Sizin reklam burada

Vurma, vurmayım!

Müəllif: football Tarix: 23-11-2020, 11:50 427 Baxış
2014-cü ilin oktyabrında Kaxaber Sxadadzenin iştirak etdiyi mətbuat konfransında qalmaqal yaşanmışdı. Xatırlayanlar bilir, həmin vaxt Azərbaycan premyer-liqası xeyli gərgin və maraqlı keçirdi. “Qarabağ”la “Neftçi”dən başqa, “Bakı”, “Xəzər Lənkəran” və “Qəbələ” çempionluq uğrunda mübarizə aparırdı. Sözsüz, gürcünün çalışdırdığı “İnter” də bu çempionluq yarışının önəmli simalarından sayılırdı. Bir tur ərzində azı 3 oyunu bilavasitə stadiondan izləyərdim, yorulmazdım, usanmazdım. Mətbuat konfranlarında xeyli idman jurnalisti olurdu, maraqlı sual-cavablara, mübahisələrə şahid olurduq. İndi xatırlatdığım həmin mətbuat konfransında da Sxadadze ilə aramızda mübahisə baş vermişdi, gərginlik yaranmışdı. Bu mübahisəyə həmkarlarımın da qatılması məsələni xeyli böyütmüşdü və günlərlə idman mediasının gündəmini məhz həmin mətbuat konfransında başverənlər tutmuşdu. Kimisi gürcü çalışdırıcının tərəfini tuturdu, başqa bir qism isə bizim haqlı olduğumuzu deyirdi. Mən demokratiyanın, söz azadlığının tərəfdarıyam. Ona görə də əleyhimizə danışanlardan belə incimirdim. Hər kəsin öz fikri, yaşananlara öz baxış bucağı var idi. Təəssüf ki, indi belə hadisələr xeyli uzaq keçmişdə qalıb. Nə çempionluq uğrunda mübarizə aparan həmin o komandalar var, nə də Kaxaber Sxadadze kimi səviyyəli və qalmaqal sevən məşqçilər.
Bəs həmin gün nə baş vermişdi? Mən nə üçün 6 il geriyə qayıdıb, həmin o qalmaqallı mətbuat konfransını xatırladıram? Əsla kimin günahkar olub-olmadığını araşdırmaq fikrində deyiləm. Sözümün canı başqadı. “İnter”in Sxadadzenin rəhbərliyi altında müdafiəyəmeyilli oynadığı, bunun sayəsində də nəticə qazandığı heç kimə sirr deyildi. Bol qollu, hücum elementləri ilə zəngin oyunun vurğunu olduğum üçün gürcüstanlı mütəxəssisin taktikasını, “İnter”in sərgilədiyi futbolu heç bəyənmirdim. Buna görə də ara-sıra Sxadadzeni tənqid atəşinə tuturdum. Həmin mətbuat konfransındakı qığılcım da məhz bu səbəbdən baş verdi. “İnter”in “Qarabağ”la qarşılaşması 0:0 hesabıyla başa çatmışdı. Maraqlıdı ki, bu heç-heçə “İnter”in iştirakıyla keçirilən ardıcıl üçüncü qolsuz oyun idi. Özü də hər üç görüşdə “İnter” iddialı komandalarla qarşılaşmışdı. Çempionluq yolunda əsas rəqiblərini məğlub etmək həvəsi “İnter”ə güc gəlməmiş, Sxadadzenin tapşırığına riayət edən futbolçular daha çox qapının toxunulmazlığının qeydinə qalmışdılar. Mənim də sualım məhz bu barədə idi. Sxadadzedən soruşurdum ki, nə üçün onun komandası əsas rəqibini məğlub etməyə, onları büdrətməyə, qol vurmağa çalışmır?! Sual gürcü mütəxəssisin xoşuna gəlmədi və qəzəbini gizlətməyərək “rəqiblər bizə qol vura bilirlər? Onlar da bizi məğlub etmirlər” dedi.
Taleyin bizə istehzasıdı ki, indi Azərbaycan millisinin nəticələri eynilə Sxadadzenin çalışdırdığı “İnter”i xatırladır. Sadəcə, iki fərq var. Biri odu ki, “İnter”in qarşısında konkret turnir hədəfləri var idi. “Bankirlər” əsas rəqiblərini udmasalar da, onlara uduzmurdular, bir növ balansı saxlayırdılar. Daha zəif rəqiblərlə oyunlarda isə büdrəmir, bununla da xal ehtiyatını artırır və mükafatçılar arasında özünə yer edirdi. Yəni “İnter” üçün məqsədə aparan yolda istənilən vasitə məqbul sayılırdı. Millinin qarşısında isə belə turnir hədəfi dayanmırdı. Daha doğrusu, Millətlər Liqasında yalnız bir hədəf vardı ki, o da qrup birincisi olmaq idi. Elə ilk turda Lüksemburqa uduzduq və məlum oldu ki, biz bu qrupda ilk pilləni tuta bilməyəcəyik. Sonrası artıq normal futbol oynamaq və gələcəyin planlarını qurmaq idi. Amma yığma Canni De Byazinin rəhbərliyi altında bunu da bacarmadı. Nə qol vurmağı öyrəndik, nə də normal hücum qurmağı. Özü də qarşımızda düz-əməlli rəqib də yox idi ki, özümüzü ovunduraq. İkinci fərq isə “İnter”in klub olmasıdı. Bu klubun rəhbərliyi gürcü çalışdırıcını gətirərkən qarşısına tapşırıqlar qoymuşdu. Ədalət naminə qeyd etməliyik ki, Sxadadze komandasına cansıxıcı futbol oynatsa da, onun “İnter”i hədəflərə çatmağı bacarırdı. De Byazi isə klubun yox, milli komandanın məşqçisidi. Onun məsuliyyəti təkcə AFFA rəhbərliyinin yox, həm də azərbaycanlı azarkeşlərin qarşısındadı. Bu boyda ölkənin komandasının zəiflərin yer aldığı qrupda belə mənasız oyun sərgiləməyə, 6 oyunda iki qol vurmağa mənəvi haqqı yoxdu.
Artıq siz də bilirsiz ki, millimiz italyan mütəxəssislər qrupunun (millidə De Byazidən başqa daha 4 həmyerlisi çalışır) “zəhməti” sayəsində 14 illik antirekordunu təkrarladı. Sonuncu dəfə 2006-cı ildə millimiz indiki kimi rəqiblərin qapısına iki dəfə yol tapa bilib. De Byazi sağ olsun. AFFA-nın uğurlu və uzaqgörən siyasəti sayəsində o da Nikola Yurçeviç kimi bizi geriyə qaytardı, keçmişə səyahət etdik. Hələ irəlidə daha “gözəl günlər” görəcəyik. Buna şübhəm yoxdu. Millimizin De Byaziylə göstərdiyi oyun, əldə etdiyi nəticələr mənə məşhur bir tamaşadakı səhnəni fərqli formada xatırlatdı. Lütfəli Abdullayevlə Bəşir Səfəroğlunun o məşhur dialoqu yadınızda olar: “Vur-vurum!” De Byazi də rəqiblərinə belə təklif edir: “Vurmayın, biz də vurmuruq!”
SON XƏBƏRLƏR