilər olanda daha yaxşı nəticələr əldə etmişdik. Komanda olaraq yaxşı çıxış etdilər. Lakin burda da əsasən nəticəyə baxsaq, məmnun deyilik.
- Milan Obradoviç baş məşqçi postundan göndəriləcəkmi?
- Onun müqaviləsinin müddəti hələ bitməyib. Obradoviçin taleyi haqda danışmaq etik cəhətdən düzgün deyil. Təbii ki, hesabat xarakterli görüş olacaq. Buna qədər digər milli komandalarının nəticələri, gedən proseslər haqda məlumat toplanılaraq Obradoviçə təqdim olunacaq. O da öz növbəsində hesabatını federasiyaya təqdim edəcək. Bundan sonra Obradoviç haqda yekun qərar veriləcək. Nəticə bəlli olandan sonra ictimaiyyətə elan ediləcək.
İLKİN SULTANLI
SON XƏBƏRLƏR