Sizin reklam burada

Məni nəvəmin yanında utandıranlar utansın

Müəllif: football Tarix: 24-11-2020, 14:45 442 Baxış
Allah ömür versə, mən də nə vaxtsa baba olacam. Təsəvvür edin, təxminən 20 il sonra mən...
Günəşli günlərin biridi. Böyük oğul nəvəm, qız nəvəm və kiçik oğul nəvəm məni ziyarətə gəliblər. Ordan-burdan söhbət edib, dərslərini necə oxuduqları ilə maraqlandıqdan sonra böyük nəvəm “baba, mən hərbçi olmaq istəyirəm. Mənə bizim hərb tariximizdən danışardın” deyir. Boğazımı arıtlayıb, çayımdan bir qurtum içib, siqaretimdən bir qullab alandan sonra gözümü yumub 2020-ci ili, 44 günlük Vətən Müharibəsini xatırlayıram və “mənim balam, xalqımızın həmişə igid, qəhrəman əsgər və zabitləri olub. Məhz bu igidlərin sayəsində ikinci Qarabağ savaşını qalib başa vurmağı bacardıq. Şuşa uğrunda gedən döyüşdə əjdaha döyüşçülərimizin göstərdiyi şücaət dünyanın hərb tarixinə düşdü. İnşallah, sən də vətənə layiqli zabit olub Həzi Aslanovun, Polad Haşımovun, Mais Barxudarovun, Hikmət Hacıyevin, Hikmət Həsənovun yolunu davam etdirərsən” söyləyirəm.
Onun ardınca qız nəvəm də dil-boğaza qoymur: “baba, mən isə həkim olacam. Bizim səhiyyəmizdən də söz açardın”. Yenə ilıq çaydan bir qurtum alıb, sönmüş siqaretimi yandırıb, üzümü qaraqaş, qaragöz, uzunsaç qız nəvəmə tutaraq, “mənim balam, Azərbaycanda həmişə savadlı, işini bilən, xalq tərəfindən sevilən həkimlər olub, var və olacaq. Azərbaycanın ilk tibb elmləri doktoru Əbdülxalıq Axundov olub. İlk təhsilini Bakıda alan Axundov 1888-də Almaniyanın Erlangen şəhərindəki Fridrix Aleksandr adına universitetin tibb fakültəsini bitirib. Göz bəbəyinin klinik tədqiqi mövzusunda yazdığı əsərə görə tibb doktoru alimlik dərəcəsi alıb. Almaniyadakı təhsilini başa vurandan sonra Bakıya dönərək Azərbaycanda ilk göz xəstəlikləri məntəqəsi açıb. Bizim dünya miqayasında tanınan Mustafa Topçubaşov kimi cərrahımız olub. Kardioloq Tamerlan Əliyevin səsi-sorağı aləmə yayılmışdı.Oftalmologiya elminin inkişafında müstəsna xidməti olan Zərifə Əliyevanı qeyd etmək lazımdı” söyləyirəm. Hiss edirəm ki, dediklərim nəvəmin ürəyincədi və peşə seçimində səhv etmədiyini düşünür.
Onların ardınca ən nadinc, kitab üzü açmayan, məktəbə zorla göndərilən, bütün gün topla qonşuların pəncərəsini sındıran kiçik nəvəm də özündən böyüklərin sözlərindən cuşa gələrək “baba, mən futbolçu olmaq istəyirəm. Bir az da Azərbaycan futbolu haqda danış” deyir. Artıq soyumuş çaydan bir qurtum içib, yeni siqaret yandırıb üzümü tavana zilləyərək həyatını futbola həsr etmək istəyən bu cüvəllağıya nə deyəcəyimi düşünürəm. Özlüyümdə “bəlkə yalan uydurum” deyə fikirləşirəm. Ancaq içimdəki ikinci mən “vicdanın olsun, həqiqəti dilinə gətir, uşağı vaxtında düz yola qaytar” deyir. İkili hisslər arasında qalsam da, “ay bala, Azərbaycanda futbol 1911-ci ildə yaransa da, demək olar ki, ilk gündən şikəst doğulub. SSRİ dönəmində qonşularımız çempion olub, ölkə kubokunu qazandığı halda, biz ancaq bir dəfə çətinliklə bürünc medal qazanmışıq. Müstəqilliyn ilk illərində UEFA heç bizi quruma üzv etmək istəmirdi. Sadəcə, ümumi axına görə qitə futbol qurumuna qəbul olunduq. 2008-ci ildə futbol təsərrüfatımızın başına keçən funksionerlər isə bu idman növünü elə hala saldılar ki, hələ də özümüzə gələ bilmirik. Hələ də qrup sonuncusu olmamaq üçün mübarizə aparırıq. Özün də görürsən ki, artıq Qrenlandiya millisi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanır, katolik rahiblərin yer aldığı Vatikan yığması dünya çempionatında çıxış edir. Biz isə Alberto Torres, Berti Foqts, Robert Prosineçki, Nikola Yurçeviç, Canni De Byazinin ardından bu dəfə Madaqaskardan baş məşqçi dəvət etmişik ki, bizə nəsə öyrətsin. İllər dəyişsə də, yığmanı çalışdıran əcnəbi baş məşqçilərin siyahısı genişlənsə də, hələ də məhəllə səviyyəli turnirlərdə sonuncu olmadığımıza görə sevinirik. Odu ki, bala, sən ən yaxşısı indidən futboldan uzaqlaş, nəslimizi yüzminlərlə azarkeşə söydürmə, özünə başqa peşə seç” deyib, sonbeşik nəvəmin arzusunun əksinə getdiyim üçün utanıram, alnımdan axan soyuq təri silirəm...
SON XƏBƏRLƏR