Sizin reklam burada

Həmkarımız Şuşa döyüşlərində qazi olub

Baxış Sayı:499


Fariz Nəcəfov: “Qalib Azərbaycan xalqına eşq olsun!”
Azərbaycan ordusu Vətən Müharibəsindən qalib ayrıldı. Əsgərlərimiz böyük şücaət göstərərək Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhər və rayonlarını, Xocavənd və Xocalı rayonlarının bir hissəsini, Hadrut, Suqovuşan qəsəbələrini, Murovdağ yüksəkliklərini düşmən işğalından azad etdilər. Bunun nəticəsində mənfur düşmən məcbur olub sülh müqaviləsi imzaladı. Sazişə əsasən Kəlbəcər, Ağdam və Laçın şəhərləri və ətraf əraziləri döyüş olmadan Azərbaycana təhvil veriləcək, Qarabağda 5 il ərzində Türkiyə və Rusiya sülhməramlıları yerləşdirilərək münaqişənin yenidən qızışmamasına nəzarət edəcək. Bir sözlə, ordumuz möhtəşəm qələbə qazanaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Qəhrəman əsgərlərimiz, qazilərimiz, şəhidlərimiz qarşısında baş əyirik. Onlarla fəxr edirik.
Vətən Müharibəsi zamanı ordumuzun sıralarında döyüşənlərdən idman mediasının nümayəndələri də var idi. Futzal Federasiyasının mətbuat xidmətini rəhbəri Mahal Məmmədov, “Offside Sport Media”nın jurnalisti Daşqın Əziz ön cəbhədə döyüşən qəhrəman qardaşlarımızdan idi. Artıq müharibə başa çatıb. Jurnalistlər haqda bir sıra məlumatlar əldə etmişik.
Leytenant olan Mahal Məmmədov hələ də öz vəzifə borcunu yerinə yetirir. Bu barədə “Futbol+”ə açıqlamasında AFFA-nın mətbuat xidmətinin əməkdaşı Etibar Tağıyev məlumat verdi: “İki gün əvvəl danışmışam. Şükür, yaxşıdı. Elə bir yerdədi ki, orda şəbəkə yaxşı tutmur. Amma sağ-salamatdı”.
Hərbi jurnalist Emin Səfərov bir neçə gün öncə şəxsi “feysbuk” hesabında Mahal Məmmədovla birgə şəklini paylaşıb, “Cənab leytenantın salamları var”, - deyə qeyd etmişdi. Səfərov da Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri haqda bizə məlumat verdi: “Mahal bəylə bir neçə gün öncə görüşdük. Vəziyyəti yaxşıdı. Harda olması haqda məlumat verə bilmərəm. Çünki Mahal Məmmədov hələ də hərbi vəzifəsini yerinə yetirir”.
Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlıqlar göstərən həmkarlarımızdan olan Daşqın Əziz haqda da məlumat əldə etmişik. İdman jurnalistinin atası Mehdi bəylə əlaqə saxladıq. Əzizovlar ailəsinin başçısı oğlu haqda bizə bunları dedi: “Daşqınla dünən görüşdüm. Şükür Allaha, vəziyyəti yaxşıdı. Hazırda Silahlı Qüvvələrin Baş Klinik Hospitalındadı. Şuşa uğrunda döyüşlərdə böyründən yaralanıb. Güllə yarası alıb və kontuziya olub. Amma tam sağalana qədər heç kimə xəbər verməyib. Biz də elə yeni öyrənmişik. İndi vəziyyəti yaxşıdı. Dünən yanına getmişdim, 5 dəqiqəlik icazə verdilər ki, görüşüm. Danışdıq, az da olsa, söhbət etdik. Sabah hospitalı tərk edəcək. Yenidən hərbi hissəyə yollanacaq ki, tərxis olunsun”.
Qarabağ uğrunda vuruşanlardan biri də “Qəbələ”nin prezidenti Fariz Nəcəfovdu. Klub rəsmisi ehtiyatda olan zabit kimi könüllü olaraq ordumuzun sıralarına yazılmışdı. Bölgə təmsilçisinin prezidenti “feysbuk” səhifəsində paylaşım edib. Nəcəfov qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib: “Böyük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə münasibətilə Ali Baş Komandan başda olmaqla xalqımızı təbrik edirəm! Bu qalibiyyətin əldə olunmasında qəhrəmanlıqla şəhid olan hər bir əsgər və zabitimizin ruhu qarşısında baş əyirəm! Şəhidlərimizin valideynlərinin əllərindən öpürəm! Tarixi zəfərin əldə olunmasında “hər şey cəbhə üçün” şüarı altında birləşən və ölçüyəgəlməz ruh yüksəkliyi ilə ordumuzun yanında olan millətimizin hər bir övladı ilə fəxr edirəm! Qalib Azərbaycan xalqına eşq olsun!”
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR