Sizin reklam burada

“Azərbaycanlı olan hər kəs üçün sevincli günlərdi”

Baxış Sayı:299

“Azərbaycanlı olan hər kəs üçün sevincli günlərdi”

Samir Əliyev “Sabah”ın oyunçularının ayrılmasının səbəbini dedi
Hazırda yığmaların oyunları ilə bağlı çempionatlarda fasilə yaranıb. Fasilədən yararlanan ölkəmizin U-19 yığması da təlim-məşq toplanışı keçir. Samir Əliyevin komandası noyabrın 11-dən Bakıda hazırlığa başlayıb.
Srağagün isə komandanın heyətində dəyişiklik olub. “Sabah”ın üzvləri Nemət Musayev, Abdulla Rzayev, Camal Cəfərov və Yusif İmanovun əvəzinə toplanışa Cavidan Abbaszadə (Sumqayıt), Ramin Abdullayev (Keşlə), Valeh Qəhrəmanlı (Neftçi) və Elgün Bayramov (Səbail) çağırılıb. Bu dəyişikliyin səbəbi açıqlanmasa da, pandemiya ilə bağlı olduğu deyilir.
Dünən U-19-un baş məşqçisi Samir Əliyevlə əlaqə saxlayıb, bəzi aktual məsələlər ətrafında danışdıq.
- Toplanış necə keçir?
- Fürsətdən istifadə edib qısamüddətli toplanış keçmək qərarına gəldik. Hər ay toplanışımız olurdu, bu ay da həmçinin. Bir yoxlama oyunu keçirməyi planlaşdırırıq. Düzdü, heyət baxımından problemlərimiz var. Beş futbolçumuz U-21-in heyətindədi. Bəziləri klubların heyətindən gələ bilməyiblər. Bütün bunlara baxmayaraq, çalışdıq ki, bu çətin vaxtda uşaqları bir yerə yığaq və hazırlığımızı görək.
- Yoxlama oyunu üçün rəqib bəllidi?
- Ayın 15-də “Zirə”nin əsas heyəti ilə qarşılaşmağı planlaşdırırıq. Yeni futbolçularımız var ki, bu yoxlama oyununda onların da vəziyyətinə baxmaq istəyirik.
- Noyabrın 12-də AFFA “Sabah”ın toplanışa qatılan 4 üzvünün düşərgədən ayrıldığını açıqladı. Bunun koronavirus şübhəsi ilə bağlı olduğu deyilir. Səbəb nədi?
- Xeyr, koronavirusla bağlı deyil. Hər toplanışdan əvvəl testdən keçirik. Həmin futbolçular da bizimlə birgə koronavirus testindən keçdi, hansısa problem yox idi. Problem “Sabah”la bağlıdı. Bildiyiniz kimi, “Sabah” həm əsas milli komandaya, həm də U-21-ə xeyli sayda futbolçu verib. Onların da hazırda premyer-liqadakı vəziyyəti məlumdu. Komandada məşq etmək üçün kifayət qədər futbolçu olmadığından bizə müraciət etdilər, biz də həmin 4 futbolçunu əvəzlədik.
- “Sabah”ın çempionatdakı vəziyyətinə toxunduz. Bəs başqa komandalar necə təsir bağışlayır? Çempionatın səviyyəsindən razısız?
- Artıq neçə ildi 8 komandalı çempionat keçirilir. Deyə bilərəm ki, bu il əvvəlki illərdən fərqli zəif komanda yoxdu. “Qarabağ”ı çıxmaq şərti ilə bütün komandalar eyni səviyyədədi. Çempionatda aşkar autsayder yoxdu. Çempionatın maraqsız olduğunu deyə bilmərəm. Maraqlı mübarizə gedir.
- Çempionatda son günlərin mövzusu “Neftçi”di. Baş məşqçi və idman direktoru dəyişikliyi oldu. Komandada uzun müddətdi durumun düzəlməməsinin səbəbini nədə görürsüz?
- Bu haqda danışmaq bizim işimiz deyil. “Qarabağ”a 0:6 hesablı məğlubiyyətdən sonra Füzuli Məmmədovun istefası gözlənilən idi. Onu əvəzləyən isə gənc, iddialı Samir Abasovdu. “Zirə”dəki uğursuzluqdan sonra bu, onun üçün gözəl şansdı. Özü haqqında düşüncələri, gələcək karyerasını formalaşdırmaq, dəyərləndirmək üçün əla şansdı. Düzdü, olduqca çətin, ağır olacaq, amma ümid edək və inanaq ki, Abasov “Neftçi” üçün yaxşı nəticələr qazanacaq.
- Yeri gəlmişkən, əsas yığma ilə bağlı fikirləriniz də maraqlıdı. Komanda Sloveniya ilə yoxlama oyunu keçirdi və qarşıda Monteneqro və Lüksemburqla iki vacib oyun var. Yığma necə təsir bağışladı, gözləntiləriniz nədi?
- Hər iki oyun bizim üçün çətin olacaq. Baş məşqçi 29 nəfərlik heyət aparıb. Görünən odu ki, De Byazi gələcəyin komandasını qurur. Demək olar ki, Millətlər Liqasında şansımız cüzidi. Gələcəyə hesablanmış iş aparıldığını deyə bilərik. Sloveniya ilə yoxlama oyununda da gənc futbolçulara şans verildi. Hər birimiz milliyə azarkeşlik edirik, ən yaxşısını gözləyirik. Çətin olacaq, amma sərfəli nəticəyə ümid edirik.
- Ölkə olaraq çox fərqli günlər, hisslər yaşayırıq. Müharibə və qələbəmiz haqda nə düşünürsüz?
- Biz toplanışa yeni yığışmışdıq ki, müharibə başladı. Xalq olaraq bütün fikrimiz cəbhədə idi. Gecə-gündüz gözümüz telefonda, qulağımız müharibədə idi, hər gün yeni xəbərlər eşidirdik, “tvit” gözləyirdik. Şükürlər olsun ki, müharibə vaxtı xalq, ön cəbhədə döyüşən əsgərlərimiz – hamı bir yumruq kimi prezidentin ətrafında birləşə bildi. Çox sevincli qələbə qazandıq, artıq 30 illik həsrət bitdi. Arada özüm də fikirləşəndə başverənlər yuxu kimi gəlir. Həqiqət budu ki, möhtəşəm qələbə qazandıq. Azərbaycanlı olan hər kəs üçün sevincli günlərdi. Allah bütün şəhidlərə rəhmət eləsin, yaralılara şəfa versin. Sağ qalan bütün hərbçilərə isə cansağlığı arzulayıram. Hər birinin qarşısında baş əyirik.
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR