Sizin reklam burada

Turdan məqamlar

Baxış Sayı:128


Turun...
...sevinci...

Ardıcıl üç oyunda qələbə qazana bilməyən “Zirə” bu sindromu Masazırda qırdı. “Qartallar” Ağabala Ramazanovun vurduğu qolla “Sabah” üzərində qələbə qazandı. Hücumçu fərqlənəndən sonra komanda yoldaşları onu təbrik etmək üçün qucaqlamağa çalışsalar da, “10 nömrə” hamının kənara durmasını istədi və birbaşa texniki zonaya qaçaraq qol sevincini baş məşqçi Rəşad Sadıqovla bölüşdü. Açığı, bu hərəkət izləyənlərə qəribə göründü. Qol sevincini komanda yoldaşlarıyla yox, baş məşqçi ilə bölüşməsinin səbəbini aydınlaşdırmaq üçün Ramazanovla əlaqə saxladıq. Hücumçu hadisə ilə bağlı bunları söylədi: “Qola kollektiv olaraq hamımız sevindik. Amma mən sevincimi Rəşad müəllimlə bölüşmək istədim. Bu hərəkətin xüsusi bir mənası yoxdu”.
...qulaqburması...
“Keşlə” də uzun müddətdən sonra qələbə qazanmağı bacardı. Yunis Hüseynovun komandası doğma meydanda “Qəbələ”ni 3:1 hesabıyla məğlub etdi. Hərçənd hesabı əyalət təmsilçisi açmışdı. “Qırmızı-qaralar” qələbə qazanmaq potensialları olduqları matçda 3 xalı əldən verdilər. Bu psixoloji məqam futbolçuların hərəkətlərinə də təsir göstərirdi. “Qəbələ”nin qapısında gördüyü üçüncü qoldan sonra Yurgen Qoxa özündən çıxdı. Üzünü hücumçulara tutub, əliylə biədəb jest edən albanı Cavid Hüseynov sakitləşdirdi. Yurgeni özünəməxsus tonda yerinə otuzduran vitse-kapitan bir müddət əsəbi göründü. Cavidin həmin anda müdafiəçiyə dediklərini bilmək bir çoxları üçün maraqlı məqam hesab olunduğundan onunla əlaqə saxladıq. Cavid hadisəni belə nəql etdi: “Hücumçularımız əllərinə düşən fürsətləri sağa-sola xərclədilər. Rəqib də belə şeylərə görə bizi cəzalandırdı. Yurgen də əliylə hücumçulara jest etdi. Mən də onu başa saldım ki, sən nə edirsən? Ona izah etdim ki, bizim ölkədə belə şeylər yolverilməzdi. Belə hərəkətlər bizim futbola yaraşmır. Oyundan sonra da ona vəziyyəti başa saldım. Yurgen də həmin anda çox əsəbi olduğunu bildirdi. Sadəcə, qol imkanlarını qaçırdıqlarına görə hücumçulara qarşı elə bir şey etdi. Ona da yerindəcə vəziyyəti izah elədim”.
...davası
“Səbail” - “Sumqayıt” oyunu da gərgin mübarizə şəraitində keçdi. Matçın ilk dəqiqələrindən Urfan Abbasovla Rəhim Sadıxov arasında gərginlik yaşandı. Hissənin sonlarına doğru futbolçular bir epizodda söyüşdülər. Bundan sonra oyunçular üz-üzə gəlməməyə çalışdılar. Epizod zamanı yaşanan problemi aydınlaşdırmaq üçün “Səbail”in müdafiəçisi Urfan Abbasovla əlaqə saxladıq. O isə hadisə zamanı böyüdüləcək problemin yaşanmadığını bildirdi: “Qayda pozuntusundan sonra Rəhim mənə “nə oldu, eee?”, - deyə ağız əydi. Həmin an oyunun stressindən sözümüz çəp gəldi. Bundan sonra bir epizodda da mübahisə yaşandı. Burda o qədər böyüdüləcək hadisə yaşanmadı. Oyun irəlilədikcə yaşanan gərginlik unuduldu. Açığı, oyundan sonra bir-birimizlə ünsiyyətimiz olmadı. Nə mən üzrxahlıq etdim, nə də Rəhim. Matç bitən kimi paltardəyişmə otağına yollandı. Çürütməklik söhbət də deyildi ki, uzadaq. Futbolda tez-tez yaşanan adi mübahisələrdən biri idi”.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR