Sizin reklam burada

“Çempionluğa oynayan komanda “Sumqayıt”la görüşə 5 müdafiəçi ilə çıxmamalıdı”

Title

Səməd Qurbanov Füzuli Məmmədovu qınadı
Bazar günü keçirilən Azərbaycan derbisini - çempionluğa iddialı iki komandanın oyununu gözləyənlərin sayı yetərincə çox idi. Ancaq çox təəəsüflə qeyd edək ki, “Bakcell Arena”da keçirilən görüşdə azarkeşlər tək aktyorun ifasında tamaşa izlədi. “Qarabağ” meydanda kimin kim olduğunu, çempion olmaq istəyən komandanın necə futbol oynamalı olduğunu “Neftçi”yə göstərdi. Füzuli Məmmədovun yetirmələrinin 90 dəqiqə boyunca təsəlli qoluna belə gücləri çatmadı.
Oyun başa çatandan sonra “Neftçi” fanatlarının sosial şəbəkələrdə paylaşdıqları statuslardan görmək olar ki, “ağ-qaralar”ın ən sadiq fanatları belə qızıl yolunda ən əsas rəqib qarşısında rəzil günə düşməyi həzm edə bilmirlər. Komandanı bu günə salan funksionerlərin və ən əsası da baş məşqçinin ünvanına kəskin tənqidlər yağdırırlar. Bütün bunlara baxmayaraq, nə klub rəhbərliyndə təmsil olunanlar, nə də baş məşqçi sinəsini qabağa verib yaşananlara görə azarkeşlərdən üzr istəmir, komandanın bu vəziyyətə düşməsinin səbəblərini ictimaiyyətə açıqlamır.
“Neftçi” düşərgəsində susqunluğu nəzərə alıb, klubun Müşahidə Şurasının üzvü, “ağ-qaralar”ın veteran futbolçusu Səməd Qurbanovu aradıq. Veteran futbolçu da komandadan narazı qaldığını deməkdən çəkinmədi: “Bazar günü “Qarabağ”ın timsalında çempionluğa oynayan əsl komanda izlədik. Ağdam təmsilçisi meydana böyük istəklə çıxmışdı ki, bunun da nəticəsini 90 dəqiqənin tamamında gördük. “Neftçi”nin oyunçularında isə qeyd etdiklərimin heç birini görmədik. Futbolçular sanki komandaya laqeyd yanaşırlar, meydana vaxt keçirmək üçün çıxmışdılar. Bunlar hələ də başa düşmürlər ki, hansı komandanın formasını geyirlər, “Neftçi” Azərbaycan futbolu üçün nə deməkdi. Belə biabırçılıq olmaz. Çempionluğa oynayan komanda “Sumqayıt”la görüşə 5 müdafiəçi ilə çıxmamalıdı. Belə davam edə bilməz, qısa vaxtda nəsə etmək, komandanı “qara zolaqdan çıxarmaq” lazımdı. Vaxtında bu iş görülməsə, nəticələr daha da ağır ola bilər. Klub prezidenti Kamran Quliyev, Müşahidə Şurasının sədri Çingiz Abdullayevlə danışacam. Yaxın günlərdə toplantı keçirib, uğursuzluğa görə cavabdeh şəxslərin hesabatını dinləmək lazımdı. Bəlkə düşərgədə elə şeylər baş verir ki, biz bilmirik? Mənə ən çox yer edən bu gün komandada olan futbolçuların nəticələrə etinasız yanaşmasıdı. Bəzi futbolçular özlərini elə aparır ki, guya heç nə baş verməyib, hər şey qaydasındadı, komanda böyük xal fərqi ilə turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Hərdən o qədər əsəbləşirəm ki, istəyirəm bu yaşda özüm meydana girib onların əvəzinə futbol oynayım. Yenə deyirəm, belə davam edə bilməz, nəsə dəyişiklik olmalıdı”.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.