Sizin reklam burada

Təmkinlə Rahil Xorvatiyada, Maksimlə yığmanın həkimi Lüksemburqda qaldı

Müəllif: football Tarix: 23-11-2020, 11:55 309 Baxış

Firuz Abdulla: “Doğma evimizdə oynamaq daha yaxşı və səmərəlidi”
Azərbaycan yığması Millətlər Liqasında çıxışını yekunlaşdırdı. Yığma növbəti mərhələyə yüksəlməməklə yanaşı, son səfərin gedişində bəzi futbolçularını da itirdi. Sloveniya ilə yoldaşlıq oyunundan sonra bəlli oldu ki, komandamızın heyətində koronavirusa yoluxanlar var. “Sabah”ın üzvü Təmkin Xəlilzadə və “Qarabağ”ın müdafiəçisi Rahil Məmmədovun testi müsbət çıxdı. Bu futbolçular koronavirusa yoluxduqlarına görə Monteneqro ilə matçı buraxdılar.
Lüksemburqla oyundan əvvəl isə daha bir yığma üzvü eyni səbəbdən heyətdən uzaqlaşdırıldı. “Qarabağ”ın kapitanı Maksim Medvedev koronavirusa yoluxdu. Noyabrın 16-da 31 yaşlı müdafiəçinin hərarəti qalxıb. Ertəsi isə onun test nəticəsi müsbət olub və Lüksemburqla oyuna bir neçə saat qalmış heyətdən çıxarılıb. Milli komandanın digər oyunçularında və məşqçi heyətində virus aşkarlanmayıb.
Təmkin Xəlilzadə koronavirusa yoluxması ilə bağlı danışıb. 27 yaşlı sol cinah oyunçusu özünü pis hiss etdiyini bildirib: “Sloveniya ilə qolsuz heç-heçə etdiyimiz yoldaşlıq oyunundan sonra otelə getdik. Hər şey qaydasında idi. Növbəti gün Zaqrebə yollandıq. Həmin axşam otaqda hərarətim qalxdı. Daha sonra test verdik və nəticəsi müsbət oldu. Hazırda oteldə karantindəyəm. Otaqdan bayıra çıxmağa icazə yoxdu. Ən azı 10 gün belə olacaq. Hərarətim bir az düşüb. Halsızlıq və baş ağrısı var”.
Dünən yığmamızın üzvləri paytaxt Bakıya qayıdıblar. 5 saatlıq səfərdən sonra nümayəndə heyəti Heydər Əliyev adına Beynəlxalq Hava Limanında olub. Həm koronavirusa yoluxanlarla bağlı bilgi almaq, həm də səfər təəssüratını öyrənmək üçün AFFA-nın İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Firuz Abdulla ilə əlaqə saxladıq. Qurum rəsmisi “Futbol+”ə açıqlamasında koronavirus testi müsbət nəticələnən futbolçularla bağlı ətraflı məlumat verdi: “Təmkin Xəlilzadə və Rahil Məmmədov Xorvatiyada karantindədilər. Vəziyyətləri normaldı. Maksim Medvedev isə Lüksemburqda qaldı. Onların bütün xərcləri AFFA tərəfindən ödəniləcək. Yerli və həmin ölkənin müvafiq qurumlarına, o cümlədən klublara bu haqda ətraflı məlumat verilib. Futbolçuların özünütəcrid müddətləri Lüksemburq və Xorvatiya qanunlarına əsasən tənzimlənəcək. Səhv eləmirəmsə, bu rejim həmin ölkələrdə 10 günə bərabərdi. Bu müddətdə həmin futbolçular orda qalacaqlar. Yenidən orda koronavirus testindən keçəcəklər. Nəticə neqativ olsa, ölkəmizə qayıdacaqlar. Yox, nəticə bir daha müsbət olsa, həmin ölkələrdə qalacaqlar. Yığmanın baş həkimi Vyaçeslav Xomenko da Maksim Medvedevlə birgə qaldı. Bu addım müdafiəçinin tək qalmaması üçün atıldı. Bu futbolçulardan başqa heç kim koronavirusa yoluxmayıb. Biz Lüksemburqu tərk etməmiş test verdik. Nə komanda üzvlərində, nə də nümayəndə heyətində şükürlər olsun ki, testin nəticəsi pozitiv olmadı. Dünən səhər saatlarında nəticələri əldə etdik. Nəticə etibarı ilə Maksim Medvedev, Təmkin Xəlilzadə, Rahil Məmmədov və Vyaçeslav Xomenkodan başqa hər kəs ölkəmizə döndü”.
Firuz bəy millimizin məşqçi korpusunun gələn həftə paytaxta təşrif buyuracağını da bildirdi: “Canni De Byazi və köməkçiləri Lüksemburqdan birbaşa İtaliyaya getdilər. Birhəftəlik istirahətdən sonra Bakıya dönəcəklər”.
Qurum rəsmisi Monteneqro yığması ilə oyununun təşkilatçılığı barədə də danışdı: “Hər şey qaydasında idi desəm, doğru olmaz. Öz vətənimizdəki kimi olmadı. Stadion bizimkilərdən çox fərqlənirdi. Bizim arenalarımız daha müasirdi. Mətbuat konfransı keçirilən zal çox yaxşı deyildi. Digər xırda problemlər də yaşadıq, amma biz tərəfdən təşkilatçılıq baxımından problem olmadı. Yenə də qeyd edim ki, doğma evimizdə oynamaq daha yaxşı və səmərəlidi”.
İLKİN SULTANLI
SON XƏBƏRLƏR