Sizin reklam burada

Belə yığma kimə lazımdı?

Baxış Sayı:450

30 ilə yaxın müddətdə ölkəmizi, vətəndaşlarımızı məşğul edən, yuxumuzu ərşə çəkən Qarabağ məsələsi, şükür Allaha, yavaş-yavaş həll olunmaqdadı. Düzdü, hələ ki son nöqtə qoyulmayıb və bunun bəlli səbəbləri var. Amma Azərbaycanın ərazi bütövlüyünün bərpası baxımından vəziyyət iki ay əvvəllə müqayisədə qat-qat yaxşıdı. Yəni məğlub xalq imicindən, kompleksindən qurtulur, cəbhədəki zəfərlərin dadını çıxarırıq.
Təəssüf ki, qələbə şadyanalığının fonunda da futboldan, daha doğrusu, bu ölkənin futbolunun əsas atributundan – yığmasından bədbin ruhda danışmağa məcburuq. Qələbə bir yana, 4 oyundu qol da vura bilmirik. Komanda yaxşı oyun göstərsəydi, qol vəziyyətlərini sıralayıb, sadəcə, rəqib qapısına yol tapa bilməsəydi, hamımız bu durumu anlayışla qarşılayar, hətta De Byaziyə dəstək də verərdik. Məsələ bundadı ki, meydanda oyun yoxdu, futbolçuların nə etmək istədiyi, qolu necə vuracaqları, qələbəni necə qazanacaqları bilinmir. Saysız-hesabsız xırda ötürmələr, azlıqda qalan rəqiblə oyunda da geriyə ötürmələr, liderin yoxluğu, futbolçuların gözündə qələbə ehtirasının olmaması – bunlar yalnız ilk baxışdan gözə dəyən qüsurlardı. Bir komanda belə acınacaqlı durumdadısa, qol vəziyyəti yarada bilmirsə, rəqibin 10 və ya 9 nəfərlə oynamasının, yaxud sənin baş məşqçinin meydana iki-üç hücumçu buraxmasının mənası qalmır. Yeri gəlmişkən, baş məşqçi start heyətinin qurulmasına primitiv şəkildə yanaşır. Turnir cədvəlinə baxaraq, iki liderin 10 futbolçusunu götürür və “Keşlə”dən Azər Salahlını da onlara qoşaraq meydana buraxır. Bir tərəfdən koronavirus problemindən, ya da hansısa səbəbdən “milliləşdirilən” futbolçuların əməyindən imtinanı alqışlamağa dəyər. Nəhayət, öz futbolçularımızın nəyə qadir olub-olmadığını bilməliydik, ya yox? Amma digər tərəfdən start heyəti ilə bağlı məsələyə yalnız statistika pəncərəsindən baxmaq şəxsən mənə həm primitiv, həm də mənasız görünür.
Təbii, De Byazi bu oyunu qələbə ilə bitirib, qrup liderliyi ilə bağlı intriqanı son tura saxlamağı çox istəyərdi. İkinci hissə başlayan kimi Ramil Şeydayevin, 67-ci dəqiqədə Vüsal İsgəndərlinin meydana buraxılması da istisnasız baş məşqçinin qələbə istəyindən qaynaqlanırdı. Amma Visente Qomesin mənasız eksperimentlərinin də yardımı ilə artıq sıradan futbolçuya çevrilən Ramilin, yaxud danışmağı oynamaqdan yaxşı bacaran Vüsalın varlığı nəyisə dəyişdimi? Nə qədər acı da olsa, bu taktiki gedişlərin də heç nəyi dəyişmədiyini etiraf etməliyik.
Elə bu məqamda mən daha bir qorxu-etirafı dilə gətirmək istəyirəm. Azərbaycan yığmasının oyununa baxanda adama elə gəlir ki, bu futbolçular hansı ölkəni təmsil etdiklərini yaddan çıxarıblar, hansısa paralel dünyada yaşayırlar və o paralel dünyada qələbə də mənasızdı, uğur da, ölkənin bayram şadyanalığına hansısa şəkildə töhfə vermək istəyi də. Bütün dünyanın iqtisadi çətinliklərdən əziyyət çəkdiyi, böhranın hələ nə qədər davam edəcəyi bilinməyən günlərdə AFFA bu komandanı yağ içində böyrək kimi bəsləyir, “qa” deyəndə ətini, “qu” deyəndə suyunu çatdırır, maşallah, komanda günlərlə xaricdə olsa da, futbolçular bəy balası kimi dolanırlar. Amma iş gəlib bütün bu bəslənmələrin əvəzini verməyə çatanda futbolçular susur, donur, missiyasını unudur. Odu ki, nə qədər radikal yanaşma kimi görünsə də, sərlövhəyə çıxardığım sualı burda bir daha təkrarlamaq istəyirəm: belə yığma kimə lazımdı?

Oxşar xəbərlər
SON XƏBƏRLƏR