Sizin reklam burada

Niyə məhz Samir Abasov?

Baxış Sayı:232

Ölkənin ictimai-siyasi həyatında baş verən hadisələr hər nə qədər gündəmə otursa da, “Neftçi”nin “Qarabağ”a son turdakı acınacaqlı məğlubiyyətinin nəticəsiz qalmayacağı, kiminsə “başının gedəcəyi” aydın idi ki, dünən elə belə də oldu. Futbola baxışı, təbliğ etdiyi oyun üslubu, nəhayət, xarizması “Neftçi” kimi nəhəng kluba uyğun gəlməyən baş məşqçi Füzuli Məmmədov, eləcə də heyətlə bağlı strateji qərarların verilməsində söz sahibi olan idman direktoru Ceyhun Sultanov postundan uzaqlaşdırıldı. Sultanovun klub prezidenti Kamran Quliyevlə vaxtilə “Sumqayıt”da ortaya keyfiyyətli iş qoyduğunu nəzərə alsaq, indiki uğursuzluq həm gözlənilməzdi, həm də çox aydın həqiqəti bir daha ortaya qoyur: Sumqayıt Bakı deyil, “Sumqayıt” da “Neftçi”!
Gedənin arxasınca danışmaq yaxşı iş deyil, odu ki, Sultanov – Məmmədov dönəminin “Neftçi”si haqda daha iki kəlmə deyib, dərhal yeni baş məşqçi ilə bağlı danışmaq istəyirəm. Heç kimə sirr deyil ki, paytaxt klubu cari mövsümdə keçirdiyi bütün, hətta qalib gəldiyi oyunlarda da inamsız təsir bağışlayır, meydanda göstərdiyi futbolla azarkeşlərin könlünü oxşamırdı. Koronavirus dönəmi olmasaydı, azarkeşlər tribunalara buraxılsaydı, bəlkə də Füzuli bəy 9-cu turdan sonra yox, daha erkən qovulacaqdı. Bir daha deyirəm ki, bugünkü “Neftçi”nin oyununda bəyəniləsi, könül oxşayan, komandanın ad-sanına, titullarına, ənənələrinə uyğun hansısa işartı, qığılcım yoxdu. Bu mənada 0:6 klubun sponsorlarının, Müşahidə Şurasının üzvlərinin səbr kasasını daşırmalıydı ki, elə daşırdı da!
Bəs Samir Abasov dönəmi “Neftçi”yə nə vəd edir? Bütün şəkli əlamətlər, yəni Samir bəyin komandalarının indiyə qədər göstərdiyi oyun, onun xarizması, eyni zamanda “Neftçi”nin heç vaxt maliyyə problemlərindən əziyyət çəkməməsi, əksinə, bu gün üçün ölkənin ən imkanlı klublarından biri olması işbirliyinin uğurlu ola biləcəyindən, “ağ-qaralar”ın məhz bu mütəxəssislə Qurban Qurbanov, Ayxan Abbasov, Rəşad Sadıqov kimi rəqibləri çəkinməyə məcbur edəcəyindən xəbər verir. Abasovun xoşladığı, komandalarına aşıladığı şən, kombinasiyalı futbol elə sanki “Neftçi”nin boyuna biçilib. Bu komandanı uzun illər ərzində milyonlarla futbol azarkeşinə sevdirən də özünəməxsus, rəqiblərin ad-sanına baxmadan sadiq qaldıqları oyun üslubu olub. Təəssüf ki, son vaxtlar komandanı çalışdıran əksər mütəxəssislər sanki ənənəvi oyun üslubundan uzaqlaşmaq, fiziki-atletik hazırlığa əsaslanan oyunun incəlikləri üzərində çalışmaq baxımından yarışa girmişdilər. Onları komandanın baxımlı oyunu yox, istisnasız nəticə uğrunda oynamaq maraqlandırırdı. Bir top vurub müdafiəyə çəkilmək, qat-qat zəif rəqiblərə qarşı ultramüdafiə taktikası seçmək, təzyiqi artırmalı olduğun halda yersiz dəyişikliklərə əl atmaq – bütün bunlar son dövrlərin “Neftçi”sini xarakterizə edən nöqsanlardan yalnız kiçik bir qismidi. Təbii ki, mən bunların üzərinə ayrı-ayrı futbolçuların “Neftçi” adının məsuliyyətini dərk etməməsi, gedən oyunçuların layiqincə əvəzlənməməsi, yəni yanlış transfer amillərini də gələ bilərəm. Belə problemlər fonunda yaşayan, varlığını sürdürən “Neftçi”nin nəinki “Qarabağ”a, heç “Sumqayıt”la “Zirə”yə də müqavimət göstərmək imkanı yoxdu. Yaxşı ki klub rəhbərliyi bu həqiqəti tez, komanda cari mövsüm üçün hədəflərindən o qədər də uzaq düşməmiş anladı. Kamran Quliyev “Sumqayıt”da onunla birgə uğurlar qazanan Samir Abasova güvənməyə, daha doğrusu, klubun sponsorlarını belə seçimin məqsədəuyğunluğuna inandıra bildi. Bəlkə də bu seçim “Neftçi”ni bütün dövrlər üçün aktual olan, 2013-dən bəri həsrət qaldığı hədəfinə - çempionluğa çatdırmayacaq. Amma ən azı buna əminəm ki, “ağ-qaralar”ın oyunu yaxşılığa doğru dəyişəcək, azarkeşləri, ümumiyyətlə, futbolsevərlər onların oyununa baxanda darıxmayacaq və əsnəməyəcək. Bu məqamda yeni baş məşqçiyə uğur arzulamaqdan yaxşı heç nə görmürəm. Xeyirli olsun!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR