Sizin reklam burada

Şah “öldü”, yaşasın yeni Şah!

Müəllif: football Tarix: 23-11-2020, 10:56 413 Baxış
Ölkəmizin futbol yığmasının oyunu haqda yazmaq artıq mənim üçün o qədər də maraqlı deyil. Sadəcə, ona görə ki, olmayan şeydən yazmağa ehtiyac duymuram. İllərdi özümüzü də, azarkeşləri də, futbol ictimaiyyətini də aldadırıq ki, tezliklə nəticələr yaxşılaşacaq, yığma ordan vurub, burdan çıxacaq, oyunu ilə könülləri oxşayacaq, hay-haray, fıştırıq, nə bilim nə... Elə qəzetimizin ötən sayında dərc olunan “Belə yığma kimə lazımdı?” sərlövhəli yazıda bir çox məqamlara toxunmuşam, oxucumun ürəyinin ölkənin problemləri ilə döyündüyü indiki məqamda təkrarçılıq etməyin heç yeri yoxdu.
Məncə, bir-iki parlaq nöqtədən yapışıb, irəli dartmalıyıq ki, bəlkə nəsə alına. Məsələn, ötən ilin ən yaxşı futbolçusu Emil Balayevi həm “Qarabağ”da, həm də yığmada ehtiyatda qalmağa məcbur edən Şahruddin Məhəmmədəliyev mənim üçün artıq parlaq obrazdı. Xarizması, özgüvəni, lider keyfiyyətləri, meydandakı davranışı ilə! Bəstəboydu, bir başqa ölkədə bəlkə də beləsinə o qədər güvənməzdilər, “Vilyarreal”la oyunda boyun da səbəb olduğu dezavantajla mənasız qol buraxdı, yaxud elə son oyunda topa çıxışda iki kobud səhvə yol verdi ki, birində boşuna yumruq atdı, o birində 2-ci cəhddə topu tuta bildi. Amma penalti zamanı necə inamlı olduğunu, əlindən çıxan topun arxasınca pişik kimi sıçradığını da gördüz. Sosial şəbəkələrdə onu topa tullanmaq manerasına görə ünlü Bartezlə müqayisə edirlər. Tam yerində müqayisədi, Şahruddin Bartez də ola bilər, hətta ondan artıq da.
Azərbaycan idmanında indiyə qədər də Şah var idi. Dünyaca ünlü, şahmat tacını ölkəmizə gətirəcəyinə ümid bəslədiyimiz, əsasən də özünə münasibətdə yetərincə tələbkar olmaması üzündən bizi bu xoşbəxtlikdən məhrum edən Şəhriyar Məmmədyarov çətin ki bir də əvvəlki səviyyəsinə qayıda. Etiraf edim ki, Şah ləqəbi ona da çox yaraşırdı. Adının ilk üç hərfinə uyğun gəldiyinə, şah şahmatın əsas fiquru olduğuna görə. Amma bir Şah taxtdan düşdüsə, özümüzə ikincisini tapmalıyıq. Şahruddin olmayacaqsa, kim olacaq?!
Ümumiyyətlə, qapıçılar meydanda çox danışmağı xoşlayırlar. Mənim iş başında gördüyüm Şahruddin bu mənada həmkarlarından geri qalmır, əksinə, onların çoxunu üstələyir. Bir neçə dildə, dayanmadan danışır, hər kəsin meydandakı mövqeyini unutmamasına çalışır, yaxş oynayanı alqışlayır, səhv edənə ürək-dirək verir. Yəni öhdəsinə düşən işləri artıqlamasıyla görür.
De Byazinin yerində olsaydım, Maksim Medvedevin yoxluğunda heç düşünmədən kapitan sarğısını Şahruddinə verərdim. Meydanı hamıdan yaxşı görür, xarizması yerindədi, inamlı və soyuqqanlıdı, topla sonuncu müdafiəçi kimi davranır, hətta başla oynamağı da bacarır. Bir kapitana başqa hansı keyfiyyətlər lazımdı ki?! Vallah-billah, gerçək kapitan da odu, idmanımızın yeni Şahı da! Xeyirli olsun!
SON XƏBƏRLƏR