Sizin reklam burada

Monteneqro ilə oyun ruslara tapşırıldı

Baxış Sayı:252


Millətlər Liqasının 5-ci turunun Azərbaycan - Monteneqro oyununa təyinatlar açıqlanıb. Oyunu Rusiyadan olan hakimlər briqadası idarə edəcək. Sergey İvanova yan xətdə Roman Usaçyovla Valeri Dançenko kömək göstərəcək. Dördüncü hakim funksiyasını isə Kirill Levnikov yerinə yetirəcək. İsrailli Şmuel Şteyf hakim-inspektor, sloveniyalı Tuqomir Frayman UEFA nümayəndəsi olacaq.
İvanov vaxtilə "Qarabağ"ın görüşünü idarə edib. 36 yaşlı referi 2019/20 mövsümündə Avropa Liqasının pley-off mərhələsində ağdamlıların evdı "Linfild"i 2:1 hesabı ilə üstələdiyi oyunda iş başında olub. Qeyd edək ki, noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki “İvan Lalyak-İviç” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.
Monteneqro yığmasının futbolçusu Adam Maruşiç millimizlə oyunda iştirak edə biləcək. Serbiya mətbuatında yer alan xəbərə görə, “Latsio”nun şərəfini qoruyan futbolçu artıq düşərgəyə qoşulub. İtaliya klubu futbolçularına yığmanın düşərgəsinə getməyə icazə verməsə də, Maruşiç milliyə qoşulub. O, Azərbaycan və Cənubi Kiprlə oyunlarda iştirak edə biləcək.
“Yenidən millinin təlim-məşq toplanışında olmaq xoşdu. Klubda hər şey yaxşı gedir. Həm komandanın, həm də öz çıxışımdan razıyam” – bu sözlər Monteneqro millisinin futbolçusu Miloş Rayçkoviçə məxsusdu. “Buduçnost”un yarımmüdafiəçisi yığmanın açıq məşqindən öncə təşkil olunan brifinqdə iştirak edib. Onun noyabrın 14-də millimizə, üç gün sonra Cənubi Kiprə qarşı keçiriləcək rəsmi, dünən isə Qazaxıstanla baş tutan yoxlama oyunu barədə fikirləri belə olub: “Qazaxıstanla matç ağır olacaq. Rəqib yaxşı oyun keyfiyyətinə malikdi. Lakin ümid edirəm ki, şans qazanacaq futbolçularımız yaxşı oynayaraq qalib gələcək. Millətlər Liqası qarşılaşmalarında hər şey mümkündü. Həm Azərbaycan, həm də Kipr yığması səviyyəli futbolçulara malik olduqlarını göstərib. Bu üzdən də onların Lüksemburqa qalib gələcəyinə ümid edirik”.
Rəqibin başqa bir futbolçusu Saşa Baliç bunları deyib: “Qarşıda iki çox vacib oyunumuz var. Bu görüşlərdə 6 xal qazanacağıq. Qazanılacaq 6 xalla B liqasına yüksələcəyik. 5 ildən sonra yenidən yığmaya çağırıldığıma görə xoşbəxtəm. Ölkənin gerbi olan formanı geymək qürurvericidi. Özümü yaxşı tərəfdən göstərmək lazımdı ki, komandanın bir parçasına çevrilim. 5 ildə millinin bütün oyunlarını izləmişəm. Komanda çox dəyişib. Güclü liqalarda çıxış edən yeni və gənc futbolçular var. Məqsəd bəllidi - ən yaxşı oyunumuzu göstərməliyik. Çünki ölkənin rəmzlərinin yer aldığı formanı daşıyırıq”.
Monteneqro yığmasının qapıçısı Daniel Petkoviçi dinləyək: “Ötən ay olduğu kimi, yenə ilk olaraq yoldaşlıq görüşü keçirəcəyik. Ancaq matçın statusundan asılı olmayaraq, millinin hər bir üzvü meydana qələbə üçün çıxmalıdı. Heyətdə çoxlu dəyişiklik olacaq. Ümid edirəm ki, Qazaxıstanla oyunda müsbət nəticə əldə edəcəyik. Fikrimcə, ölkə xaricində daha az şans qazanan və daxili birincilikdə oynayan futbolçuların iştirakı məqsədəuyğun olar. Təbii ki, Millətlər Liqasında Azərbaycanla matça yenilənmiş və daha hazır heyət çıxacaq”.
Monteneqro millisinin baş məşqçisi Faruk Hacibeqiç isə Qazaxıstanla yoldaşlıq görüşündən öncə təşkil olunan mətbuat konfransında maraqlı fikirlər səsləndirib: "Bizim üçün qalib gəlmək vacibdi. Bir qələbə minlərlə müsbət məqam gətirə bilər. Bu oyun gözümüzü aça, Azərbaycan və Kiprlə matçlarda bizi nələrin gözlədiyini göstərə bilər. Ona görə də futbolçularımdan bu görüşə ciddi yanaşmağı istəyirəm. Amma hər şeydən öncə öz oyunlarımızı udmalıyıq. Bu isə asan olmayacaq. Turnir başlayanda demişdim ki, yalnız 6 qələbə bizə liderlik üçün təminat verə bilər. Nəticələr haqlı olduğumu sübut etdi. Çünki qrupda 5 qələbə kifayət etməyə bilər. Məqsədimizə çatacağımıza sonadək inanmalıyıq".
Yeri gəlmişkən, Monteneqro yığmasının oyunçuları koronavirus testindən keçib. Yerli Futbol İttifaqının rəsmi saytında yer alan xəbərə görə, əsas yığmanın və U-21-in üzvləri testdən keçiblər. İki futbolçunun testinin pozitiv çıxdığı aşkarlanıb. Adı açıqlanmayan həmin oyunçular karantinə alınıblar. Onlardan biri əsas yığmanın üzvüdü.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR