Sizin reklam burada

“Son məktubda yazmışam ki, həm “Sivasspor”, həm də “Makkabi” Bakıya səfər etməyə razıdı”

Baxış Sayı:277


“Qarabağ”ın UEFA ilə yazışmaları davam edir
Xəbər verdiyimiz kimi, UEFA "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimovu ermənilərlə bağlı yazdığı statusa görə futbol fəaliyyətindən kənarlaşdırıb. Qurum onun statusunun "irqçi" xarakterli olduğu iddiası ilə belə qərar verib. Cəzaya isə Ermənistan Futbol Federasiyasının UEFA-ya rəsmi müraciət göndərməsi səbəb olub.
Bizə çatan bilgiyə görə, “Qarabağ”ın mətbuat katibinin məsələsinin uzanmasının və vəzifəsindən müvəqqəti uzaqlaşdırılmasının səbəbkarı erməni əsilli yunan vəkil imiş. O, məsələnin daha da qəlizləşməsi üçün əlindən gələni edir. Prosesin hansı mərhələdə olduğunu və məlumatımızın dəqiqliyini öyrənmək üçün klubun baş meneceri Asif Əsgərovla əlaqə saxladıq: “Nurlan İbrahimovla bağlı iş davam edir. Bildiyiniz kimi Ermənistan Futbol Federasiyasının şikayəti əsasında UEFA əməkdaşımızı müvəqqəti vəzifəsində uzaqlaşdırıb. Araşdırma davam edir. UEFA-da bizi dırnaqarası çox istəyən bir şəxs məsələnin daha da qəlizləşməsi üçün əlindən gələni edir. Lakin biz çalışırıq ki, problem daha da uzanmasın. Düşünürəm ki, gələn həftənin əvvəlində məsələ öz həllini tapacaq. Bizi sevməyən şəxsə rəğmən, Nurlanın cəzalanmaması üçün əlimizdən gələni edəcəyik”.
UEFA İcraiyyə Komitəsi Qarabağdakı müharibəyə görə Azərbaycan və Ermənistan yığmalarının, klublarının ev oyunlarına qadağa qoyub. Təbii ki, bu qadağadan ən ciddi ziyan görən klub “Qarabağ”dı. Ağdamlılar qrupdakı ilk ev oyununu İstanbulda keçirməli oldu. Artıq müharibə bitib. Tərəflər arasında münaqişənin sonlanmasıyla bağlı razılıq var. Bu amil “Qarabağ”ın ev oyunlarını Bakıda keçirməsinə təsir edəcəkmi? Noyabrın 26-da ağdamlılar “Sivasspor”u qəbul etməlidi. Həmin vaxta kimi UEFA Türkiyə klubunun Bakıya səfər etməsinə icazə verəcəkmi? Asif bəy sualımızı belə cavabladı: “Bununla bağlı quruma rəsmi müraciət etmişik. Orda qeyd etmişik ki, artıq münaqişə bitib. Lakin bir məsələ var ki, müharibə dekabrın 1-də başa çatacaq. Ermənilər öhdəliklərini yerinə yetirməyə bilərlər. Biz tam təhlükəsizliyə zəmanət veririk, amma əsas qərarı UEFA verəcək. Son məktubda qeyd etmişəm ki, həm “Sivasspor”, həm də “Makkabi” Bakıya səfər etməyə razıdı. Həm təşkilatçılıq, həm də təhlükəsizlik baxımından heç bir problem olmayacaq. Lakin qərar UEFA İcraiyyə Komitəsi tərəfindən verilib. Onlar da bir məsələni tam araşdırmamış qərar qəbul etmirlər. Bu təkcə bizə aid durum deyil. Bizim milli komandamız, ermənilərin yığması da eyni səbəbdən ev oyunlarını neytral meydanda keçirirlər. Klub məsələsində isə qonşularımızın bəxti gətirdi. Çünki onların Avropa Liqasında təmsilçiləri yoxdu. Növbəti oyunların taleyi haqda UEFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul ediləcək. Düşünürəm ki, bu məsələ də yığmaların Millətlər Liqasındakı matçları bitəndən sonra həllini tapacaq. Bu da gələn həftənin ortasına kimi çəkər”.
UEFA qərarını dəyişməyəcəyi halda, “Qarabağ”ın seçimi bəllidi: “Təşkilatı işləri meydan sahibi komanda gördüyündən, seçimi də biz edirik. Biz isə qərarımızı Türkiyədən yana vermişik. “Vilyarreal”la matçda olduğu kimi, yenə “İstanbul Başakşəhər” stadionunda oynamaq istəyirik. Bu o demək deyil ki, İstanbulda daha yaxşı stadion yoxdu. Məsələ burasındadı ki, mövsümün təşkilatçı qurum həm Avropa Liqasında, həm də Çempionlar Liqasında iştirak edən komandaların stadionlarını nəzarətdən keçirir. İstanbulu da yalnız “Başakşəhər” Çempionlar Liqasında təmsil etdiyindən, seçimi onun stadiondan yana etdik. Düzdü, Sivasda da oynaya bilərdik. Amma qrupdakı digər klublar - “Vilyarreal” və “Makkabi” buna etiraz edə bilərdi. “Sivasspor” rəhbərliyi buna razı idi. Amma hər iki komandanın eyni qrupda yer alması bu seçimin üstündən xətt çəkdi. Bu səbəbdən UEFA neytral meydanda oynamağımızı istəsə, seçimi “Başakşəhər Fatih Terim” stadionundan yana edəcəyik. İndiki məqamda əsas istəyimiz isə Bakıdan yanadı. Bundan ötrü də çalışırıq”.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR