Sizin reklam burada

“Düşünürəm ki, indiki xalın iki mislini yığa bilərdik”

Baxış Sayı:341


Obradoviç noyabrın sonunu gözləyir
Ölkəmizin U-21 yığması üçün Avropa çempionatının seçmə mərhələsi başa çatdı. Potensialı yüksək qiymətləndirilən komanda yalnız 5-ci yeri tuta bildi. Bəs baş məşqçi Milan Obradoviç seçmə mərhələnin yekunlarını necə qiymətləndirir? Uğursuzluqluğun səbəbləri haqda nə düşünür?
- Seçmə mərhələnin son oyununda İsveçrəyə son dəqiqə qolu ilə məğlub olduz.
- İsveçrə ilə oyundan öncə problemlər yaşadıq. Bir neçə futbolçunun xidmətindən yararlana bilmədik. Koronavirus testi müsbət çıxanlar oldu. Bəziləri əsas yığmaya çağırıldı. Barış Əkinciərlə Əmrə Kaplan, ümumiyyətlə, komandaya qoşulmadı. Çünki Almaniyada və Türkiyədə verilən koronavirus testlərini UEFA qəbul etmədi. Düzünü desəm, olanları anlamadım. Oyuna gəlincə, yaxşı mübarizə apardıq. Özəlliklə də yarımmüdafiəçilərdən razıyam. İkinci hissə pis başladı. Tez bir zamanda qol buraxdıq. İkinci hissənin ilk 10 dəqiqəsində çox basqılı oynadılar. Biz də hücumlar edirdik və belə anda cəzalandırıldıq. İkinci hissədə yüzfaizlik qol vəziyyəti yaratdıq, lakin Rüfət Abdullazadə bundan yararlana bilmədi. Sona 10 dəqiqə qalmış daha bir imkanı Ozan Can Kökçü əldən verdi. Bu futboldu, sən vurmasan, sənə vururlar. Rəqib də əlinə düşən sonuncu şansdan istifadə etdi. Əlbəttə, çox üzgünəm. Ardıcıl ikinci matçda son dəqiqələrdə qol buraxmaqla uduzduq. Futbolçularıma nəsə demək istəmirəm, onlar əlindən gələni etdi. Nəticəyə görə üzgünəm, amma oyun baxımından rəqiblə başa-baş oynadıq. Sadəcə, ələ düşən şanslardan yararlanmalıydıq.
- Qrupda 5-ci yer Azərbaycan üçün yaxşı nəticədi?
- Bir çoxları yerə baxır, başqaları yığdığımız xala, digərləri başqa proseslərə. Biz isə hamısını birgə təhlil edirik. Slovakiya və İsveçrə ilə oyunlarda son dəqiqələrdə qol buraxmasaydıq, indi xalımız daha çox olardı. Tezliklə bunların hamısını müzakirə edəcəyik, 2 il ərzində nələr etdiyimizə baxacağıq. Mənə görə çox yaxşı nəticə deyil. Düşünürəm ki, indiki xalın iki mislini yığa bilərdik. İsveçrə ilə Bakıdakı oyunda 10-dan çox imkanımız oldu, amma yararlana bilmədik. Başa-baş mübarizə apardıq, amma uduzduq. Ən yaxşı işlərimizdən biri isə əsas yığmaya 4 futbolçu verməyimiz oldu.
- Bizim yığmada son dəqiqə sindromu var?
- Rəqiblərimiz Fransa, İsveçrə, Slovakiya kimi güclü komandalar idi. Həqiqətən yaxşı futbolçulardan formalaşmış yığmalarla qarşılaşdıq. Matçlara xüsusi hazırlaşmaq imkanımız olmadı. Yaxşı oyun tərzi formalaşdıra bilmədik. Güclü komandalara qarşı yoldaşlıq oyunu keçirmədik. Son 10 dəqiqədə hansı tərzdə oynamağın lazım olduğunu bilmədik. Vaxt öldürməyin, top saxlamağın, güclü rəqibə qarşı müdafiə olunmağın yollarını öyrənməliydik. Oyunçularımın bir çoxu öz klublarının heyətində meydana çıxmırlar. Çempionatın rəqabətli oyunlarında U-21-in futbolçularını çox az sayda görə bilərsiz. Belə olan halda futbolçular son dəqiqələrdə qol buraxır. Çünki oyun praktikaları az olur və oyunun axırlarında nə edəcəklərini bilmirlər.
- Hansı oyunun nəticəsi sizin üçün gözlənilməz oldu?
- Lixtenşteynlə ilk oyunun. Nə baş verdiyini anlaya bilmədim. Bir hücumları oldu və qol vurdular. Nəticədə məğlub olduq. Gürcüstanda oyunda da ilk hissənin son dəqiqəsində qol buraxdıq. Bonus olaraq da ikinci hissə başlayan kimi qırmızı vərəqə ilə cəzalandıq. Sanki kimsə bizimlə zarafat edirdi. Bunlar tsiklin başlanğıc matçları idi. Burda itirdiyimiz xallar gələcək üçün yaxşı düşünməyimizə mane oldu.
- 10 oyunda 18 qol buraxmışıq. Düşünmürsüz ki, müdafiə xəttimizdə dərin problemlər var?
- Belə deməzdim. Belə olsaydı, mənim komandamdan 4 nəfər milli komandaya çağırılmazdı. Anton, Mərt, Amin, Ömər indi əsas yığmanın üzvüdü. Komanda şəklində müdafiə olunmağımızda problem var. Bəzən cinah müdafiəçilərimiz hücuma çox qatqı verdi. Belə epizodlarda əks-hücumlarda yaxalandıq. İsveçrə kimi fantastik komanda ilə hər iki oyunda bərabər mübarizə apardıq. Onlardan az qol buraxdıqsa, müdafiəmizdə çox da problem yoxdu. Sadəcə, Fransa ilə matçda 5 qol buraxdıq. Əsas məqsədimiz çox buraxmamaq yox, mərkəzdə topu nəzarətdə saxlayıb, qol vəziyyətləri yaratmaq idi. Yəni müdafiə futbolu oynayan komanda formalaşdırmamışdım. Qol vurmaq, qələbə qazanmaq üçün meydana çıxırdıq. Düşünürəm ki, inkişaf üçün ən ideal yol bu idi.
- Lakin seçmə mərhələdə, sadəcə, 6 qol vura bildik. Yəqin bunu da rəqib müdafiəçilərinin güclü olması ilə əlaqələndirərsiz...
- Bayaq dediyim kimi, əsas hədəfimiz çoxlu qol vurmaq idi. Əlbəttə, hər oyunda qələbə qazanmağı arzulayırdıq. Lakin taktikamız bir əks-hücumda qol vurub, müdafiədə oturmaq deyildi. Bu futbolçular gəncdi, onlara topu özündə saxlamağı, topla davranış tərzini, kombinasiyalı hücumlar qurmağı aşılamağa çalışırdım. Hamı gördü ki, Fransa, İsveçrə, Slovakiya və Gürcüstanla necə oynadıq. Çox təhlükəli hücumlar qururduq, lakin qollar vura bilmədik. Rəqiblərdən qorxmadıq. Qol buraxmağımız və vura bilməməyimiz müdafiəçilərin və hücumların problemi deyildi. Sadəcə, rəqiblərimiz çox güclü idilər.
- Lixtenşteyn, Slovakiya və Gürcüstanı məğlub etməli olduğunuzu qəbul edirsizmi?
- Gəlin, səmimi olaq. Tarixə nəzər salaq. Azərbaycan heç vaxt Gürcüstan və Slovakiya kimi rəqiblərə asanlıqla qalib gəlməyib. Həmişə Lixtenşteyn və Lüksemburq kimi komandalara qalib gəlmişik. İndi onların heyətləri, furbol anlayışları dəyişib. Çünki adını çəkdiyim ölkələrin futbolçuları Avropa pasportu ilə müxtəlif güclü klubların heyətində rahat çıxış edə bilirlər. “Həmin komandaları mütləq məğlub etməliydik” düşüncəsi azarkeş təfəkkürüdü. Bəli, mən də müdafiə futbolu oynatmaqla əks-hücumlarda qol vurub, bu komandalara qalib gələ bilərdim. Lakin mənə futbolçulara rəqibdən çəkinməməyi, güclülərlə başa-baş mübarizə aparmağı aşılaşdım. Fransa, İsveçrə, Slovakiya kimi komandaların müdafiəyə çəkilməsinə nail olduq, futbolçularımız hər oyunda rəqiblərə qorxu hissi yaşatdılar. Əvvəllər rəqiblər bizi asanlıqla məğlub edirdisə, indi başa-baş mübarizə gedirdi. Və matçlardan sonra onlar elə sevinib, xoşbəxt olurdular ki. Çünki bizim üzərimizdə çətinliklə qələbə qazanırdılar, asanlıqla yox! Biz daha da yaxşı ola bilərik. Bu isə futbolçulardan asılı deyil. Klublar da onlara yardımçı olmalıdı, federasiyada çalışanlar da, biz də.
- Seçmə mərhələ bitəndən sonra AFFA-ya hesabat vermisizmi?
- Hər ilin sonunda gördüyüm işlə bağlı federasiyaya məlumat verirəm. Hər təlim-məşq toplanışından, hər oyundan sonra hesabat hazırlayıram. Sonda onları cəmləyirəm. Digər aşağı yaş qrupu üzrə yığmaların futbolçuları da bizə bağlı olduğu üçün onların da təlim-məşq toplanışlarının bitməsi lazımdı. Həmin məqşçilər də mənə məlumat verdikdən sonra hesabatımı AFFA-ya təqdim edəcəm.
- Necə düşünürsüz, sizlə yeni müqavilə imzalanacaq?
- Hələ ki müqaviləmin müddəti bitməyib. Bizim razılaşmamız var ki, son qarşılaşmadan sonra oturub, danışacağıq. Məhz bundan sonra gələcək haqda qərar verəcəyik.
- Bizdə olan bilgiyə görə, AFFA sizlə müqaviləni bitirmək niyyətindədi. Sizi yerli mütəxəssis Mahmud Qurbanov əvəzləyəcək. Bu haqda məlumatınız var?
- Bayaq dediyim kimi hələ müqaviləmin bitməsinə var. Müddət noyabrın sonunda bitəcək. Mədəni şəxslər olaraq oturacaq, nəticələri müzakirə edəcəyik. Bundan sonra hanısa qərar qəbul ediləcək. Sadəcə, indi həmin anı gözləmək lazımdı. İstənilən qərara hörmətlə yanaşacam.
- Qarabağ müharibəsində ermənilərə qalib gəldiyimizi bilirsizmi?
- Mən Azərbaycanda yaşayıram. Əlbəttə, vəziyyətdən xəbərim var. Azərbaycanın süverenliyinə və ərazi bütövlüyünə həmişə hörmətlə yanaşmışam. Biz də Serbiyada eyni problemlə üzləşmişik. Sizin adınıza çox sevindim.
- “Vatsap” profilinizə Prezident İlham Əliyev cənablarının şəklinizi qoymusuz. Bunun xüsusi səbəbi varmı?
- Yox, hansısa xüsusi səbəb yoxdu (gülür). Mən cənab İlham Əliyevlə görüşüb, söhbət etmişəm. Həmin vaxt xahiş elədim ki, bir şəkil çəkdirək. Həmişə ona bir şəxsiyyət kimi hörmətim olub. Bu səbəbdən də şəklini profilə qoymuşam.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR