Sizin reklam burada

Canni De Byazi daim nikbinliyini qoruyub

Müəllif: football Tarix: 24-11-2020, 14:54 246 Baxış

“Nizam-intizamı olan və yeri gələndə aqressiv futbol oynamağı bacaran komandamız var”
Canni De Byazi milli komandanın baş məşqçisi olaraq yetirmələrini 6 rəsmi oyuna çıxardı. İtaliyalı mütəxəssis mediaya açıqlamalarında hər zaman pozitiv fikirlər səsləndirib, komandanın inkişafda olduğunu və daha da yaxşı olacaqlarını bildirib. 64 yaşlı məşqçi Millətlər Liqasındakı qarşılaşmalardan sonra mətbuat konfranslarında nikbinliyini qoruyub. De Byazinin rəsmi görüşlərdən sonra təşkil olunan mətbuat konfranslarında səsləndirdiyi fikirləri diqqətinizə çatdırmağı lazım bildik. Onun açıqlamalarının zamanla nə dərəcədə dəyişib-dəyişmədiyinə özünüz qiymət verin.
Azərbaycan - Lüksemburq 1:2
“Oyuna yaxşı başlaya bilmədik. Topa sahibolmada problemlər yaşadıq. Psixoloji problemlər görünürdü. Özümüzə gəlincə, qırmızı vərəqə ilə meydanda azlıqda qaldıq. Matçın böyük hissəsini 10 nəfərlə keçirdik. Onu nəzərə almaq lazımdı ki, mövsümün əvvəlidi və futbolçuların fiziki hazırlığı ən yüksək səviyyədə deyil. İki sadə qol vuraxdıq. Avtoqol, sonra penalti oldu. Sona doğru isə futbolçuların yorğunluğu hiss olunurdu. Lüksemburq güclü komandadı. Uzun müddətdi bir yerdə çıxış edirlər, hazır mexanizmləri var. Futbolçuların çoxu ölkə xaricində çıxış edir. Bizim üçün vacib test idi. 12 məşqlə yekun qərar verməyin mümkün olduğunu düşünmürəm. Bütün futbolçularımıza təşəkkür edirəm. 26-cı dəqiqədən 10 nəfərlə oynamaq çətindi. Çalışdıq, hətta qol da vurduq. Bu çox pozitiv məqamdı. Çalışmalıyıq, həm fiziki, həm də taktiki cəhətdən inkişaf etməliyik. Oyunçularım hadisələrə tez reaksiya verdilər. Ən neqativ hadisələr baş verdi. Ancaq 10 nəfərlə qol vura bildik. İkinci hissədə daha inamlı olacağımıza inanırdım. Ancaq avtoqol və penalti vəziyyəti daha da qəlizləşdirdi. Biz hər bir turnirdən müksimum istifadə etməliyik ki, daha da güclü olaq, komanda şəklində inkişaf edək. Komandada böyük istək gördüm. Güclü, hazır rəqibə qarşı oynayırdıq. Matçın startında çətinliklərimiz oldu, geriyə ötürmələr çox idi – mən futbolçularımdan bunu istəməmişdim. Komandanı yaxşı tanıyıram. Ola bilər ki, fərdi baxımdan xarakterləri yaxşı bilməyim. Ramil meydanda hər şeyi vermişdi və davam edə bilmirdi. Arazı meydana buraxmağımızın səbəbi fiziki cəhətdən yaxşı olması idi. Bizə meydanın mərkəzində qaçan futbolçu lazım idi. Rəqib iki hücumçuya keçdikdən sonra müdafiədə say artırmaq üçün Adili meydana buraxdıq. Hamı səhv edə bilər. Bunu normal qəbul etmək lazımdı. Səhv həmişə baş məşqçinindi. Artıq günahkar var, narahat olmayın. Bəli, hər iki hissəyə çətinliklə başladıq. Bilirdik ki, rəqibin sürətli, texnikası yüksək futbolçulaır var. Mərkəzi bağlayıb rəqibi cinahlara çəkilməyə məcbur etmək istəyirdik. Ancaq 10 nəfərlə çox çətindi. Futbolçularımdan yaxşı əks-hücumlar istəyirdim. Təmkinlə Namiqdə bəzən alınırdı. Sona doğru 3 mərkəz müdafiəçisi ilə daha rahat oynayacağımızı düşünürdük. Ancaq penalti oldu, son dəqiqələrdə isə rəqib topu dirəyə vurdu. Komandanın oyunundan razı qaldım. Bütün futbolçular bacardıqlarını etdilər. Uzun fasilədən sonra futbolçular fiziki olaraq tam hazır deyillər. Bu da təsirini göstərirdi. Standart vəziyyətlərdə səhvlərimiz olmadı. Rəqibin pressinqinə görə uzun ötürmələrdən istifadə etməli olurduq ki, bu da işimizi çətinləşdirirdi, top saxlaya bilmirdik. Beynəlxalq səviyyədə yaxşı nəticə göstərmək istəyiriksə, işləməli və inkişaf etməliyik. Nəzərə alaq ki, qeyri-adi situasiyadayıq. Azərbaycan çempionatını izləmişəm, avrokubokları da. Bizdə yaxşı futbolçular var. Nikbin olmalıyıq. Məqsədlərimizə çatmaq istəyiriksə, ilk növbədə futbolçuları buna inandırmalıyıq. Komanda uduzanda ilk günahkar da, hamıdan çox narahat olan da mənəm. Fikrimcə, Emreli yaxşı futbolçudu, oyun keyfiyyətləri yüksəkdi. Böyük səhv etdi, bunu hamımız anlayırıq. Orda nə baş verdiyini dəqiq bilmirəm. O, həmin epizodda rəqibdən çox özümüzə zərbə endirdi. Çalışacam ki, himni tam öyrənim. Hələlik yalnız son hissəsini bilirdim. Bunu Albaniyada etmişəm. Sözləri artıq özüm üçün tərcümə etmişəm. Himn çox xoşuma gəlir, həm özü, həm sözləri. Sizlərdən biri olmaq mənim üçün çox vacibdi. Diliniz çox çətindi. Alban dili də çətin olsa da, öyrənmişdim”.
Cənubi Kipr - Azərbaycan 0:1
“Çox yaxşı oyun keçdi. İlk hissədə daha çox qol vura bilərdik. Sevinirik ki, nəticə xeyrimizə oldu. İkinci hissədə yorğunluq hiss olunurdu. Bir az da gərginlik var idi. Sevindirici haldı ki, oyunu tam heyətlə tamamladıq. Lüksemburqa qarşı görüşlə müqayisədə müəyyən dəyişiklik etdik. Xoşuma gəlməyən şeylər var idi. Ən vacibi futbolçuların istəkli olmasıdı. İlk gündən demişdim ki, uğurlu nəticəyə və qələbəyə hamımız inanmalıyıq. Belə olarsa, bu gün qazandığımız qələbələrin sayı çox olacaq. Bu gün komandamız qələbə qazanmaqla yanaşı, qısa müddət ərzində məğlubiyyətdən nəticə çıxarmağı və xarakter nümayiş etdirməyi bacardı”.
Monteneqro - Azərbaycan 2:0
“Fərqli oyun göstərərək qalib gəlmək istəyirdik. İlk dəqiqələrdən künc zərbəsindən qapımızdan qol buraxdıq. Monteneqro millisinin qol vurmaq üçün az şansı oldu və yaratdıqları imkandan maksimum istifadə etdi. İlk hissədə daha aşağı tempdə oynadıq. Ayıq başla buraxdığımız səhvləri təhlil edəcəyik. Maksimin zədəsinin nə dərəcədə ciddi olub-olmadığı bilinmir. Komandamızın kapitanı və vacib oyunçularındandı. Meydanda olduğu müddətdə yaxşı oyun nümayiş etdirdi”.
Azərbaycan - Cənubi Kipr 0:0
"Qalib gəlməli olduğumuz oyun idi. İlk hissədə çoxlu imkanlarımız oldu, ancaq istifadə edə bilmədik. Fasilədən sonra da yaxaladığımız fürsətləri dəyərləndirə bilmədik. Təbii ki, qol vurmadan qalib gəlmək olmur. Futbolçular meydanda ürəklərini qoydular. Qrupdakı son şansımızdan istifadə etmək istəyirdik. Təəssüf ki, alınmadı. Bu oyunda iki xal itirdik, nəinki 1 xal qazandıq. İlk hissədə hesab 3:0 ola bilərdi. Dediyim kimi, şanslardan istifadə edə bilmədik. Oyuna yaxşı köklənmişdik, qalib gələcəyimizə inanırdıq. Qalib gəlsəydik, komandadakı əhval-ruhiyyə müsbət mənada dəyişə bilərdi. Müdafiədə səhv etməmək üçün çalışdıq hücumameyilli futbol oynayaq, müdafiədən tez hücumlar təşkil edək. Komandada hər şeyə mən qərar verirəm. Penalti epizoduna gəlincə, Qaranın vurmasını mən istədim. Komandamızın kapitanıdı. İstədik ki, bu çətin vəziyyətdə penaltini o yerinə yetirsin".
Azərbaycan - Monteneqro 0:0
“Oyundan və nəticədən razı qaldığımı deyə bilmərəm. Hücumda çox ləng idik. Komanda ilə əlaqədar yeganə müsbət məqam 4 oyunda qol buraxmamağımızdı. İkinci hissədə imkanlarımız oldu, ancaq istifadə edə bilmədik. Bu cür oyunlarda çox risk etmək olmur. Çünki sonda uduza da bilərsən. Oyunun gedişində dəyişiklik etsək də, istədiyimizi ortaya qoya bilmədik. Hücumda çatışmayan əsas məqam çoxala bilməməyimizdi. Cinahlar hücuma daha fəal qoşulmalı idi. Məsələn, Amin Seydiyevin bir epizodu oldu, ancaq istifadə edə bilmədi. Dediyim kimi, sevindirici hal odu ki, müdafiədə inamlı oynayırıq və bizə qol vurmaq çətindi. Abbas Hüseynov bizim üçün çox vacib oyunçudu. Sloveniya ilə qarşılaşmada ona istirahət vermişdim. Son 15 dəqiqədə meydana buraxdım. İkinci hissədə oynasaydı, komandaya çox kömək edərdi. Zədəsinin nə dərəcədə ciddi olması növbəti günlərdə məlum olacaq”.
Lüksemburq - Azərbaycan 0:0
“Bizim üçün vacib qarşılaşma idi. Çətin oyun olacağını bilirdik. İlk hissədə rəqibin qol vurmaq şansları oldu. Qapıçımıza təşəkkür edirik, bizi real qoldan xilas etdi. Bədavi Hüseynovun zədələnməsi oyun planımızı pozdu. Onun əvəzlənməsindən sonra oyun planımız dəyişdi. Daha yaxşı oyun nümayiş etdirmək istəyirdik. Texniki və taktiki cəhətdən daha yaxşı oynaya bilərdik. Bunun üçün imkanlarımız vardı. Qrupun ilk görüşünə daha yaxşı hazırlaşa bilmədik. Bu komandanın potensialı var. Futbolçuları inandırmalı və onlarda qalib psixologiyasını formalaşdırmalıyıq. Düzgün yolda olduğumuzu düşünürəm. Nizam-intizamı olan və yeri gələndə aqressiv futbol oynamağı bacaran komandamız var. Marta qədər rəsmi oyunlar yoxdu, rəhbərliklə danışmalıyq. Bəzi təşkilatı işlər görüldükdən sonra yanvarın sonu-fevralın əvvəlində təlim-məşq toplanışı və iki yoxlama oyunu keçirməyi planlaşdırırıq”.
Bütün bu açıqlamalardan sonra daha bir maraqlı məqamı xatırlatmaq istəyirik. Joze Mourinyo kimi, De Byazi də statistika ilə ciddi şəkildə maraqlanır. Sirr deyil ki, az qala hər dəfə yığmanı neçə məşqə çıxardığını da deyir. Məsələn, lap son günlərdə komandanı artıq 30 məşqə çıxardığını bildirmişdi. Maraqlıdı, məşqlərin sayı ilə komandanın nəticələri arasında səbəb-nəticə əlaqələri varmı?
İLKiN SULTANLI
SON XƏBƏRLƏR