“Əlbəttə, Samir Abasova vaxt vermək lazımdı”Xəbər verdiyimiz kimi, “Neftçi”də bir sıra dəyişikliklər olub. Klubun idman direktoru Ceyhun Sultanovla baş məşqçi Füzuli Məmmədov istefa verib. Komandanın yeni baş məşqçisinin adına da aydınlıq gəlib. Müşahidə Şurasının qərarı ilə “ağ-qaralar”ı Samir Abasov çalışdıracaq.
Son turda “Qarabağ”a 0:6 hesabı ilə yenilən “Neftçi”nin azarkeşləri həm rəhbərliyə, həm də baş məşqçiyə etiraz edirdilər. Onlar sosial şəbəkələrdə komandanın tarixinə böyük ləkə yazıldığını bildirərək, həm Kamran Quliyevin, həm Ceyhun Sultanovun, həm də Füzuli Məmmədovun istifasını tələb edirdilər.
“Forza Neftçi” fanklubunun rəhbəri Sübhan Əliyev hətta “feysbuk” hesabında belə bir post paylaşmışdı: “Qeyrəti olan adamlar oyun qurtaran kimi klubu təhvil verib gedər “Neftçi”dən!” Onlar aqressivliklərini ancaq yazılı şəkildə bildirməkdən uzaq idilər. Yayılan məlumata görə, azarkeş qrupu klubun rəsmi şəxsləri ilə də görüşüb. Bütün bunları nəzərə alaraq, dünən Sübhan Əliyevlə əlaqə saxladıq. Azad azarkeş qrupunun rəhbəri “Neftçi” rəsmiləri ilə görüşə bilmədiklərini söylədi: “Oyundan dərhal sonra rəsmilərlə görüşmək üçün bazaya getdik. Amma orda bizi əsas şəxslərdən kimsə qarşılaşmadı. Sadəcə, klubun bəzi işçiləri ilə görüşdük. Onlar da nəticəyə görə məsuliyyət daşıyan şəxslər deyildilər. Görüşdüklərimiz də 0:6 hesabına görə çox üzgün idilər. Məsələni çox uzatmadıq. Bizə söz verildi ki, tezliklə rəhbərliklə görüşümüz olacaq. O zaman istəklərimizi və tələblərimizi bildirəcəyik”.
Sübhan bəy “Neftçi”də baş verən dəyişikliklərə də münasibət bildirdi: “Bizim əsas istəyimiz hər üçünün istefa verib, getməsi idi. Bunlardan ikisi həyata keçdi, qaldı prezident. İndi bizə qaranlıq olan məqamlar var. Ola bilər ki, Müşahidə Şurası nəticəyə görə prezidentdə günah görməyib. Ceyhun Sultanovla Füzuli Məmmədovun gedişi sevindirici məqamdı. “Qarabağ”a 0:6 hesabı ilə uduzaraq komanda tarixinə silinməz ləkə vurdular. Bunu necə təmizləyəcəklər? Tutaq ki, çox güclü prezident və ya məşqçi gəldi komandaya, “Qarabağ”ı 7:0, 8:0 hesabı ilə uda biləcəklər? Bu mümkünsüzdü. Bizi biabır etdilər. İnsan bilmir əsəbdən, stressdən nə etsin”.
“Forza Neftçi”nin rəhbəri Samir Abasovun baş məşqçi təyin olunmasına isə belə reaksiya verdi: “Samir müəllim çox yaxşı mütəxəssisdi. O, “Sumqayıt”da, “Zirə”də yaxşı komanda formalaşdırmışdı. Sözü yerində və zamanında deyən şəxsdi. “Neftçi”də nə işlər görəcəyi müəmmalıdı. Çünki Samir bəy mərd oğuldu. Həmişə azadlığı sevib. Ona “Neftçi”də şərait yaradılacaqmı? Bu, bir az düşündürücü sualdı”.
Fanklub rəhbəri Kamran Quliyev - Samir Abasov tandeminin “Neftçi”də uğurlu olub-olmayacağı ilə bağlı bunları söylədi: “Bir daha deyirəm, Samir Abasov yaxşı məşqçidi. Lakin bu ikili mənə görə “Sumqayıt”da uğur qazanmayıblar. Onlar, sadəcə, öhdəliyi yerinə yetiriblər. Uğurlu olmaq kubok və çempionluq əldə etməkdi. Kamran Quliyevin rəhbərliyi altında hansı komanda bunu bacarıb? Heç biri! “Sumqayıt” çox yaxşı oyun nümayiş etdirirdi, liderləri büdrədirdi. Amma onlar üçün ən yaxşı nəticə elə 4-cü yer olub ki, bunu da Kamran Quliyev olmayanda qazanıblar. Bəs bunun uğuru nə idi? “Neftçi” üçün tək uğurlu nəticə var: çempionluq! Bunu bacarmayan, əldə etməyən məşqçiyə, prezidentə həmişə etiraz edəcəyik. Bunu bacarmaq üçün yaxşı komanda formalaşdırmaq lazımdı. İndi Samir Abbasovla da görüşəcəyik. Deyəcək ki, mənə vaxt verin. “Neftçi” sınaq mərkəzi deyil ki, hər gələn bir dəfə yoxlayıb, getsin. Özü də fikir verin ki, flaqmandan gedən bütün məşqçilər sonra işsiz qalıblar. Bütün ölkənin gözü “Neftçi”dədi. Burda mütləq uğur qazanmalısan ki, gələcəyin parlaq olsun! Əlbəttə, Samir Abasova vaxt vermək lazımdı. İndi millinin oyunlarına görə çempionatda fasilə yaranıb. Lakin 5-6 günə məşqçi komandada nəyisə dəyişə bilməz. Amma öz oyun fəlsəfəsini aşılaya bilər. Biz də 3-4 turdan sonra dəyişiklik olarsa, baş məşqçimizin arxasında sonuna kimi duracağıq. Füzuli Məmmədovun vaxtında oyunçular meydana boş-boşuna çıxırdılar. Ağıllarına nə gəlirdi edirdilər. Rəhbərlik də bilir ki, “Neftçi” azarkeşləri dünənki uşaqlar deyil, futboldan yetərincə anlayışları var. Yenə deyirəm ki, fasilədən sonra 3-4 oyun Samir Abasovun və komandasının özünü göstərmək üçün vaxtı olacaq. Oyun fəlsəfəsində dəyişiklik olarsa, deməli, “Neftçi” üçün nələrsə etmiş olacaq. Amma biz azarkeşlər üçün ən böyük uğur çempionluq olacaq. Bunu bacarıb-bacarmayacağını zaman göstərəcək”.
Sübhan Əliyev sonda bir daha Kamran Quliyevdən narazılıq etdi: “Biabırçı nəticələrdən dərhal sonra həm prezident, həm transferlərə nəzarət edən şəxs, həm də baş məşqçi istefa verir hər yerdə. Bizdə isə Ceyhun Sultanovla Füzuli Məmmədovu vəzifələrindən azad edirdilər. Bəs Kamran Quliyev? Onun heç günahı yoxdu? Kamran bəy komandaya gələndən sonra nə çempionluq qazanılıb, nə də kubok. Hansı uğurlara görə kluba rəhbərlik edir…”
İLKİN SULTANLI