Sizin reklam burada

U-21-in üzvləri son dəqiqə qollarını səbəb göstərdi

Müəllif: football Tarix: 23-11-2020, 11:54 259 Baxış

Futbolçular oyun planında irəliləyiş olduğunu düşünürlər
Ölkəmizin U-21 yığması Avropa çempionatının seçmə mərhələsində çıxışını tamamladı. Qrupda İsveçrə, Fransa, Gürcüstan, Slovakiya və Lixtenşteynlə birlikdə mübarizə aparan gənclər seçmə mərhələdə cəmi 6 xal toplayaraq, qrupu 5-cu yerdə tamamladı.
Qəzetimizin ötən sayında U-21-in baş məşqçisi Milan Obradoviçin son seçmə mərhələnin yekunlarıyla bağlı müsahibəsi yer almışdı. Bu dəfə futbolçulara tribuna verməyi qərara aldıq. “Qəbələ”nin formasını geyən yarımmüdafiəçi Rövlan Muradovun fikrincə, çətin qrupa düşən milli layiqincə mübarizə aparıb: "Zəif qrupda mübarizə aparmırdıq. Fransa, Gürcüstan, İsveçrə kimi güclü komandalarla birlikdə mübarizə aparırdıq, amma oyundan-oyuna göstərdik ki, hər bir komanda ilə oynamaq olar. Hər qarşılaşmada komandada inkişaf hiss edilirdi. Baş məşqçimiz də hər çıxışında bunu qeyd edirdi. Biz də hər görüşə bu inamla çıxırdıq. Özünəinam və istək olan yerdə qələbə də olur, gözəl oyun da. Komandada nə çatmadı? Mən deyərdim ki, son dəqiqələrdəki diqqətsizlik bizə mane oldu".
“Səbail”in qapıçısı Şahin Zəkiyev isə bəxtsizliyi qabartdı: "Komandada bütün futbolçular əzmkarlıq göstərdi, yaxşı oynadıq, amma son dəqiqələrdə bəxtsizlik oldu. 3-4 oyun oldu ki, son dəqiqələrdə qol buraxdıq. Bu məqam komandanın xal qazanmasına mane oldu. Futbolçuların döyüşməyi, oyuna köklənməsi yerində idi. Baş məşqçi də hər qarşılaşmadan sonra bizə əzmkarlığa görə təşəkkürünü bildirirdi. Biz heç bir komandadan zəif deyilik. Bunu hər kəsə sübut edə bildik. Bəzi oyunlar oldu ki, fərqli nəticə qeydə alına bilərdi. İsveçrə ilə qarşılaşmada 0:1 hesabı ilə uduzduq, amma oyun ərzində çoxlu qol vəziyyəti yaratdıq. Bəxtimiz gətirmədi. Bunu hücum xətti ilə də əlaqələndirmək olmaz, çünki uşaqlar hücumda da hər şeyi edirdilər. Statistikaya da baxsaz, görərsiz ki, hər oyunda nə qədər qol imkanımız olub. Sadəcə, son anda alınmırdı".
“Keşlə” forması geyən yarımmüdafiəçi Turan Vəlizadə də millinin çıxışını yaxşı dəyərləndirdi: "Hər oyunda baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Başa düşürük ki, öz üzərimizdə işləməli, inkişaf etməliyik. Gürcüstan və Slovakiya ilə oyunlarda qələbə qazana bilərdik, amma məsələn, Slovakiya ilə görüşdə son dəqiqələrdə qol buraxdıq. Əldə etdiyimiz qol vəziyyətlərindən istifadə edə biləydik, bu oyunlarda qələbə də qazana bilərdik. Düşünürəm ki, bu heyətlə daha yaxşı yerlərdə ola bilərdik. Məhz son dəqiqələrdə buraxdığımız qollar daha yuxarı pillələrdə olmağımıza mane oldu. İnanıram ki, komanda növbəti tsikldə daha yaxşı mübarizə aparacaq".
AYGÜL
SON XƏBƏRLƏR