Sizin reklam burada

Azərbaycan çempionatının əsl səviyyəsi

Baxış Sayı:363

Biz deyəndə inanmayanlar vardı. Buyurun, bu da sübutu. “Qarabağ” bir həftə ərzində ötən mövsümün mükafatçılarının ikisinin də daşını daş üstə qoymadı, “Keşlə” ilə “Neftçi”nin hər birinin qapısına 6 qol vurdu. Sıradan məqam deyil. Özü də həm “Keşlə”, həm də “Neftçi” ilə qarşılaşmadan öncə “köhlən atlar” Türkiyəyə səfərə getmişdilər. Kiməsə bu səfərlər adi görünə bilər, deyərsiz ki, nə var e, təyyarə ilə Türkiyəyə uçmağa. Amma əmin olun ki, heç də belə deyil. Hər belə səfər yuxusuz gecə, yol yorğunluğu, fərqli mühitə uyğunlaşmaq deməkdi. Bütün bunlar isə insan orqanizminə təsirsiz ötüşmür. Futbolçu olanda nə olar, onlar da insandı. Əmin ola bilərsiz ki, tez-tez ora-bura uçmaq, fərqli saata və mühitə uyğunlaşmaq onlar üçün də çətindi. Özü də bizimkilərin Avropa ölkələrinin çempionatlarında çıxış edənlərdən çox böyük fərqi var. Məsələ ondadı ki, onlar ilboyu bu cür qrafikdə futbol oynayırlar, bir növ vərdiş edirlər. “Qarabağ” isə yalnız avrokuboklarda çıxış edərkən belə gərgin qrafiklə üzləşir. Təsəvvür edək ki, “Qarabağ” “Keşlə” və “Neftçi” ilə görüşməzdən əvvəl iki dəfə Türkiyəyə gedib-gəlməsəydi, “Vilyarreal” və “Sivasspor”la ağır oyunlar keçirməsəydi, necə olardı? Onda ötən mövsümün mükafatçılarının qapısına vurulan qol sayı iki rəqəmlə ifadə edilərdi?!
İllərdi yazdığımız və dediyimiz də budu. Azərbaycan çempionatında oynayan komandanın ardıcıl 7 ilə avrokubokların qrup mərhələsində çıxış etməsi böyük qəhrəmanlıqdı. “Qarabağ”ın hazırkı zəif və yorğun görüntüsü, çoxlarının bəyənmədiyi transferləri belə Azərbaycan premyer-liqasının səviyyəsindən çox-çox yüksəkdədi. Bunu meydandakı nəticələr də isbatlayır. “Keşlə” ötən mövsüm bürünc medalları qazanıb, “Neftçi” isə ikinci olub. Yeni mövsümdə də bu iki komanda mükafatlara iddialıdı. Hər ikisinin heyətində xeyli legioner var, onlara da bir ətək xərc çəkilir. “Neftçi” liderlərdən cəmi bir xal geri qalır, 14 xalla 4-cü pillədədi. “Keşlə” isə 12 xalla “Neftçi”ni təqib edir. Deməli, bu mövsüm də “Keşlə” ilə “Neftçi”nin medal qazanmaq, avrokuboklarda Azərbaycanı təmsil etmək şansları xeyli yüksəkdi. Amma bu iddialı komandalar belə “Qarabağ”ın yol yorğunu olan, Avropa Liqasının qrup mərhələsində işləri yaxşı getmədiyinə görə psixoloji gərginlikdən əziyyət çəkən heyətinin qarşısında acizdilər və 6 dəfə qapılarında qol görürlər.
Bir ara ictimai-siyası mediada çalışan, futbolun incəliklərindən xəbərsiz olan yazarların da fikirlərində belə iddialara rast gəlirdik. Deyirdilər ki, “Qarabağ” 5-6 milyon avroluq hücumçular almalıdı. Bununla da avrokuboklarda daha uğurlu çıxış etmək, qrupda ilk iki yerdən birini tutmaq mümkün olacaqmış. Amma onlar unudurdular ki, təkcə avrokuboklarda uğurlu çıxış etmək üçün heyət qurmaq olmaz. Həmin o milyonluq hücumçu Azərbaycandakı rəqabətsiz çempionatı görüb üzünü çevirəcək, bura gəlməyə razı olmayacaq. Təsəvvür edək ki, lap gəldi. Kim təminat verir ki, qarşımıza yeni zelinkalar çıxmayacaq? 2014-cü ildə “Qarabağ” “İnter”in qapısına “təmiz” qol vurmuşdu. Çexiyalı hakim, həmişə adını lənətlə xatırladığımız Miroslav Zelinka Almeydanın qolunu saymadı və “Qarabağ” qrupda qaldı. Deməli, transferə çəkilən milyonlarla xərc də, əziyyət də hansısa axmaq hakimin bir haqsız qərarı ilə puç ola bilər. UEFA-nın “Qarabağ”a qısqanc münasibətini, avropalıların klubun adından qorxmasını illərdi görə-görə gəlirik.
Qayıdaq mövzumuza. Yəni “Qarabağ”ın “Keşlə” ilə “Neftçi”nin qapısında vurduğu qolların sayına. “Köhlən atlar”ın məhsuldarlığını gözə gətirmək fikrində deyiləm. Amma ortada danılması mümkün olmayan bir reallıq var. Həmin reallıq da ondan ibarətdi ki, Azərbaycan futbolunun, ölkə çempionatının səviyyəsi Avropanın ortabablarından belə xeyli geri qalır. Vaqon-vaqon legionerlər, əcnəbi məşqçilər, “milliləşdirilən” futbolçular gəlir-gedir, özləri ilə Azərbaycanın milyonlarını aparır. Futbolumuz isə ildən-ilə nəinki yerində sayır, hətta geriləyir. Bütün bunların fonunda “Qarabağ”ın avrokubokların qrup mərhələsinin daimi iştirakçısına çevrilməsi, adlı-sanlı komandalarla bir sırada dayanması əsl möcüzə və qəhrəmanlıqdı. Çox da uzaq keçmişə boylanmağa ehtiyac yoxdu. Elə bu yay “Sumqayıt”, “Keşlə” və “Neftçi”nin avrokuboklardakı aqibətini xatırlayın. “Sumqayıt”la “Keşlə” doğma meydanda zəif rəqiblərinə boyun əydilər. Özü də məzmunsuz, mənasız oyunla. “Neftçi” isə pis oynamasına rəğmən, ilk mərhələni keçdi. Bəli, cəmi bir mərhələni!
Acı reallıqla barışmaq lazımdı, cənablar. Həmin reallıq da gözümüzün önündədi. “Qarabağ”ın “Keşlə” ilə “Neftçi”yə vurduğu qollar bizə papağımızı qarşımıza qoymaq və yaxşı-yaxşı düşünmək üçün xeyli mövzu verdi. Vaxtınız və həvəsiniz olanda siz də düşünün. Onda görəcəksiz ki, “Qarabağ”a qarşı xeyli haqsızlıq etmişik. Heç olmasa, bundan sonra etməyək. Gün o gün olsun ki, “Neftçi”, “Keşlə”, “Sumqayıt” və başqaları “Qarabağ”a əsl rəqabət təklif edə bilsinlər. Onlar da avrokuboklarda qrupların qapısını döysünlər. Belədə bu rəqabət “Qarabağ”ın daha da irəli getməsinə səbəb olacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR