Sizin reklam burada

Əvvəl Bakıya, sonra da "İmarət"ə qayıdaq

Baxış Sayı:548

Sentyabrın 27-dən başlayan haqq davamız qələbəmizlə yekunlaşdı. Ermənilər müzəffər ordumuzun qorxusundan gizlənməyə siçan deşiyi axtarışına çıxdı. İşğal altında olan torpaqlarımızın böyük bir qismini düşmən tapdağından azad etdik. Dığalar böyük qardaşları rusların arxasında gizlənərək ağ bayraq qaldırdılar. Ümid edirik ki, bundan sonra ağılları başlarına gələcək, özlərində cəsarət tapıb, bizim müqəddəs torpaqlarımıza ayaq basmağa cəsarət etməyəcəklər. Güclü iqtisadiyyata, böyük təbii sərvətlərə və döyüşkən igidlərə sahib olan Azərbaycan işğaldan azad etdiyi torpaqlarda möhkəmlənəcək, ermənilərin dağıtdığı ərazilərimiz bərpa olunacaq. Buna ürəkdən inanırıq.
Yaralarımızı sarımağa başlamışkən, futbolda da bu proseslərə start vermək lazımdı. Özü də yubanmadan. Şükürlər olsun ki, Vətən Müharibəsinin ən şiddətli günlərində belə ölkə çempionatında fasilə yaranmadı. Buna görə Peşəkar Futbol Liqasını və əməyi keçən digər qurumların əməkdaşlarını alqışlayıram. Hamımızın yaxşı yadındadı, 2016-cı ilin aprelində cəbhədə qısamüddətli döyüşlər başlamışdı. Bakıdan xeyli uzaqda iki top atılan kimi millimizin xorvatiyalı çalışdırıcısı Robert Prosineçki ailəsini də götürüb Zaqrebə qaçmışdı. Həmin vaxt təklif etmişdim ki, AFFA Prosineçkinin Bakıda olmadığı günlərin maaşını hesablasın, həmin məbləğ xorvatiyalıdan kəsilib şəhid ailələrinə verilsin. Təəssüflər olsun ki, özünü Prosineçkinin qarşısında gözükölgəli uşaq kimi aparan AFFA bu təklifə ciddi yanaşmadı. Bu dəfə ölkəmizdəki əcnəbi mütəxəssislər və futbolçular daha soyuqqanlı davrandı. Hansısa əcnəbi məşqçinin və ya futbolçunun Bakını tərk etməsiylə bağlı məlumata rast gəlmədik. Çətin günlərdə bizə dəstək olan, bizimlə birlikdə qalmaqdan çəkinməyən əcnəbilərin hər birinə təşəkkür edirəm.
Əvəzində UEFA bizə qarşı ədalətli davranmadı. Bakıda hər şey qaydasında olsa da, ölkə çempionatı davam etsə də, Millətlər Liqasının və Avropa Liqasının qrup mərhələsinin oyunlarının Bakıda keçirilməsinə qadağa qoyuldu. Millimiz bu gün neytral meydanda ikinci oyununu keçirəcək. Millətlər Liqasının qrup mərhələsinin sona yaxınlaşdığını nəzərə alsaq, milli komandayla bağlı UEFA-dan indiki məqamda umacağımız nəsə yoxdu. Amma "Qarabağ"la bağlı vəziyyət fərqlidi. Keçirdiyi üç oyunun hamısında məğlub olan "köhlən atlar" qrupda xalsız qalıb. Ardıcıl yeddinci dəfə avrokubokların qrup mərhələsində çıxış edən komanda üçün elə də xoş görüntü deyil. Qarşıda bizi həlledici mərhələ gözləyir. "Sivasspor" və "Makkabi"ylə ev oyunları doğma meydanda keçirilsə, "Qarabağ" qrupda ilk qələbəsini və xallarını qazana bilər. İndiyə qədər keçirilən qarşılaşmalar onu göstərib ki, Ağdam təmsilçisi bu rəqiblərin heç birindən zəif deyil və onları Bakıdan xalsız yola salmaq mümkündü. Yetər ki, "Qarabağ" psixoloji gərginlikdən və yol yorğunluğundan qurtulsun.
Artıq "Qarabağ" rəhbərliyi UEFA-ya rəsmi müraciət də ünvanlayıb, hüquqi prosedur başlayıb. Bu məsələdə AFFA da Ağdam klubuna dəstək olmalı, UEFA-ya haqqımızı sübut etməliyik. Müharibə artıq sona çatıb, Bakıda hər şey qaydasındadı. Qalır UEFA-nın məsələyə obyektiv yanaşması. Vətəndən didərgin salınan "Qarabağ"ı əvvəlcə Bakıya qaytarmağı bacarmalıyıq. Ondan sonra da yolumuz "İmarət"ədi!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR