Yığmanın oyunu günü dronların uçuşuna qadağa qoyulduLüksemburqda futbol millisinin Millətlər Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunun Azərbaycanla oyun günü dronların uçuşuna qadağa qoyulub. Sözügedən görüşdə baş verə biləcək mümkün təxribatın qarşısını almaq üçün bu addım atılıb. Bildirilib ki, qarşılaşmanın keçiriləcəyi noyabrın 17-də bütün dronların uçuşuna qadağa ilə bağlı qərar qəbul edilib. Xatırladaq ki, 2018/19 mövsümündə Avropa Liqasının qrup mərhələsinin "Düdelanj" - "Qarabağ" oyununda (1:4) ermənilər tərəfindən təxribat törədilmişdi.
Bəs görəsən, Lüksemburq dövlətini bu addımı atmağa nə vadar edib? Bu məsələ ilə bağlı AFFA tərəfindən qarşı tərəfə müraciət olunub, yoxsa lüksemburqlular “Düdelanj” - “Qarabağ” matçında yaşananlardan dərs çıxarıblar? Bu suallara cavab tapmaq üçün hazırda yığma ilə birgə səfərdə olan assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya müraciət etdik. Firuz bəyin reaksiyası belə oldu: “Son 50 gündə baş verən məlum olaylara görə istənilən komandamız – istər klub, istərsə də müxtəlif yaş qrupu üzrə yığmalarımız – hansısa xarici ölkəyə səfər edərkən, yola düşməmişdən öncə Azərbaycanın həmin ölkədəki səfirliyinə və UEFA-ya məktublar ünvanlanır. Təhlükəsizliyin təmin olunması ilə bağlı AFFA tərəfindən müraciət olunur. Lüksemburq da bu baxımdan istisna deyil. Yığmanın oyunu ərəfəsində Lüksemburq Futbol Federasiyası və UEFA-ya AFFA tərəfindən müraciət ünvanlanmışdı. Onlara “Qarabağ”ın oyununda yaşanan insidenti xatırladıb, son günlər Azərbaycanla Ermənistan arasında yaşananları vurğulayaraq, belə məsələlərə həssas yanaşmalarını bildirmişik. Bizim istəyimizi nəzərə alan Lüksemburq hökuməti AFFA-ya cavab məktubu ünvanlayıb və orda bildirilib ki, adı çəkilən dövlətin güc strukturları oyun günü dronların uçuşuna qadağa qoyub”.
RƏŞAD