Sizin reklam burada

Novruz Əzimovun yaxınları Qarabağda döyüşüb

Müəllif: football Tarix: 23-11-2020, 11:08 243 Baxış

“Mənim qohumlarım da bu qələbənin bir hissəsi oldular”
Azərbaycan ordusu Qarabağda qəhrəmanlıq dastanı yazdı. Əsgərlərimiz 44 gündə böyük şücaət göstərərək qələbə qazandılar. Onların arasında tanıdıqlarımız - qardaşlarımız, qohumlarımız, dostlarımız var idi. Futbol ictimaiyyətindən tanınmış şəxslər, jurnalistlər də Vətən Müharibəsində döyüşdülər, qəhrəmanlıq göstərdilər.
Novruz Əzimov adı çoxlarına tanışdı. Ölkəmizin sayılıb-seçilən məşqçilərindədi. Laçın rayonunun Alıqulu kəndində dünyaya gəlib, 1992-ci ilin martında könüllü olaraq cəbhəyə yollanıb. Mayın 2-3-də Bakıya ezamiyyətə gəlib. Şuşa alınan gün, 1992-ci il mayın 8-də ilk milli çempionatın açılış turunda Sumqayıt "Xəzər"inə qarşı “Neftçi”nin formasını geyib. Ertəsi gün isə öz maşını ilə Laçına yollanıb. O vaxtlar Arif Paşayevin rəhbərlik etdiyi 811-ci Laçın alayının tərkibində döyüşüb.
Vətən Müharibəsi zamanı Əzimovun üç doğması ordumuzun sıralarında olub. Tanınmış mütəxəssisin qohumları haqda məlumat almaq üçün özü ilə əlaqə saxladıq: “Hər kəs kimi mən də Qarabağ döyüşlərində qələbə qazandığımıza çox sevinirəm. Əsgərlərimizlə fəxr edirəm. Onların hər biri qəhrəmandı. Mənim 3 doğmam bu müharibədə iştirak etdi. Qardaşımın övladları İsmayıl Əzimli və Musa Əzimov, bacımoğlu Həsən ön cəbhədə idi. İsmayıl və Həsən Xocavənd uğrunda döyüşlərdə iştirak edib. Musa isə hazırda Şuşadadı. Oranın azad olunması üçüna döyüşüb. Hər üçü ilə fəxr edirəm. Musa döyüşlər vaxtı hərbi xidmətdə idi. Digərləri isə qismən səfərbərlik zamanı ordu sıralarına qoşuldular. Şükürlər olsun ki, sağ-salamatdılar. Azərbaycan ordusu möhtəşəm qələbə qazandı. Mənim qohumlarım da bu qələbənin bir hissəsi oldular. Musa əsgərliyə gedəndə gözündə problem var idi. Hərbi Komissarlıqda bildirdilər ki, sən yaxşı görmürsən. Amma o etiraz edərək vətənə xidmət etmək üçün getdi. Hətta böyük qardaşım Azad zəng edib dedi ki, a bala, getməsən, yaxşı olar. Lakin uşaq özü getmək istədi. Dedi ki, bütün dostlarım, yaxınlarım hamısı ordudadı, mən də getməliyəm. Sonra isə müharibə başladı. İsmayıl isə snayperçidi. Mühüm postları qoruyur. Bacımoğlu da Xocavənd uğrunda döyüşlərdə iştirak edib. Hər bir Azərbaycan əsgəri fəxrimizdi. Elə sevincliyik ki, vallah, sözlə ifadə etmək olmur. Bizə sevincli anlar yaşadan Ali Baş Komandana, əsgərlərimizə təşəkkür edirəm”.
İLKİN SULTANLI
SON XƏBƏRLƏR