Sizin reklam burada

Abasov, “day-day”ın kimdi?

Baxış Sayı:448

“Neftçi”də Füzuli Məmmədov dönəmi başa çatdı və Müşahidə Şurasının qərarı ilə Samir Abasov 83 yaşlı klubun yeni çalışdırıcısı təyin olundu. Abasov müasir Azərbaycan məşqçilik məktəbinin istedadlı yetirmələrindən biridi. Onu yaxından tanıdığımdan heç vaxt futbol savadına şübhə etməmişəm. Amma və lakin...
İşsiz qaldığı müddətdə müntəzəm Abasovla əlaqə saxlayıb, yeni təkliflərin olub-olmadığı, boş vaxtlarında nə iş gördüyü ilə maraqlanmışam. Hərdən özlüyümdə onun kimi üzərində işləyən, savadlı mütəxəssisin işsiz qalmasını Azərbaycan futbolunun faciəsi kimi dəyərləndirmişəm. Ancaq sonuncu dəfə onunla danışanda gümanlarımda yanıldığımı düşündüm. Ölkənin ən perspektivli məşqçisi hesab etdiyim şəxs futbola baxmadığını dilə gətirdi. Kənd təsərrüfatı ilə məşğul olduğunu, rayonda valideynlərinə qış tədarükündə yardım etdiyini söyləyən Abasov hətta yığmanın oyunlarını belə izləmədiyini, nəticələri telefon danışığında U-17-də çalışan Mübariz Orucovdan öyrəndiyini bildirdi. Azərbaycan çempionatını izləməyən, yığmanın oyunlarına biganə qalan birinin indi “Neftçi”nin “sükanı arxasına” dəvət olunması nə dərəcədə doğru addımdı? Bir adam ki, “mənə futbol maraqlı deyil və buna görə də izləmirəm” söyləyir, ona necə güvənmək olar? Abasovun təyinatı lap bu ilin yanvarında “Barselona”nın baş məşqçisi postuna gətirilən və çox çəkmədən yola salınan Kike Setyenin təyinatına bənzədi. O da “Betis”dən ayrılandan fermasına çəkilərək İspaniya çempionatını təqib etmirdi. Bütün fikri-zikri fermer təsərrüfatına yönəlmişdi. Təyinatından bir gün əvvəl fermasında inəklərin nə qədər süd verdiyini hesablayarkən “Barselona” rəhbərliyindən zəng gəlir və ertəsi artıq dünyanın ən nəhəng klublarından birinin baş məşqçisi təyin olunur. Onun rəhbərliyi altında kataloniyalıların hansı aqibətlə üzləşdiyi hamıya məlumdu. Abasov da eyni taleyi yaşayır. Kənddə odun doğrayıb, şəhərdəki evində yer belləyərkən gözləmədiyi halda çempionluğa iddialı klubdan iş təklifi alıb.
Samir bəy istedadlı məşqçidi, ancaq çalışdığı heç bir klubda nəticə verməyib. Nə “Sumqayıt”ı avrokuboklara daşıyıb, nə də istədiyi qədər legioner dəvət etdiyi “Zirə” ilə uğur qazanıb. Belə olan halda “Neftçi” rəsmiləri onu hansı xidmətinə görə baş məşqçi vəzifəsinə dəvət edib? Futbolçularını şikəstə bənzədən (“Sumqayıt” reabilitasiya mərkəzidi” demişdi), seleksiyası sıfra bərabər olan (“Zirə”yə dəvət etdiyi legionerlərin səviyyəsi hamıya bəllidi), futbolçularla dil tapmaqda çətinlik çəkən mütəxəssis, görəsən, “Neftçi” kimi daim diqqət mərkəzində olan klubda necə baş çıxaracaq? Abasovun çatışmazlıqları bir deyil, beş deyil. O nəzəriyyəni bilir, əcnəbi dildə danışmağı bacarır, videotəhlili öyrənib. Ancaq böyük, çempionluğa iddialı klubda çalışmaq üçün bunlar yox, uğura aparan yolu tapmaq lazımdı ki, “Neftçi”nin yeni çalışdırıcısı onun hansı səmtdə olduğunu müəyyənləşdirə bilməyib. Bunun üçün ilk növbədə kompasla işləmək bacarığının olması vacibdi.
Samir bəy qəzetimizə son müsahibəsində səsləndirdiyi bir fikir də futbol camiəsində xoş qarşılanmamışdı. O Azərbaycan futbolunda çalışmaq üçün “day-day”ın olmasının vacibliyini qeyd etmişdi. Həmin vaxt bir çoxları Abasovu qınamışdı. Hətta “ belə çıxır ki, Samir “Sumqayıt”a və “Zirə”yə “day-day” hesabına getmişdi” deyənlər də az deyildi. Bu gün Samir bəy artıq ölkənin ən köklü, postsovet məkanında ən çox tanınan komandasının baş məşqçisi oldu. İndi mən ona elə özünün söylədiklərini xatırlatmaq istəyirəm: Abasov, “day-day”ın kimdi?

Oxşar xəbərlər
SON XƏBƏRLƏR