Əliyar Ağayev sumqayıtlılara daha sərt yanaşdıPremyer-liqanın 9-cu turu hakim səhvlərindən xali olmadı. 4 qarşılaşmada referilər ümumilikdə futbolçulara 20 sarı, 1 qırmızı vərəqə göstərdilər. Həftənin ən kobud görüşü "ASCO Arena"da baş tutdu ki, "Səbail" - "Sumqayıt" matçında hakim futbolçuları 8 sarı vərəqə ilə cəzalandırdı. Ümumilikdə turu dəyərləndirəndə oyunların nəticəsinə təsir edəcək referi səhvləri ilə qarşılaşmadıq. Reportyorlarımızın qeydlərinə keçid alaq.
ELÇİN MƏSİYEV, Keşlə - Qəbələ
Referi birbaşa qarşılaşmanın nəticəsinə təsir edən qərar qəbul etmədi. Amma Elçin Məsiyevin təcrübəsizliyi sözünü deyirdi. Məsələn, 29-cu dəqiqədə Şəhriyar Əliyev cərimə meydançasında yerə yıxılan zaman topu əllə saxlasa da, baş hakim penalti qərarı vermədi. O, topun əli tapdığını düşünüb, 11 metrlik cərimə zərbəsi təyin etmədi. 81-ci dəqiqədə "Keşlə"nin hücumu zamanı Qoxa cərimə meydançasının xəttinin bir neçə santimetrliyində Silvio Rodrigesə qarşı aşkar kobud oynadı. Epizod zamanı nədənsə hakim cərimə zərbəsi təyin etmədi. Ümumilikdə kiçik nöqsanları nəzərə almasaq, oyun ərzində başqa səhvlər olmadı. Məsiyevin idarəçiliyini müsbət hesab etmək olar.
ƏLİYAR AĞAYEV, Səbail – Sumqayıt
FİFA referisinin qərarları heç də ideal deyildi. Söhbət həm oyun epizodlarını dəyərləndirməkdən, həm də vərəqə göstərməkdən gedir. Sarı vərəqəyə əl atarkən qonaqlara münasibətdə daha sərt davranırdı. Məsələn, 11-ci dəqiqədə top uğrunda mübarizədən sonra Rəhim Sadıxova qarşı kobud oynayan Rauf Əliyevi “sarı” ilə cəzalandırmalı olduğu halda, bağışladı. Elə həmin Raufun fərqləndiyi epizod da mübahisəli idi. Keşavarzi ilə Kadriu “Sumqayıt”ın cərimə meydançasında Bədəlovla Mütəllimovu topdan uzaqlaşdırmağa çalışırdı. Qarışıqlıqda topun Kadriunun əlinə dəyəndən sonra Raufun önünə düşməsini referi gözdən qaçırdı.
RƏHİM HƏSƏNOV, Neftçi - Qarabağ
Bu qarşılaşmada hakimlikdən daha çox “Neftçi”nin biabırçı məğlubiyyəti diqqəti çəksə də, sabiq FİFA referisi bir sıra məqamlarda səhvlərə yol verdi. Xırda follarla oyunun tempini aşağı salmağa çalışan referi bəzən futbolçuların etirazlar ilə qarşılaşırdı. Rəhim Həsənovdan daha çox “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov şikayətçi idi. Oyunda ən diqqətçəkən məqam penaltinin verilməsi idi. 28-ci dəqiqədə Mərt Çəlik Mahir Emreliyə qarşı qaydanı pozdu ki, Həsənov penalti nöqtəsini göstərdi. Lakin bu epizodda referi oyunu davam etdirə də bilərdi. 42-ci dəqiqədə yenə rəqiblər üz-üzə gəldilər. Bu dəfə gənc müdafiəçi Emreliyə qarşı qaydanı pozsa da, hakimin fiti susdu. Oyunda bundan başqa diqqət çəkən məqam olmadı. Verilən qərarlar və göstərilən vərəqələr doğru idi. Köməkçi hakimlərlə əlaqə də qaydasında idi. Ümumilikdə Rəhim Həsənov və komandası matçı ideala yaxın idarə etdi.
RAUF CABBAROV, Sabah - Zirə
Referinin oyun ərzində verdiyi qərarlar baş məşqçilər tərəfindən normal qarşılanmadı. Hər iki çalışdırıcı hər dəfə Rauf Cabbarovun fiti çalınanda etirazlarını bildirirdilər. Qarşılaşmanın kulminasiya nöqtəsi isə 90-cı dəqiqədə yaşandı. “Zirə”nin qolkiperi Albino qapıdan zərbə ilə topu oyuna daxll etmək istəyərkən Rauf ona ikinci sarı vərəqə göstərərək meydandan qovdu. Bu da qeyri-adi qərar idi. Çünki həmin an cərimə meydançası daxilində “Zirə”nin başqa iki futbolçusu da var idi. Bilinmird ki, topu oyuna Albino daxil edəcək, yoxsa yanındakı müdafiəçilər. Bu qərar da baş məşqçi Rəşad Sadıqova pis təsir etdi. Ümumilikdə Rauf Cabbarov qapıçını meydandan qovmaya da bilərdi. Burda Albinoya qırmızı vərəqə göstərilməsi üçün ciddi əsas yox idi.