Sizin reklam burada

Ceyhun Sultanovla Füzuli Məmmədov “Neftçi”dən getdi

Baxış Sayı:287

Ceyhun Sultanovla Füzuli Məmmədov “Neftçi”dən getdi

Müşahidə Şurası komandanı Samir Abasova tapşırdı
Premyer-liqanın 9-cu turunda çempionluq yolunda əsas rəqibi “Qarabağ”a 0:6 hesabı ilə yenilən “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov istefaya göndərilib. Xatırladaq ki, Məmmədov 2020-ci ilin yanvarından komandanın “sükanı arxasına” dəvət olunmuşdu. Cari mövsümün əvvəlində isə onunla 2 illik müqavilə imzalanmışdı. Onunla yanaşı, “ağ-qaralar”ın idman direktoru Ceyhun Sultanov da paytaxt təmsilçisində tutduğu postdan istefa verib.
Geridə qalan 9 oyundan 4-də qalib gəlib, 3-nü məğlub başa vuran və 2 qarşılaşmada heç-heçə edən baş məşqçinin “Neftçi”də gec-tez istefaya göndəriləcəyi gözlənilən idi. Futbol ictimaiyyəti ilk gündən Füzuli Məmmədovun ölkənin ən köklü klubuna baş məşqçi təyin olunmasını heç də birmənalı qarşılamamışdı. Ancaq “Neftçi” rəhbərliyi 43 yaşlı mütəxəssisə etimad göstərməklə axının əksinə getməyi, Roberto Bordinin dönəmində köməkçi-məşqçi işləmiş Füzuli bəyi məsul vəzifəyə təyin etməyi lazım bilmişdi. Zaman göstərdi ki, risk etməyə dəyməzmiş. Məmmədov inamı doğrultmamaqla yanaşı, onu baş məşqçi postuna təyin edənləri də pis vəziyyətdə qoydu. Xüsusilə də klubun idman direktoru Sultanovu. Funksioner kimi “Sumqayıt”da özünü doğruldan Ceyhun bəy komandanı uğura daşımağı bacarmayan Bordindən sonra “mətbəxə tanış” birini vəzifəyə gətirməklə bir növ “Neftçi” düşərgəsində sabitliyə nail olmağa çalışdı. Ancaq idman direktoru bir vacib məqamı, Məmmədovun baş məşqçi kimi böyük klubda işləmək təcrübəsinin olmadığını nəzərə almamışdı. Bir var müxtəlif yaş qrupları üzrə komandaları çalışdırmaq, bir də var yüksək ödənişli oyunçulara malik, daim çempionluğa oynamalı olan komandanın “sükanı arxasına” keçmək. Füzuli bəy “Neftçi”yə gələnə kimi harda işləmişdi? Tarixin yaddaşına köçmüş “Rəvan”, “Zirə” və “Səbail”in aşağı yaş qruplarında. Ceyhun bəyin səhvi də onda oldu ki, qohumluq əlaqələrini nəzərə alıb, 83 yaşlı klubu Məmmədova həvalə etdi. Bununla da o həm özünü, həm də Füzuli bəyi oda atmış oldu.
Artıq “Neftçi”də Füzuli Məmmədov erası bitib. Çalışdığı müddətdə heç nə ilə yadda qalmayan baş məşqçi “Qarabağ”a 0:6 yenilməklə adını klub tarixinin qara səhifəsinə yazdı. Həmin məğlubiyyət “Neftçi”nin Müşahidə Şurasının (MŞ) üzvlərini, kluba sponsorluq edənləri də özündən çıxardı. Təsadüfi deyil ki, qəzetimizin ötən sayına açıqlama verən MŞ-nın üzvü Səməd Qurbanov “bazar günü “Qarabağ”ın timsalında çempionluğa oynayan əsl komanda izlədik. “Neftçi”nin oyunlarında isə qeyd etdiklərimin heç birini görmədik. Bunlar hələ də başa düşmürlər ki, hansı komandanın formasını geyirlər, “Neftçi” Azərbaycan futbolu üçün nə deməkdi. Belə biabırçılıq olmaz. Klub prezidenti Kamran Quliyev, Müşahidə Şurasının sədri Çingiz Abdullayevlə danışacam. Yaxın günlərdə toplantı keçirib, uğursuzluğa görə cavabdeh şəxslərin hesabatını dinləmək lazımdı” şəklində açıqlama vermişdi.
Əldə etdiyimiz məlumata görə, Füzuli Məmmədovun boşaltdığı posta hazırda üç namizəd var. Onlar “Zirə”dən ayrılandan sonra işsiz qalan Samir Abasov, hazırda “Neftçi-2”ni çalışdıran Mahmud Qurbanov və “Sumqayıt”ın uğurlarında əsas pay sahiblərindən biri olan Ayxan Abbasovdu. Etibarlı mənbədən bizə ötürülən bilgiyə əsasən AFFA-nın prezidenti Rövnəq Abdullayev ölkənin ən yaşlı klubunun baş məşqçisinin Ayxan bəy olmasını istəyib. Ölkə futbolunu maliyyələşdirən şəxs Abbasovun son illər məhdud büdcə və əsasən yerli oyunçularla “kimyaçılar”ı yüksək yerlərə daşımasını nəzərə alaraq, “Neftçi”ni onun çalışdırmasının tərəfdarıdı. Ancaq istər SOCAR, istərsə də AFFA-da müəyyən qüvvələr “Neftçi-2”nin baş məşqçisi olan Mahmud bəyin əsas komandaya gətirilməsinə çalışır. Mənbəmizin sözlərinə inansaq, Samir Abasovun adı namizədlər arasında olsa da, son vaxtlar ölkə mətbuatına verdiyi müsahibələr 42 yaşlı mütəxəssisi futbol ictimaiyyətində gözdən salıb və bu üzdən namizədlər arasında onun “sükan arxasına” keçmək şansı minimumdu. Ancaq mənbəmiz onu da etiraf etdi ki, müəyyən qüvvələr var ki, Samir bəyi “ağ-qaralar”ın baş məşqçisi kreslosuna gətirməyə çalışırlar. Həmin qüvvələrin təsir dairəsinin geniş olduğunu söyləyən şəxs bu variantı da istisna etmədi.
RƏŞAD
P.S. Dünən günün ikinci yarısında “Neftçi”nin baş məşqçi vəzifəsinə təyinat gerçəkləşib. Müşahidə Şurasının qərarı ilə komandanı Samir Abasov çalışdıracaq. Bu haqda “ağ-qaralar”ın rəsmi saytı xəbər yayıb. 42 yaşlı mütəxəssislə 2021/22 mövsümünün sonunadək müqavilə bağlanıb. Abasov 2003/04 mövsümündə "Neftçi”də çıxış edib, ölkə çempionatının və kubokunun qalibi olub. O, baş məşqçi kimi "Sumqayıt” (2015-18) və "Zirə”də (2018-19) çalışıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR