Sizin reklam burada

İctimaiyyət yığmadan narazıdı

Müəllif: football Tarix: 23-11-2020, 11:49 248 Baxış

“4 komanda arasında sonuncu olmadığımız üçün sevinəcək hala düşmüşüksə…”
Yığmanın səfərdə Lüksemburla qolsuz heç-heçə etməsi sosial şəbəkələrdə çox müzakirə olundu. Canni De Byazinin çalışdırdığı komandadan çox şey gözləyənlər növbəti dəfə məyusluq içindədi. Və bu məyusluğu sosial şəbəkələrdəki paylaşımlarda bölüşüblər. Onların bəziləri ilə sizləri tanış edirik.
Ceyhun Rzayev (“Xəzər” TV-nin idman şərhçisi): "Eşkiya" maraqlıdı, yoxsa Lüksemburq - Azərbaycan oyunu?”
Atanur Cəfərli (Azad Azarkeşlər Birliyi): “Qurban Qurbanov Millətlər Liqasında qrupda ikinci oldu deyə onu istefaya göndərənlərin gətirdiyi baş məşqçi üçüncü oldu”.
Erkin İbrahimov (agent): “HT: Lüksemburq 0 - Dirək+Şahruddin 0”.
Kənan Məstəliyev (rekord.az saytının baş redaktoru): “Millinin hələ bu qədər taxta tsikli olmamışdı. Rəzalətdi, yığma deyil. Və məsələ də ondadı ki, günah oyunçularda deyil. Hər oyun bir fokus çıxaran məşqçi ilə nə qədər uzağa getmək olar, bilmirəm. Bir sözlə, heç nə... Bircə Lüksemburqa qarşı 6 müdafiəçi ilə oynamadığımız qalmışdı, onu da gördük. Rəzalətdi, vallah. Adam italyan olar, müdafiəyəmeyilli olar e, amma bu qədər də yox da. De Byazini görəndə "müdir, ayıl e, ayıl, futboldan-zaddan oynat" demək lazımdı”.
Fərid Axundov: (“CBC Sport”un əməkdaşı): “Canni De Byazi: “Sabah ən yaxşı heyətimiz meydanda olacaq”.
Səbuhi Musa (oxu az.saytının idman yazarı): “Ay qa, məşqçilik deyil. Bu onu göstərir ki, bizim az-çox oyunumuzu gücləndirən dimalar, renatlar, riçardlar, eddilər imiş”.
Səbuhi Səfiyarlı (agent): “Yığma o qədər "stabil" oynayır ki, təzə status, söz fikirləşməyə ehtiyac yoxdu. Elə əvvəlki oyun haqda dediyin sonrakı oyunlarda da təsdiqlənir. Sağ olsunlar”.
Amal Abışov (köşə yazarı): “Mən də keçən oyun "Sıfırlarla qazanan De Byazi" yazmışdım, bu gün rəqibin adını dəyişib təzədən verəcəm sayta”.
Zaur Xudiyev (“Çapar sport” jurnalının baş redaktoru): “Lüksemburqla oyunun axırlarına yaxın Rüstəm Əfsərli paralel keçən Monteneqro - Kipr matçının nəticəsini dedi və əlavə etdi ki, bununla da Azərbaycan millisinin qrupu sonuncu yerdə bitirməyəcəyi dəqiqləşdi. İnanmıram ki, Rüstəm bu faktı xüsusi sevinclə desin, hətta mən onun səsində, ritorikasında bir sarkazm, ironiya da hiss etdim, ya da mənə elə gəldi. Kül bizim başımıza! Kül Azərbaycan futbolunun başına! Hamısı eyni səviyyədə olan 4 komanda arasında sonuncu olmadığımız üçün sevinəcək hala düşmüşüksə... Üstəlik də bunu meydana az qala 11 müdafiəçi ilə çıxıb sürünə-sürünə əldə etdiyimiz 0:0-ların hesabına bacarmışıqsa, həqiqətən kül bizim futbolun başına. Gör bizi nə ilə təbrik edirlər - DÜTDÜLÜ!”
Rəşad Ergün (komanda.az saytının baş redaktoru): “Azərbaycanın çörəyi Rövnəq Abdullayevə də, Elxan Məmmədova da, hara gəldiyini qanmayan Canni De Byaziyə də haram olsun, burunlarından gəlsin”.
Həbib Aslanov (ofsideplus.az saytının redaktoru): “Krivotsyuk millinin Nəcməddin Sadıqovudu, ən pis halda Orduxan Teymurxanıdı”.
Tural Dadaşov (İTV-nin şərhçisi): “Milli ardıcıl 4-cü görüşdə 0:0 oynadı.. De Byaziyə "Üzüklərin hökmdarı" ləqəbini verək məncə. Xeyirli olsun”.
Anar Xanlarov (rekord.az saytının əməkdaşı): “Milli komandanın oyununa baxmamışam. Bildiyim tək bir şey var. Yaxşı ki Azərbaycan futbolunun "Qarabağ"ı var”.
Ruslan Sadıqov (apasport.az saytının əməkdaşı): “Lüksemburqa, Monteneqroya baş əyən komandanın başçısı dünya çempionatı nağılı danışırsa, buna mən niyə inanım? Hekayə sevənlər məsti-xumar olsunlar, nağıllar aləmində gəzsinlər. Mənim pulumu ki yemir”.
Kənan Hənifəyev (turizm agenti): “Pandemiya dövründə yeganə olaraq Avropanı səyahət edən Azərbaycan milli futbol yığma komandasının turistləri bu il üçün gözəl xatirələrlə səyahətlərini yekunlaşdırdı”.
RƏŞAD hazırladı
SON XƏBƏRLƏR