Sizin reklam burada

“Neftçi” Seyşel adalarında dövlət çevrilişi ilə üzləşib

Müəllif: football Tarix: 24-11-2020, 14:34 455 Baxış
“Neftçi” Seyşel adalarında dövlət çevrilişi ilə üzləşib

Asim Xudiyev: “Moskvadan gələn komissiyanın üzvləri gözlərinə inanmadılar”
İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə istər- istəməz köhnə günləri yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idmanın şahı”na həsr edən insanlarla söhbət edir, yaddaşlarında əbədi yazılan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikamızın budəfəki qonağı veteran futbolçu, beynəlxalq dərəcəli hakim Asim Xudiyevdi.
“Təsəvvür edirsiz, SSRİ vaxtında şəhərdə heç kim rus dilində bilmir”
1976-cı ildə Avtomobil Nazirliyinin tərkibində “Avtomobilçi” komandası fəaliyyət göstərirdi və bu kollektiv SSRİ çempionatının 2-ci dəstəsinin 9-cu zonasında çıxış edirdi. Həmin vaxt gənc futbolçular kimi məni, İsgəndər Cavadovu və Səmədağa Şıxlarovu oyun praktikası qazanmaq üçün bu komandaya göndərmişdilər. Mövsümün ilk oyununda Gürcüstan təmsilçisi ilə qarşılaşmalıydıq. Həmin komanda qonşu ölkənin ucqar bölgəsini, dağlıq ərazidə yerləşən Çiatura şəhərini təmsil edirdi. Qatarla Tiflisə yollandıq. Ordan isə avtobusla uzun sürən yolçuluqdan sonra dağları aşıb balaca bir şəhərə çatdıq. Rəhbərlik əvvəlcədən komandanın harda məskunlaşacağını müəyyənləşdirmişdi. Biz “Smena” mehmanxanasında qalmalıydıq. Şəhərin girişində mehmanxananın yolunu öyrənmək üçün avtobusu saxladıq. Rəsmilər şəhər sakinlərinə yaxınlaşıb rus dilində “Smena”nın yerini soruşurlar. Ancaq heç kim rus dilində bilmədiyindən doğru-dürüst cavab verə bilmirdi. Təsəvvür edirsiz, SSRİ vaxtında şəhərdə heç kim rus dilində bilmir. İndi siz görün biz hara, hansı ucqar bölgəyə futbol oynamağa getmişik. Təxminən 1 saata yaxın şəhərin girişində dayanıb mehmanxananın yerini bizə deyəcək adam axtarmışıq. Sonda rəhbərlikdən kiminsə ağlına gəldi ki, rəqibimiz olan “Maqareli”nin rəsmiləri ilə əlaqə saxlasın. Çətinliklə də olsa, onlardan biri ilə telefon əlaqəsi qurdular. Və həmin şəxslə danışdıqdan sonra mehmanxanaya yetişə bildik.
“Bəzilərimiz iməkləyə-iməkləyə, bəzilərimiz isə ikiqat əyilib pilləkənə tərəf yol axtarırıq”
1979-cu ildə Moskva “Dinamo”su ilə oyundan sonra “Krılya Sovetov”la qarşılaşmaya uçmalıydıq. Bu məqsədlə komanda “Domodedovo” hava limanına gəlmişdi. Həmin gün sıx duman olduğundan təyyarə reysləri təxirə salınmışdı. Bu üzdən hava limanında ləngiləməli olduq. Futbol komandası olduğumuzdan hava limanın rəhbərliyi jest edərək “Domodedovo”nun 3-cü mərtəbəsindəki gözləmə otağını bizə ayırdı. Orda divan və kreslolar olduğundan istirahət etmək üçün imkan yaratdılar. Elə alındı ki, duman çəkilmədiyindən gecəni elə orda qalmalı olduq. Gecənin bir yarısı bütün futbolçular yuxuya gediblər. Birdən komandanın rəisi qışqıra-qışqıra gözləmə otağına girib işığı yandırdı və həyəcanla “yanğın” deyib bizi yuxudan oyatdı. Əvvəlcə çoxumuz nəyin baş verdiyini başa düşmədik. Yuxudan yarımçıq oyanan adam necə olar?! Bir-birimizin üzünə baxıb yerimizdə qalmışdıq. Komandanın rəisinin dayanmadan səs-küy salıb özünə əl qatdığını görüncə, bizə çatdı ki, vəziyyət təsəvvür etmədiyimiz qədər ağırdı. Qapını açıb dəhlizə çıxmaq istəyəndə gördük ki, hər tərəfi qatı tüstü bürüyüb, göz-gözü görmür, nəfəs almaq mümkün deyil. Təxminən 30 nəfərə yaxın idik. İndi bəzilərimiz iməkləyə-iməkləyə, bəzilərimiz isə ikiqat əyilib pilləkənə tərəf yol axtarırıq. Yaxşı ki, həmin hava limanının təhlükəsizlik xidmətinin əməkdaşları alt qatdan köməyə gəldilər. Onlar bizə aşağı mərtəbəyə enməyə kömək etdilər. Aşağı düşəndə hava limanının böyük hissəsinin yanğın içində olduğunu gördük. Mülki vətəndaşların çoxu tüstüdən boğulurdu, panika yaranmışdı. Birtəhər bizi ordan uzaqlaşdırıdılar. Terminalın yarısı, demək olar ki, yanıb kül olmuşdu. Həmin hadisəyə görə SSRİ Futbol Federasiyası “Krılya Sovetov”la oyunumuzun vaxtını dəyişdi və qarşılaşma 3 gün ertələndi. Görüşdən bir neçə gün öncə çətin anlar keçirməyimizə baxmayaraq, həmin matçda 3:0 hesabıyla qalib gəldik.
“Həmin günlər elə bilirdik artıq dünyanın sonudu, hamımızı adada əsir götürəcəklər”
SSRİ vaxtı mövsümün sonunda federasiya ustalardan ibarət komandaları yoldaşlıq görüşləri keçirmək üçün müxtəlif ölkələrə göndərirdi. 1981-ci ilin sonunda “Neftçi” Seyşel adalarına yollanmalı oldu. Seyşel adaları turistik ölkə olduğundan sevindik ki, həm yoldaşlıq oyunları keçirərik, həm də doyunca istirahət edib ağır mövsümün yorğunluğunu çıxararıq. Səfərin müddəti də 15 gün idi. Adaya getmək üçün 6 ölkə dəyişdik, 30 saata yaxın təyyarədə olduq və nəhayət, 3 gündən sonra ora çatdıq. Hava limanı o qədər kiçik idi ki, orda cəmi 5-6 polis və əməkdaş var idi. Məskunlaşdığımız otel də çox kiçik idi. İlk oyunda Seyşel adalarının yığması ilə qarşılaşdıq. Ertəsi yuxudan oyananda gördük ki, oteldə böyük həyəcan yaşanır, hamı bir-birinə dəyib, aləm qarışıb. Maraqlandıqda məlum oldu ki, ölkədə dövlət çevrilişi baş verib. Cənubi Afrikadan gələn silahlı qruplaşma hava limanını ələ keçirib, bir çox dövlət məmurları dağlara çəkiliblər. Ada Hind okenanında yerləşdiyindən və əhalisi az olduğundan demək olar ki, orda zavod və fabrik yox idi. Adanın sakinlərinə də ərzaq ancaq Fransa hava yollarına məxsus təyyarə ilə kənardan gətirilir. Otelin əməkdaşları çevriliş səbəbindən adaya ərzaq gətirilməsində problemlərin ortaya çıxdığını bildirdilər. İndi futbol yada düşər?! Biz istirahətə gəldiyimizi düşündüyümüz halda, çevrilişlə üzləşmişdik. Yeməyi zorla təşkil edirlər, kimdi futbol barədə fikirləşən. İki-üç gün çətinliklə də olsa, bizə nəsə tapıb verdilər. Artıq ərzaq tükənmək üzrə idi. Komendant saatı tətbiq olunduğundan oteldən də bayıra çıxmırıq. Həmin vaxt SSRİ-nin Seyşel adalarındakı konsulluğundan bizə telefonoqram gəldi ki, narahatlığa əsas yoxdu. Sovet ordusunun iki nəhəng gəmisi SSRİ vətəndaşlarını qorumaq üçün qısa vaxtda adaya yan alacaq. Bu xəbər bizi bir qədər sevindirsə də, yenə səksəkə içində idik. Otel sahildə yerləşdiyindən okean tərəfdən gələn gəmiləri görmək olurdu. Ertəsi yuxudan oyananda gördük ki, SSRİ bayrağı altında iki nəhəng hərbi gəmi sahilə yan alıb. İndi sevincimizin həddi-hüdudu yoxdu. Biz hərbi çevriliş görmüşdük?! Həmin günlər elə bilirdik artıq dünyanın sonudu, hamımızı adada əsir götürəcəklər. Sevinə-sevinə gəmilərin yan aldığı sahilə tərəf getdik və əsgərlər bizi görüncə rus dilində “uşaqlar, qorxmayın, biz yanınızdayıq” söylədilər. Bu olayla bağlı həmin il “Komsomolskaya pravda” qəzetində də geniş yazı dərc olunmuşdu.
“Bəxtimiz gətirsə və onun növbəsinə düşsək, heç bir yoxlama-filan olmayacaq”
Həmişə ilin sonunda “Neftçi”nin futbolçuları üçün qərbdəki sosialist ölkələrinə səyahətlər təşkil olunurdu. Heç kimə sirr deyil ki, turpaketlərlə gedənlərin hamısı orda satmaq üçün özü ilə nəsə aparırdı. 1982-ci ildə təxminən 30-35 nəfərlik heyətlə Macarıstana yollandıq. Kimi xanımı ilə, kimi də tək səfərə çıxmışdı. Əvvəlcə Kiyevə qədər təyyarə ilə, ordan isə qatarla Varşavaya getməliydik. Ukrayna sərhəddində gömrük nəzarətindən keçməliydik. Ora da elə bir yerdi ki, çox ciddi yoxlama olur və kimdəsə nəsə tuturdularsa, ciddi cəzalandırırdılar. Həmin vaxt rəhmətlik Anatoli Banişevski “Neftçi”də köməkçi məşqçi idi. Gömrüyə çatmağa az qalmış hamı təşviş içində idi. Bunu görən rəhmətlik “uşaqlar, narahat olmayın. Mən “SKA-Karpatı”nın qapısına iki qol vurduğum qarşılaşmadan sonra əslən Lvovdan olan biri ilə dostlaşmışam. O bu gömrük-keçid məntəqəsində növbə rəisidi. Bəxtimiz gətirsə və onun növbəsinə düşsək, heç bir yoxlama-filan olmayacaq” söylədi. Qatar perrona yaxnlaşanda gördük ki, təxminən 60-a yxın gömrükçü əllərində papka qatarın dayanmasını gözləyir. Hamını həyəcan bürüyüb, hər kəs “görəsən, necə olacaq” düşüncəsi ilə öz kupesində sakit oturub. Banişevski də tamborda dayanaraq gömrükçüləri nəzərdən keçirir. Birdən aralarından polkovnik rütbəli bir nəfər “uşaqlar, görün kim gəlib? Bu ki Anatoli Banişevskidi” deyib, qaçaraq bizim vaqona tərəf gəldi. Məlum oldu ki, rəhmətliyin dostu məhz bu polkovnik imiş. İndi bizim sevincimizi təsəvvür edin. Bayaqdan hamımız lal-dinməz dayandığımız halda, zabitin Toliklə görüşdüyünü görəndə kefimiz göyün yeddinci qatına qalxdı. Ona görə bizim vaqonu yoxlamadılar. Hətta polkovnik qayıdacağımız tarixi də öyrənib “elə edəcəm ki, siz gələn vaxt növbədə məhz mən olum” söylədi. Banişevskinin nəinki Azərbaycanda, Bakıda, SSRİ-nin hər yerində böyük hörməti var idi, insanlar onu sevirdilər, çalışırdılar ki, əllərindən gələn köməyi etsinlər, hansısa işinə yarasınlar.
“Yəqin bu “üçlüy”ü kimlərinsə əvəzinə normativ vermək üçün bura dəvət etmisiz”
SSRİ dönəmində ilin ortasında Futbol Federasiyası ustalardan ibarət komandalardan normativlər, indiki dillə desək, testlər götürürdü. Testlərdən biri də 200 və 400 metrə qaçış idi. 400 metri 55-56 saniyəyə qaçmaq normal qəbul olunurdu və bu vaxt müddətində tapşırığın öhdəsindən gəlirdinsə, məqbul yazılırdı. Bir dəfə yenə Moskvadan qonaqlar gəlib bizdən “Tofiq Bəhramov”da normativ götürürlər. Mehman Allahverdiyev, Maşallah Əhmədov və qapıçımız Elxan Rəsulov 400 metrəni 51-52 saniyəyə qaçdılar. Moskvadan gələn komissiyanın üzvləri gözlərinə inanmadılar. Qayıtdılar ki “bu məsafədə SSRİ rekordu 47 saniyədi. 49,2 saniyəyə isə mükafatçılar sırasına düşmək olur. Siz bizi aldadırsız. Futbolçu belə sürətlə qaçmaz. Yəqin bu “üçlüy”ü kimlərinsə əvəzinə normativ vermək üçün bura dəvət etmisiz”. Komandanın rəsmiləri federasiya nümayəndələrinə onların futbolçu olduğunu sübut etdikdən sonra heç bir söz deyə bilmədilər. Hətta aralarında biri “bunları yaxşı olardı ki, yüngül atletikaya göndərəydiz. Qısa vaxtda dünya çapında tanınmış atletlər olarlar” demişdi.
RƏŞAD
SON XƏBƏRLƏR